Bir gənc ailəsindən ayrılaraq tələbəlik illəri keçən şəhərə qayıdır və qısa zaman sonra işləməyə başlayır. Hər dəfə işdən qayıdarkən, o, Buddanın öz sarayından ayrıldıqda rastlaşdığı hadisələr ilə qarşılaşır (1. Yolunu azmış ruhani (əsərdə əyyaş); 2. Xəstə qadın; 3. Ölməkdə olan qoca; 4. Çürüyən cəsəd (ölüm)). Bu hadisələrlə üzləşən gənc Buddanın həqiqətini (Bu həyatda əzab var) aşkar edir. Və çətin suallar qarşısında qalaraq mənəvi böhran keçirir. “Bu əzabdan necə qurtulmaq olar?” sualının cavabını axtarmağa başlayır və cavabı fəlsəfədə görür.
Baş verənlərlə eyni zamanda, o, bir filosofla tanış olur. Filosof ona fəlsəfənin əsaslarını, sistemli şəkildə “nəyisə öyrənməyə” necə başlamaq lazım olduğunu və bir çox müdriklər barədə danışır. Adı çəkilən şəxsiyyətlərdən biri isə Nitşe olur. Filosof gəncə Nitşenin və özünün “çəkic” fəlsəfəsindən bəhs edir…