6 iyun tarixində BMT-nin altı rəsmi dilindən biri olan və elə həmin təşkilat tərəfindən təsis olunmuş Beynəlxalq rus dili günü qeyd edilmişdi. Hər il dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə (bu il onun artıq 220-ci ad günü qeyd edilmişdi) qeyd olunan bu bayramın məqsədi mədəniyyətlər arası dialoqu və əlaqəni daha da gücləndirməkdən ibarətdir.

Rus dilini sevmək də olar, sevməmək də (ümidvaram bu yazım sayəsində belələrinin sayı bir az da olsa azalar), amma tək onu bilirəm ki, ona biganə qalmaq olmaz. Uzaq 10 fevral 1828-ci ildən (bəlkə də, 12 oktyabr 1813-dən, bəlkə də 14 may 1805-dən, bəlkə də 24 iyul 1783-dən, bəlkə də 18 iyul 1722-dən...) başlayan yol 1991-ci ildə bizim Rusiyanın siyasi və iqtisadi təsirindən qismən azad olmamızla nəticələnsə də, mədəni təsiri müstəqilliyimizin 28-ci ildönümündə də hiss olunmaqdadır.

Son hadisələr fonunda (mənim də özümü aid etdiyim) əksəriyyət tərəfindən rus dili daha çox propaqanda dili kimi qəbul olunsa da, onun ədəbi zənginliyi, ümumbəşəri idealları daşıyan rolu danılmazdır. Mən şəxsən rus dilini çox sevirəm, bu dildə son 200 ildə yaradılmış dünyada bəlkə də ən zəngin ədəbiyyatı orijinalda oxumaqdan böyük həzz alıram. Ona görə də sizinlə mənim çox sevdiyim və əminəm ki, sizlərə də rus dilini sevdirəcək 10 müəllif haqqında qısa yazımla bölüşmək qərarına gəldim.

 

 

  1. Aleksandr Puşkin

Rusların bir sözü var – “Puşkin bizim hər şeyimizdir!” Bu siyahımı fərq etməz əlifba sırasında, xronoloji ardıcıllıqla, əhəmiyyətinə görə sıralasaydım birinci sırada hər zaman bu ad olardı – Aleksandr Puşkin. Təsadüfi deyil ki, Rus dili günü də məhz onun doğum tarixi ilə üst-üstə düşür. XX əsrin 60-cı illərinin gənclərinə xas “Live fast, die young” şüarını XIX əsrdə gerçəkləşdirmiş Puşkin özünün qısa ömrü (37 yaşında həlak olub) ərzində ən müxtəlif janrlarda və ən müxtəlif təbəqələr üçün onlarla, yüzlərlə əsər yaratmışdır.

Kimsə onu uşaqlığımızdan “Qızıl balıq” nağılından xatırlayır, kimsə “Rus həyatının ensiklopediyası” adı almış “Yevgeni Onegin” romanından, kimsə qısa, amma çox kəskin epiqramalarını sitat gətirəcək, şəxsən mənim seçimim onun “Kapitan qızı” romanıdır. Rusiya tarixi üçün çox mühüm dövr olan XVIII əsrin sonu – Fransadan gələcək inqilabi küləklər astanasında duran təhkimli ölkədə baş verən hadisələrdən, Yemelyan Puqaçov üsyanından bəhs edən əsər Puşkinlə daha az asossisasiya olunan nəsrdir. Gənclikdəki mənim kimi poeziyaya bir az soyuq yanaşan şəxslərə Puşkinlə tanışlığı bu tarixi əsərdən başlamağı tövsiyə edirəm.

 

 

 

 

 

 

 

 

 

 

  1. Lev Tolstoy

Mənim bu onluğuma düşmüş müəlliflərdən Vladimir Nabokovun tələbəsi Alfred Appel xatırlayır ki, universitetdə ədəbiyyat dərsi deyən Nabokov bir gün mühazirəsini dayandıraraq, divardakı düymələri sıxaraq tavandakı üç lampanın işığını söndürür. Sonra da 200-ə yaxın çaşqın qalmış tələbənin sıraları arasından keçərək, zaldakı üç ya dörd iri pəncərənin pərdələrini bağlayır. Auditoriya qaranlığa qərq olur. Nabokov yenidən işıq düymələrinə qayıdır. “Rus ədəbiyyatı səmasında bu – Puşkindir!” – tavandakı lampaların biri parlayır. “Bu – Qoqoldur” – ikinci lampanı yanıdırır. “Bu – Çexovdur!” üçüncü lampanı yandırır. Sonra Nabokov bir daha pəncərələrə yaxınlaşaraq pərdələri bağlı saxlayan ipin düyününü boşaldır. Qəfil açılmış pəncərədən içəriyə parlaq günəş şüaları dolur. “Bu isə – Tolstoydur!” deyə Nabokov şərh edir.

Əksər tənqidçilər və oxucular tərəfindən Lev Tolstoy birinci növbədə öz yaradıcılığı ilə roman janrının qızıl standartını müəyyən etmiş müəllif kimi tanınsa da onun kiçik və ibrətamiz hekayələri bəlkə də insanlıq üçün çox daha faydalıdır. Başa düşürəm ki, sürətli internet əsrində onun 4 cildli “Hərb və sülh” romanını oxumağa bir çoxlarınızın səbri çatmayacaq. Amma bir təsəvvür edin, Tolstoyun 1928-1964-cü illərdə dərc edilmiş “Əsərlərin tam külliyyatı” 90 cilddən (!) ibarətdir. Mütləq öz təbiətinizə uyğun bir şeylər aşkar edəcəksiniz, “Anna Karenina”dan “Qafqaz əsiri”nədək, “Sergi ata”dan “Sevastopol hekayələri”nəcən – bu xəzinə oxumaqla bitməz.

Yuxarıda qeyd etdiyim Puşkindən fərqli olaraq uzun ömür (82 il) yaşamış Tolstoyun vəfatı da çox faciəvi və simvolikdir. Ömrü boyu axtarışda olan Tolstoy [bəzi mənbələrə görə] 60 yaşında Espernato öyrənir, 67 yaşında velosiped sürməyə başlayır. Portlərindən zəhmli Əhdi-Ətiq peyğəmbərləri kimi bizlərə baxan Lev Tolstoy peyğəmbərlər kimi bizim qüsurlarımızı aşkar etməyə və bir az da olsa düz yol göstərmək üçün gəlmişdir dünyamıza.

 

 

  1. Anton Çexov

Bir öncəki bölmədə adı çəkilən “üçüncü lampa” – Antov Pavloviç Çexov. Rusiya İmperiyasının kiçik əyalət Taqanroqunda doğulmuş və Almaniya İmperiyasının kiçik əyalət Badenvaylerində cəmi 44 yaşında vərəmdən vəfat etmiş Çexov bu gün rus dramaturgiyasının vizit kartıdır. Onun “Üç bacı”, “Albalı bağı”, “Qağayı”, “Vanya dayı” kimi pyesləri bu gün də aktuallığını saxlayaraq səhnələşdirilir. Amma dram əsərində mütləq müəllif və oxucu arasında daha bir şəxs də olmalıdır – rejissor. Bu səbəbdən də Çexovla tanışlığı pyeslərdən deyil, qısa hekayələrindən başlamağı tövsiyə edirəm. İroniya və yumor ilə dolu hekayələrin kimisə biganə qoymasını təsəvvür edə bilmirəm. “6 nömrəli palata”, “Futlyardakı adam”, “Qara rahib”, “Alim qonşuya məktub”, “Qalın və nazik”, “İt gəzdirən qadın”, “Buqələmun”, “Məmurun ölümü”, cəmi 297 sözdən ibarət “Şikayət kitabı” hekayəsi (bəli, bəli, “Qısalıq istedadın bacısıdır” aforizminin də müəllif məhz Çexovdur) – bunlardan hansını oxumağa başlasanız, əmin olun ki, Çexovun əlinizin altında olan bütün əsərlərini oxuyub bitirənəcən başqa bir şey belə əlinizə ala bilməyəcəksiniz. Şəxsi təcrübəmdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Boris Pasternak

Boris Pasternak haqqında çox danışa bilərəm. Amma qorxuram ki, çox qərəzli görünə bilərəm.

Siyasi təqiblər səbəbindən Ədəbiyyat sahəsində Nobel mükafatında imtina etməli olmuş “Doktor Jivaqo” romanının müəllifi ən sevdiyim yazıçıdır. 1955-ci ildə tamamlanmış roman müəllifin vətənində yalnız 1988-ci ildə dərc edilmişdi. Bu səbəbdən də əksəriyyət onu oxumadan müzakirə etməyə (bəziləri isə mühakimə etməyə) çalışır. Çox məhsuldar tərcüməçi kimi fəaliyyət göstərmiş Pasternak rus ədəbiyyatında misli görünməmiş gözəllikdə şeirlərin müəllifidir. Ən yaxşı müəllif öz əsərlərini başqalarına ən çox verən müəllifdir – Pasternak da ən dahi şeirlərinin “müəllifliyini” Yuri Jivaqoya bəxş etmişdir. “Doktor Jivaqo” romanının [İtaliyada] ilk dərcindən cəmi 8 il sonra çəkilmiş eyniadlı film 5 “Oskar” qazansa belə “Yuri Jivaqonun şeirləri” adlanan kitabın on yeddinci fəslini oxumadan onu tam duymaq olmaz.

Mənim üçün Pasternak həm də 70 illik ömrü ərzində qətiyyəti yalnız bərkiyən yüksək dəyərlərinə sadiq insan nümunəsidir – kimə xəyanət edirsən – et, öz vicdanından başqa. Buna görə də yaşa dolduqca onun şeirlərini təkrar-təkrar oxuyub yeni çalarlar, yeni mənalar kəşf etməyin sevincini yaşayıram. Çünki Pasternak ən böyük “həyat eşqi” tərənnümçüsüdür.

Bir dəfəsində Virciniya Vulf demişdir ki, “İldən-ilə “Hamleti” oxuduqca öz təəssüratlarımızı qələmə alsaq görərik ki, avtobioqrafiyamızı yazırıq, çünki ildən ilə həyat haqqında daha çox şey öyrənirik, Şekspir isə sadəcə bildiklərimizi şərh edir”. Təsadüfmü, Yuri Jivaqonun ilk şeiri də məhz “Hamlet” adlanır. Pasternak yaradıcılığı ilə tanışlığınızı elə bu şeirdən başlayıb sonda yenidən ona qayıtsanız görərsiniz ki, nə qədər çox dəyişmisiniz.

Son bir neçə ildə “Doktor Jivaqonun” azərbaycanca iki tərcüməsi dərc edilmişdi: Mehman Cavadoğlunun tərcüməsində (“Qanun” nəşriyyatı) və Əyyub Qiyasinin (“Teaspress” nəşriyyatı). Pasternaksevər kimi bu məni sevindirməyə bilməz, amma yenə də onun “Avqust” və ya “Milad ulduzu”nu mütləq rusca oxuyun.

 

 

  1. Mixail Bulqakov

Hər bir oxucunun həyatında elə bir an gəlib çatır ki, oxuduğu əsərləri özünə “yaraşdırmağa” başlayır. Geyim kimi geyinib güzgünün qarşısına keçib “Rəngi xoşuma gəlir, amma görünüşü deyil, qolu yaxşıdır, amma beli sıxır” deyib götür-qoy etməyə başlayır. Bu və ya digər romanı oxuyanda “Mən bunu yazsaydım, bu qəhrəmanı bir az belə təsvir edərdim, bu süjet xəttinə bir az daha rəng qatardım” deyə düşünmüsünüzmü heç? Belə düşüncələrlə neçə-neçə yuxusuz gecələr keçirirsən. Amma hamısının sonu var – sənin təsəvvüründə ideal bir romanı oxuyanacan, ilk sözlərindən son nöqtəsinəcən “Ah, kaş ki, bunu mən yazardım” deyə biləcəyin bir romanı oxuyanacan. Mənim həyatımda da belə kitablar var. Bu hissləri yaşatmış ən birinci əsər Mixail Bulqakovun “Master və Marqarita” romanı olmuşdur.

Adları yuxarıda çəkilmiş dörd müəlliflərdən ömrünüzdə bir cümlə belə oxumasanız belə, əminəm ki, Bulqakovun yaradıcılığı ilə dolayı yolla da olsa tanışsınız – 1973-cü ildə rejissor Leonid Qaydayın “İvan Vasilyeviç peşəsini dəyişir” (“Иван Васильевич меняет профессию”) filmi Bulqakovun 1936-cı ildə yazdığı “İvan Vasilyeviç” pyesi əsasında çəkilmişdi.

Hal-hazırda sovet quruluşunu tənqid edən əsərlərin müəllifi kimi qəbul etdiyimiz Bulqakov 1930-lardan sağ-salamat çıxa bilmişdir – miqyas başqadır.

“Bəyaz qvardiya”, “Master və Marqarita”, “Qaçış”, “Gənc həkimin qeydləri” – bunlardan istənilən birinin müəllifi olmaq onsuz da zəngin rus ədəbiyyatında yer almaq üçün kifayət edər. Amma müəllifin dilini və üslubunu duymaq üçün hansı əsərdən başlamağı tövsiyə etdiyimi soruşsanız cavabım – “İt ürəyi”. 1925-ci ildə sovet cəmiyyətinə, siyasətinə və dövlətinə qarşı yönəlmiş belə kəskin satira yazmaq üçün müəllif özü mütləq şir ürəyi yeməli idi.

Ardı var...

* şəkillər Vikianbardan götürülüb.

 

 

Müəllif: Rüfət Abdulla

 

Qeyd: Müəlliflərin bütün kitablarını "Əli və Nino" kitab mağazaları və www.alinino.az saytından əldə edə bilərsiniz.