Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Yeniyetmələrin oxumalı olduğu 10 kitab

Yeniyetməlik və ilk gənclik dönəmi sadəcə hisslərin dəyişkənliyi baxımından keçid dövrü hesab olunmur. Bu dövrdə oxunan kitablar vasitəsilə onlar öz daxili suallarına cavab tapmağa çalışırlar. Həmçinin, dost qazanmağın, ətrafa sevgi ilə yanaşmağın, münasibətlərdə yeni bilgilər əldə etməyin, insani duyğuları qavramaq və mənimsəməyin üsullarını mənimsəyirlər. Bu dönəm eyni zamanda dünya klassikası ilə tanış olmaq baxımından ideal zamandır.

Yeniyetmə dövründə oxunacaq kitablar siyahısında əsas üstünlük dostluq, sevgi, mərhəmət, uğur və bacarıq, sədaqət, zəhmətşkeşlik kimi müsbət hisslərin əks olunduğu əsərlər yer almalıdır.

Biz sizə yeniyetmə və ilk gənclik zamanı oxumalı olduğumuz 10 maraqlı kitabı təqdim edirik.

 

1. Ceyn Eyr - Şarlotta Bronte

Avropa ədəbiyyatında və dünya kinosunda ən məşhur romantik əhvalatlardan biri.  
Kitab həqiqi hisslər və ideallara sədaqət, aldanmış ümidlər və nəciblik haqqında, dramatizmlə dolu təsirli bir əhvalatdan bəhs edir. Nə zamana, nə şəraitə, nə də taleyin zərbələrinə sığan sevgi haqqındadır. Həyat üzünə gülmürsə, dayanıb onu gözləməkmi lazımdır? Bu təsirli əhvalat xoşbəxt sonluqla bitəcəkmi? Nə baş versə də, sevgiyə və şəfqətə, insanlığa və ədalətə, insan ləyaqətinə və ruhun gücünə olan inamı əsərin qəhrəmanına bütün sınaqlardan alnıaçıq çıxmağa kömək edir.

 

 

 

 

2. Momo - Michael Ende

 Momonun hekayəsi, yeri bəlli olmayan xəyallar ölkəsində və bilinməyən indiki zamanda baş tutmaqdadır. Lakin hekayədə şahzadələrdən, tilsimlərdən, pərilərdən deyil, tamamilə müasir həyatımızın hadisələrindən bəhs edilir. Momonun köməyi ilə insan münasibətlərinin necə cılızlaşdığının, insanların sevgi, dostluq və qardaşlıq dəyərlərinin necə zəiflədiyinin şahidi olacaqsınız. Yazıçı sürü psixologiyası halında yaşayan, həyatına, zamanına, gələcəyinə kobud şəkildə müdaxilə olunan insanın faciəsini nağıl edir. Bu bir nağıldırmı? Əgər bu romantiklərin yanaşması ilə qəbul olunarsa, bəli. Çünki əsərdə reallıq ilə təxəyyül poetik formada təqdim olunmaqdadır. Əsər, həmçinin insanın hazırda yaşadığı və gələcəkdə yaşaya biləcəyi çətinlikləri də diqqət mərkəzinə çəkir. Belə olan halda biz bu əsəri roman kimi qəbul edə bilərikmi? Yaxşısı budur, biz onu nağıl-roman adlandıraq.

 

 

 

3. Kitab oğrusu - Markus Zusak

 Müharibə mövzusu nə qədər ağır olsa da, dünya ədəbiy­ya­tında ən çox işlənmiş mövzulardan biridir. İnsan həyatının dəyəri bir güllənin qiymətinə düşəndən sonra bütün digər dəyərlərin məhv olması labüddür, çünki bütün dəyərlərin başında ilk öncə İNSAN dayanır.

Markus Zusak «Kitab oğrusu»nu ölümün dilindən səslən­dirir. Hamının qəbul etdiyi yeganə gerçəklik – ölüm insanlara mənəvi dəyərləri aşılamağa çalışır.

«Mən onları qucağıma alıb daşıdığım zaman göylər qırmızı rəngə boyanmışdı»… Bütün əsər boyu biz ölümün rənglər vasitəsilə fikrini izah etməyə çalışdığının şahidi oluruq. Cansıxıcı mənzərələr müharibə ovqatını əsərin sonuna qədər bizim içimizdə saxlayır.

Bütün bu dağıdıcı qüvvənin qarşısında cılız bir alman qızcığazı – Lizel dayanıb. O, kitab oğrusudur. İnsan maskası taxmış vəhşilər insan həyatını oğurlayan zaman bu qızcığaz onların evindən kitab oğurlayır. Müəllifin nə söyləmək istədiyini anlamaq o qədər də çətin deyil. Qlobal cinayətin qarşısını almaq üçün «söz»ə ehtiyac var. Söz olan yerdə əməl də olacaqdır. Bəlkə də, çox gec olacaq, ancaq mütləq olacaqdır.

Qaranlıq əzab tunelinin sonunda hər zaman bir işıq var. Müəllif bu işığa çatmaq üçün cəhalət tonqalından oğurlanmış kitabı uşağın qucağına sıxır. Nəticədə Lizel, cılız bədənli kitab oğrusu əsərin ortasından qırmızı xətt kimi keçərək ölümün oğrusuna çevrilir.

 

 

 

4.Eyni ulduzun altında - Con Qrin

Xərçəng xəstəliyinə mübtəla olmuş on altı yaşlı Hazel Qreysin bir neçə il də yaşamağına təminat verən tibbi möcüzəyə baxmayaraq, xəstəliyi ölümcüldür. Həkimlərin ona qoyduğu diaqnozla birlikdə ulduzlar da Hazelin həyat nağılının sonuncu hissəsini çoxdan yazıb.

Di gəl ki, Aqust Vaters adlı yaraşıqlı bir xarakter “Xərçəng Xəstəsi Uşaqlar Üçün Dəstək Qrupuna” gəldiyi gündən Hazelin həyatı tamamilə başqa istiqamətə yönəlir və bu ağıllı oğlanın cazibəsi qızın həyatında yeni hekayənin başlamasına səbəb olur.
Con Qrin təvazökar bir üslubda və bütün səmimiyyətiylə qələmə aldığı romanda yaşamağın və sevməyin həyəcanlı, gülməli və faciəvi cəhətlərini bütün çılpaqlığıyla təsvir edir...
5. Aramızda beşcə addım - Reyçel Lippinkott
 

Baş qəhraman Stella Qrant 6 yaşından bəri ağ ciyər çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən həyatının çox hissəsini o, xəstəxana otağına məhkum keçirmişdir. 

Digər tərəfdən, Will Newman da Stella ilə eyni taleyi bölüşür. Lakin, Stellanın əksinə, Will xəstəxanadan bir an öncə çıxmaq, dünyanı gəzmək niyyətindədir. Bunun üçün həttə müalicədən imtina edərək 18 yaşının tamam olmasını və buradan tezliklə çıxıb getməyi gözləyir. 

Əhvalat Stella və Will qarşılaşması ilə başlayır. Stella bu asi oğlanı müalicəyə razı salmağa çalışır. Amma Willin bir şərti var: Stellanın şəkillərini çəkməsinə icazə verməsi. Hər ikisi üçün təhlükəli olan bu razılaşma zamanla bir eşqi alovlandırır. Lakin, onların arasında beş addımlıq məsafənin olması şərtdir. Çünki Stella ağ ciyər transplantasiyası üçün növbəyə yazılmışdır və bu növbəni itirməmək üçün infeksiya daşıyıcısı olan hər şeydən, hər kəsdən uzaq qalmalıdır.

Bəs eşq bu qanunlara məhəl qoyacaqmı?

Yoxsa, həyatlarını oğurlayan bu xəstəlik aralarındakı məsafəni də oğurlaya biləcək?

 

 

6. Persi Cekson və İldırım oğrusu - Rik Riordan

Rik Riordanın bu gün ən məşhur olan əsəri uşaqlar üçün nəzərdə tutulan Persi Cekson silsiləsindən olan romanlarıdı. 2005-ci ildə onun bu silsilədən olan ilk əsəri – «Persi Cekson və ildırım oğrusu» dərc olunur. Əsərin əsas qəhrəmanı günlərin birində qədim yunan tanrılarından biri olduğunu anlayan, disleksiyadan əziyyət çəkən on iki yaşlı oğlandır. Qəhrəmanın başına gələn fantastik hadisələrin hamısı yunan mifologiyasından məlum olan əsatirlərə uyğunlaşdırılıb. 
Persi Ceksonla bağlı ilk kitabı işıq üzü görən gündən yazıçının hər yeni çıxan əsəri «New York Times»ın best­sellerləri arasında ilk sıralarda yer alır.
7. Elcernon üçün çiçəklər - Daniel Keyes
 Müasir fantastikanın qızıl fonduna daxil olan romanda hər şeydən öncə son dərəcə maraqlı bir əhvalatla qarşılaşan oxucu əsərin qəhrəmanının yaşantılarıyla çox yaxından tanış olur.
Ağıldankəm Çarlinin cərrahiyyə əməliyyatı nəticəsində dahiyə çevrilməsi, ondan imtina edən valideynləri, bacısı ilə görüşü, yaşadığı eşq macərası əsərdə olduqca maraqlı və orijinal tərzdə təsvir olunub. Yazıçı adi, bir az da kəmağıl Çarlinin səmimi, kövrək duyğularını məşhur Çarlinin iti ağlı, yüksək intellekti, dəmir məntiqi və soyuq mühakimələriylə üz-üzə qoyur, cəmiyyətin kəmağıl və dahi insana fərqli münasibətinin psixoloji məqamlarını açır.
8. Zolaqlı pijamalı oğlan - John Boyne
 Hitlerin yəhudilərə qarşı amansız rəftarı sərhəd tanımır. Auşvits yəhudilərlə dolub. İki dostun ürək parçalayan hekayətidir bu roman. Dostların biri Auşvits rejiminə nəzarət edən komandanın oğlu, digəri isə həbsxanada qəddar işgəncələrə məruz qalan yəhudi ailəsinin üzvü... Onların öz dünyası var, öz oyunları, öz məşğuliyyətləri, heç zaman ağıllarına gəlməyən dəhşətli bir sonluğun astanasında əyləncə axtarışındadırlar. Uşaq məsumluğu onları qaz kamerasının ağzına qədər dartıb gətirir...
9. Şəkər portağalı - Jose Mauro de Vasconcelos
 Braziliya yazıçısı José Mauro de Vasconcelos-un ən məşhur əsəri “Şəkər Portağalı” avtobioqrafik povestdir. Müəllif böyüklərin ağrı-acısını, dərdini yaşayan, həm də anlayıb yaşayan balaca oğlanın dililə öz acı xatirələrini danışır. “Kasıb atanın oğlu olmaq ən böyük bədbəxtlikdir” –  deyən balaca Zeze yalnız öz aləmində, xəyal dünyasında xoşbəxtdir. “Şəkər Portağalı” – adi əsər deyil, həm uşaqlar, həm də valideynlər üçün gerçək həyat dərsidir.
10. Zəncirotu şərabı - Rey Bredberi
 1928-ci ilin yayı 12 yaşlı oğlan üçün şərab hazırlanma ili idi. Yaşıl almaların, biçilmiş otların, yeni idman ayaqqabılarının ili idi. Həmin il o işıldaquşları bankaya doldurub gecələr onların işığında gün ərzində gördüklərini yazırdı. Həmin il nənəsinin dadlı yeməklər bişirdiyi il idi. Eyni zamanda bu yay kədər dolu bir yay idi. 12 yaşlı Duqlas Spauldinqin həyatının bir yayına Ray Bradbury əbədi həyat verib.
“Zəncirotu şərabı” romanına Ray Bradbury-nin avtobioqrafik romanı da demək olar. O uşaqlığını keçirdiyi şəhəri bu romanda “Yaşıl şəhər” adlandırıb. Bu romandan qabaq Ray Bradbury “Zəncirotu şərabı” adlı hekayə yazmışdı. 1953-cü ilin iyun ayında işıq üzü görən hekayəni sonralar genişləndirib roman etdi. 
Другие публикации