Hörmətli oxucu! Güman edirəm ki, bundan əvvəl nəşr olunan «Son gecə» və «On ikiyə işləmiş» adlı detektiv janrında yazılmış romanlarımla tanışsınız. Bunu ona görə yada salıram ki, hazırda sizlərə təqdim etdiyim bu roman da eyni janrda olmaqla həmin seriyadandır və istefada olan polis mayoru Bəxtiyar Nəzərlinin cəlb olunduğu növbəti əməliyyatdan bəhs edir. Yalnız bir fərqlə: Bu əməliyyat onun bundan əvvəl keçirdiyi əməliyyatlara bənzəmir və «tam məxfiləşdirilmişdir». Bəri başdan deyim ki, əsərdəki hadisələr təxəyyül məhsuludur və real hadisələrlə heç bir əlaqəsi yoxdur. Əvvəlki romanlarımla tanış olmayan oxucular üçün bildirirəm ki, bu əsəri də həm əvvəlkilərin davamı, həm də ayrıca bir əsər kimi maraqla oxumaq olar.
Roman «Vətən Müharibəsi» dövründə polis əməkdaşlarının arxa cəbhədə, paytaxt Bakıya yerləşdirilmiş «görünməyən» düşmənlərlə mübarizəsindən bəhs edir. Bundan əvvəlki kitabı tamamlayarkən qarşıma məqsəd qoymuşdum ki, növbəti kitabımda mütləq bu mövzuya toxunum: Həm arxa cəbhənin əsgərləri olan polis əməkdaşlarının həmin ağır, keşməkeşli günlərdəki, heç də şəhərdə qurulmuş stasionar postlarla məhdudlaşmayan fəaliyyətini daha dolğun göstərmiş olum, həm də bu müharibəni nə vaxtsa yalnız arxiv materiallarından görəcək gələcək nəsillərə Azərbaycan insanının bu günlərdə necə bir Vətən sevgisi nümayiş etdirdiyini, hansı sevinci və kədəri yaşadığını mümkün qədər real hiss etdirə biləcək bir əsər ortaya qoyum.
Romandakı cinayətin açılması üsulları sizə qəribə gəlməsin. Üsullar müxtəlifdir. Hər bir cinayətə spesifikasına görə fərqli yanaşma tərzi var. Pafossuz deyirəm ki, əsərdə yersiz şişirtməyə yol verməmişəm. Bilin ki, cinayətlər elə belə də açılır. Cani mütləq kiçik də olsa bir iz buraxır həmişə. Bəlkə də bir tüklə, hətta iynənin ucu ilə müqayisə oluna biləcək bu kiçik səhvi peşəkar əməliyyatçılar gec-tez aşkar edir və cinayəti açırlar. Ancaq bunun üçün bəzən günlər, bəzən isə aylarla davam edən gərgin iş, yuxusuz gecələr tələb olunur.
Mən bəzi cinayətkarların «peşəkarlığını» heç vaxt danmamışam. Sadəcə belələrini ağıllı, lakin Allahın onlara verdiyi ağıl və bacarığı pis işlərə yönəldənlər adlandırıram. Rəqibi həmişə düzgün qiymətləndirmək lazımdır. Bəzən onların hazırlayıb həyata keçirdikləri cinayətlər elə başsındıran labirintlərdən keçir ki, onların açılması polis əməkdaşlarından ikiqat peşəkarlıq tələb edir.
Bu əsəri yazmağa məni sövq edən ikinci səbəbə də azca toxunum: Əsrlər boyu xalqımıza qarşı yönəlmiş erməni terroru, qətliamlar, soyqırımları bizim «Qan yaddaşımız»dır. Bu «Qan yaddaşı»nı yaşatmaq və gələcək nəsillərə ötürmək hamımızın borcudur. Düşünürəm ki, hər bir vətəndaşımız əlindən gələn qədər bu işə öz töhfəsini verməlidir. Qoy lap etdiyi bir zərrə qədər olsun. Damlalardan dənizlər yarandığı kimi, zərrələr də bir yerə toplananda böyük gücə çevrilər.
İlanın başını əzəndən sonra hələ uzun müddət quyruğu tərpənir. Düşmənimiz də zəhərli ilandır. Başını əzmişik, amma hələ də quyruğunu tərpədib suyu bulandırır. Ona görə də hamımız daim ayıq-sayıq, hər birimiz Vətənin bir əsgəri olmalıyıq: Rəssam yaratdığı tablolarda, həkim sağlamlığımızın, polis asayişimizin keşiyində, tələbə elmində, müəllim öz müqəddəs peşəsində… Bu siyahını çox uzatmaq olar. Əsas olan «Vətən» deyəndə hamının bir nöqtəyə vurmasıdır. Atalarımız nahaq yerə deməyiblər ki, - El gücü, sel gücü. Və biz bunun bariz nümunəsini yaxın keçmişdə bütün dünyaya nümayiş etdirdik.
Deyilən söz bəzən unudulur, yazılan isə qalır. Polis zabiti olaraq, qoy yazmış olduğum bu roman da «Qan yaddaşımız»ı gələcək nəsillər üçün yaşatmağa xidmət edən həmin zərrələrdən biri olsun. Xoş mütaliələr.
ISBN:
9789952574241
Жанр:
Detektiv
Издательство:
Təhsil Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Fəxrəddin Qasımoğlu
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 4
Gözlədiyimdən çox daha yaxşı bir detektiv romanı idi. Hadisələrin gedişatı və finalı məni tamamilə məmnun etdi.
Gözlənilməz sonluqla bitən əla bir detektiv romanı. Müəllif süjeti çox peşəkarcasına qurmuşdu və gərginlik sona qədər davam etdi. Əsl detektiv hekayə sevənlər üçün əla seçimdir.
Bu əsərin ilk iki hissəsini oxumayanlar üçün məlumat verim ki, 1-ci kitab Son gecə, 2-ci kitab isə On ikiyə işləmiş adlanır.
Dedektiv janrında oxuduğum ən yaxşı kitablardan biridir. Hər kəsə tövsiyə edirəm.
Похожие товары