O, XX əsr Azərbaycan mühacirət ədəbiyyatının ən fərqli və özünəməxsus nümayəndəsi hesab olunur.

Bakıda və Parisdə yazıb-yaratmış azərbaycanlı yazıçı Banin (Əsədullayeva Ümmülbanu) 1905-ci ildə dünyana gəlmişdir. Babaları dövrün məşhur milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyev olmuşdur.  Hələ uşaq yaşlarından Banin yüksək səviyyədə təhsil almış, bir neçə Avropa dillərinə yiyələnmişdir.

Anasının şərəfinə Ümmülbanu adlandırılan Banin itirməyi elə doğulduğu gündə öyrənmişdi. Onun anası doğuş zamanı vəfat edir. Bununla bağlı o, xatirələrində yazırdı:  "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Beləliklə, övladını görə bilməyən ananın şərəfinə körpəyə Ümmülbanu adını qoyurlar.

Onun həyatı hər bir məqamında keşməkeşli, təlatüm dolu olmuşdur.

1920-ci il Baninin və onun ailəsinin həyatını kökündən dəyişəcək bir il oldu. Həmin il Qızıl Ordu Azərbaycan ərazisinə daxil oldu və hakimiyyət bolşeviklərin əlinə keçdi. Baninin atası – siyasi xadim Mirzə Əsədullayev həbs edilir, ailəsi isə Azərbaycanı tərk edib əvvəlcə Türkiyəyə, 1924-cü ildə isə Fransaya mühacirət etmək məcburiyyətində qalır.

Beləliklə, Baninin gələcək həyatı və yaradıcılıq istiqaməti doğma vətənindən uzaq düşməyə məhkum olur. O, sonralar öz söhbətlərində qeyd edirdi ki, həmin vaxtadək Banin və onun özündən böyük üç bacısı milyonçu idilər və yüksək zadəgan həyatı yaşayırdılar. Lakin bolşeviklərin hücumundan bir neçə gün sonra onlar sahib olduğu bütün varidatı itirərək vətəndən belə didərgin düşməyə məhkum oldular. Fransa həyatı çətin günlər gətirməklə yanaşı gələcəkdə Baninin dünyagörüşünün dəyişməsində xeyli rol oynayacaqdı.

Atasını həbsdən xilas etməyə çalışan 15 yaşlı Baninin yalnız bir yolu var idi. Özündən dəfələrlə böyük olan, sevmədiyi şəxsə ərə getmək. O, bu addımı ataraq atasını həbsdən azad etdirib Parisə göndərir, özü isə Türkiyəyə köçür.

Lakin 19 yaşı olanda o, Türkiyədə ərindən ayrılıb Parisə - ailəsinin yanına yollanır. Maraqlıdır ki,  burada da onun həyatının qalmaqalı əksik olmur.  Ögey anası ilə olan gərgin münasibətlər, kasıblıq və dözülməz həyat şəraiti onu evdən qaçıb müstəqil yaşamağa sövq edir. Beləliklə, gənc və yaraşıxlı qadın olan Banin iş axtarışlarına başlayır. Bir müddət model kimi, daha sonra isə mağazalardan birində satıcı kimi çalışır. Bundan əlavə, dəftərxanada katibə, tərcüməçi kimi də fəaliyyət göstərir. Eyni zamanda, təhsilini də inkişaf etdirməkdə davam edən Banin bir müddət sonra fransalı dostlarının məsləhətilə ilk dəfə öz xatirələrini qələmə almağa başlayır.  Beləliklə, o, yavaş-yavaş Fransanın ədəbi-mədəni həyatına yaxınlaşır. Fransız oxucusuna daha asan səslənən Banin təxəllüsünü də elə o zamanlarda, yazıçı Jean Paulhanın məsləhətilə götürür.    

Fransanın mədəni aləmi, demokratik dəyərlər, çoxlu yerli və xarici mütəfəkkirlərlə tanış olmaq şansı qazanır.  Bunin, Şlyapin, Tolstoy kimi dünya şöhrətli yazıçılarla möhkəm əlaqələr qurur.

Banin özünün ilk əsəri olan “Nami” romanını 1942-cü ildə çap etdirsə də əsər bir o qədər sevilmir.

Ən məşhur əsəri olan “Qafqaz günləri”ni isə 1946-cı ilə qələmə alır. Əsər avtobioqrafik səciyyə daşıyaraq Banin və onun məsum uşaqlıq illəri,  tanınmış neft   maqnatları olan ailəsi haqda ətraflı məlumat verir.

“Qafqaz günləri” əsəri Baninə inanılmaz şöhrət və uğur qazandırır, onun adını fransız oxucusuna tanıtdıra bilir. Görkəmli şəxsiyyətlər Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yünger və başqaları Baninə rəğbət və təriflərini çatdırırlar. Bundan sonra onun Ernst Yüngerlə tanışlığı və illərlə davam edən dostluğu başlayır.

1946-ci ildə Banin görkəmli rus yazıçısı İvan Buninlə tanış olur. Bu tanışlıq daha sonralar 75 yaşlı  Buninin Baninə olan heyranlıq və dərin məhəbbətinə yol açır.  Ömrünün ahıl çağlarında yenidən ilhamlanan Bunin “qara qızılgülüm” adlandırdığı Baninə şeirlər həsr edir, tez-tez özünün imzalı kitablarını göndərərdi. Bu kitabların arasında isə mütləq “Qaranlıq gecələrimin günəşi” müraciətilə başlayan məhəbbət məktubları olardı. Baninin şux gözəlliyi və əzəmətli duruşuna görə Bunin onu “Şamaxı şahzadəsi” adlandırırdı.

Onların bütün görüşlərində ədəbi mübahisələr şəxsi mübahisələrlə əvəzlənər, çox vaxt Bunin inciyib onu tərk edər, bir neçə gün sonra isə yenidən məhəbbət məktubları yollayardı.

Banin 1960-ci ildə yazdığı “İvan Buninin sonuncu mübarizəsi” əsərini də qocaman yazıçıya həsr etmişdir.

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. O, Buninin və Dostoyevski yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı.

“Qafqaz günləri” əsərinin ardınca  Banin “Paris günləri” əsərini çap etdirir.  ardıcıl olaraq  "Ernst Yüngerlə görüş”, "Mən opiumu seçdim",  "Xarici Fransa" , "Sonuncu ümidin zovu" və s. əsərlərini yazır. Sonuncu əsəri olan  "Məryəmin mənə danışdığı"  romanı isə 1991-ci ildə qələmə alır.

Baninin yaradıcılığını iki böyük hissəyə ayırmaq olar: Azərbaycan mövzusunun, uşaqlıq xatirələri və retrospeksiyaların yer aldığı əsərlər və fransızsayağı Avropa həyatınının izləri. Baxmayaraq ki, bizə məlum olduğu qədər, Baninin yaradıcılığı əsasən, avtobioqrafik səciyyə daşıyır, lakin müəllif özünü hər zaman iki əzəmətli mədəniyyətin vəhdəti kimi görürdü – Şərq və Azərbaycan əsilli çağdaş Avropa insanı! Onun öz şərqli dünyasını, ənənələrini açaraq təqdim etməsi Banini  Şərq oxucusuyla yanaşı qərbin geniş oxucusuna da yaxınlaşdırırdı. Digər tərəfdən, bu üsul insanın özünə, öz qeyri-adi üstünlüklərinə, aid olduğu mədəniyyətin yüksək cəhətlərinə diqqət yetirməyə imkan yaradırdı.

XX əsr azərbaycan ədəbiyyatında, xüsusən də “qadın ədəbiyyatında” ictimai-psixoloji vəziyyəti Banin qədər dəqiqliklə çatdıra bilən qadın yazıçı, bəlkə də tapılmaz.

Banin öz həmvətənlərilə görüşməyə çox da meyl etməzmiş. Azərbaycanın lazımi qədər mübarizə aparmadan təslim olması onu həmişə məyus edirdi. O, ömrünün əsas hissəsini vətəndən kənarda yaşasa da,  yaradıcılığında Qafqaz, Azərbaycan, Vətən məsələsini daima  diqqətdə saxlamış, öz azərbaycanlı kökü ilə hər zaman qürrələnmişdir.  

Banini Azərbaycan oxucusuna ilk dəfə diplomat Ramiz Abutalıbov tanıtmışdır. Fransada tədbirlərdən birində o, azərbaycanlı bir rəssamla Banini tanış edəndə rəssam ona iki banka qara kürü hədiyyə edir. Hədiyyəni qəbul edən Baninin “Elə bu?” sualına heyrət edən rəssam “Bəs nə, madam?” soruşanda Banin deyir: “Bakını tərk edərkən biz orada dəfələrlə artıq varidat qoymuşduq”

1992-ci il oktyabrın 29-da Fransanın “Fiqaro” qəzeti  kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib…”. 

Baniınin kitablarını "Əli və Nino" kitab mağazalarında, eləcə də www.alinino.az online mağazadan əldə etmək olar.