Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Cavid Babayevin kitab tövsiyələri

Salam, şəxsi kitabxanama xoş gəlmişsiniz.
Burada yalnız oxuyub bəyəndiyim yox, eyni zamanda həm mənə, həm də qlobal səviyyədə bütün dünyamıza kəskin təsir göstərmiş, zamanının ötəsində dayandığına inandığım kitabların yazılı qısa məzmunu və bu kitablar haqqında şəxsi fikirlərimlə tanış olacaqsınız. Digər yazılarımı oxumaq üçün facebook səhifəmə keçid edə bilərsiniz. Suallar və təkliflər üçün şəxsən mənim və ya Ali & Nino kitab mağazalar şəbəkəsinin sosial medya hesablarına yazmağa çəkinməyin. 
Xoş mütaliələr.

Facebook: https://www.facebook.com/C.S.BABAYEV1999?mibextid=ZbWKwL

İnstagram: cavid.babayevv

54436458_1320269894778004_1529638716841132032_n.jpg

Lev Tolstoy: İvan İliçin ölümü
“Ölüm hanı? O nə cür olur? Heç bir qorxu yox idi, çünki ölümün özü yox idi.”
Sonda öləcəyini bildiyimiz bir adamın necə ölməsi bizi niyə maraqlandırsın? Bir haldaki baş qəhrəmanımızın taleyindən hələ kitabı açmamış xəbərdar oluruq, dolayısıyla kitabın sonluğundan da müəyyən mənada xəbərdarıq, niyə hələ də bu kitabı oxuyuruq?
Düşünürəm ki, bizi maraqlandıran həqiqətən də ölümün necəliyi, onun təbiətidir. Axı, niyə? Məgər həyatımızın müxtəlif mərhələlərində ölümlə qarşılaşmırıqmı? Dəfələrlə qarşılaşdığımız bir şeyin necəliyiylə bağlı bir kitabı niyə oxumaq istəyirik? Tolstoy təkcə İvan İliçin yox, həm də elə “ölüm”ün ölümünü təsvir etmişdi. Doğurdan da ölüm sanki insanın öz başına gələn yox, ardında buraxdığı hər şeyin başına gələn bir hadisə idi. Bəs əzablar? İvan İliç niyə əzab çəkirdi? Tolstoyun da yazdığı kimi “səbəbsiz, elə-belə”? Elə bir həyat yolu mövcuddurmu ki, insanı bütün ağrılardan xilas etsin, yoxsa, necə yaşamağından asılı olmayaraq ağrı insanın təbiəti etibarilə daim onunla yanaşı addımlayacaq bir şeydir?! Belədirsə, onun mənası nədir?
“İvan İliçin ölümünün” gözəlliyi onun sayəsində hər bir oxucunun ayrı-ayrılıqda bu suallara cavab verə bilməsi və ya verilən cavabları hər kəsin özünəməxsus bir şəkildə qəbullanmasında gizlidir.

 

200317458_10158476987338175_7263994794199736481_n.jpg

Ştefan Svayq: Möcüzəvi gecə
“Nə vaxtsa özünü tapmış adam, bir daha bu dünyada heç nə itirməyəcək...”
Yahudi əsilli varlı bir tekstil fabrikantının oğlu olaraq bu əsərin baş qəhrəmanının bir nöqtədə məhz Svayqın özü olduğunu söyləmək düzgün olarmı? Bu novellanı bu cür incəliklə yalnız xeyli zəngin bir ailədə doğulub həyatını intiharla başa vuran, bundan başqa bir yol görməyən və doğumuyla ölümü arasındakı yolu belə bir zənginlik içində olmasına rəğmən sürgünlərdə keçirən bir yazar – səmimi qəlbiylə tanıdığım Ştefan Svayq yarada bilərdi.
Ziqmund Freyd təliminin təsiri altında olan Svayqın hər əsərində olduğu kimi burada da qəhrəmanın dərin psixoloji analizi, insanın kəskin dəyişən çeşidli ruh halları, bu halları anlama cəhdi qarşılaşdığımız əsas ünsürlərdəndir. Zaman-zaman istər estetik quruluşunun gözəlliyindən, istər bu quruluş içərisinə hörülmüş intelektual labrintlərinin gərginliyindən dolayı təkrar-təkrar dönüb oxuyacağımız cümlələr bəzən bizə meydan oxuyur, beynimizin tətiyini sona qədər çəkməmizi tələb edir. Bu tətik çəkildikdəysə bəzi suallar güllə kimi başımıza çaxılır: Həyatın və insanın zənginliyi nədədir? Arzusuz bir ürək sinəmizi ağrıdırsa, həyatdan nə istəməliyik? İstəklərimiz ehtiyaclarımız önünə siyah bir pərdəmi çəkir? Ehtiyacımızı arzumuzdan necə ayıraq?

 

japon-klasikleri-7-insanligimi-yitirirken-osamu-dazai-eH04y.jpg

Osamu Dazai: İnsanlığımı itirərkən
“İndi nə xoşbəxtliyim, nə də bədbəxtliyim var. Hər şey keçib gedir...”
“İnsan” olaraq görülmək və ya görülməmək sarsılmaz bünövrəyə malik ünsürlər üzərində qurulan sosial müqavilədənmi ibarətdir? İnsan olub olmadığımızı biz yoxsa, başqalarının ortaq mülahizəsi qərarlaşdırır?
“İnsanlığımı itirərkən” bütün qurğusal personajlarına rəğmən Osamu Dazainin öz həyatını ilmə-ilmə işlədiyi bir avtobioqrafik roman olaraq bilinməkdədir. Morfin asılılığından psixiatrik xəstəxanalara, həbsxanadan 5 intihar cəhdinə qədər uzanan bəxtsiz həyat yolu bütün çılpaqlığıyla saf açıqürəkliliklə yazıçının “öz dilindən” gözlər önünə sərilir.
11 uşaqlı evin 10-cu uşağı olaraq zaman-zaman hətta 30-a yaxın adamla bir evdə yaşamalı olan Osamu Dazainin çəkdiyi yalnızlıq, əlbəttə, başqalarının yalnızlığından fərqlənəcəkdi ki, sonralar o, bu yalnızlığı və ardınca gətirdiyi digər bütün bəlalı tale yollarını məhz özünün son kitabında sanki həyata dair deyə biləcəyi son sözlər olaraq ifadə edəcəkdi. Son cümləsinin nöqtəsini intiharı ilə qoyacaqdı.
“İnsan nədir?” kimi dərin bir sualı incələyən yazıçı sonda öz insanlığını itirdiyini dilə gətirir.

 

portfolio_header.jpg

Kazuo İşiquro: Günün qalıqları
“Yeganə seçimimiz bizi xidmətinə götürən, dünyanın təkərini fırladan görkəmli centlmenlərə öz taleyimizi büsbütün etibar etməkdir.”
Namuslu bir işçi əlindən gələn hər şeyi artıqlamasıyla peşəsinə qurban verməyə hazır birisimi olmalıdır? Peşə ləyaqəti nədir? Ümumiyyətlə “ləyaqət” nədir?
Baş personaj mister Stivens hələ əsərin ilk səhifələrindən “ləyaqətin” nə demək olduğunu araşdırır və öz-özlüyündə bu sözü qavraya bilmək adına iki müxtəlif hekayəyə baş vurur. Sonrakı səhifələrdə bu hekayələrin sayı artır. Həyatını sözün əsl mənasında işinə qurban vermiş Stivens bu cür bir yol seçərək peşə ləyaqətini qoruyan bir işçimi, yoxsa yaşayarkən həyatını itirmiş bir insanmı olduğunu özünə sual verir.
Kazuo İşiquro bir çox əsərində olduğu kimi burada da şüur axını metoduna baş vurur və biz baş personajın ləpələnən hafizəsi qoynunda post-müharibə dövründə (1950-ci illər) İngiltərə səyahətinə çıxırıq.
Əsər daxilində əsas temalardan biri də insanın həqiqətən öz həyatının yiyəsi olub ola bilməyəcəyi mövzusudur.

 

50000465_1961761060568572_3892183789807337472_n.jpg

Kazuo İşiquro: Dəyişən dünyanın rəssamı
“Hər şeyə sadə baxan adi insanlarmışıq. Elə bir dövrdə sadə insan olmaq özü də bir talesizlik imiş.”
Artıq yaşlı insanların önəmsizləşdiyi, lazımsız bir artıqlıq olaraq görüldüyü bir dünyadamı yaşayırıq?
Əsərin baş qəhrəmanı qoca rəssam Masuji Ono bir yandan bu dəyişən dünyaya uyğunlaşa bilməyən, kənara atılmış, tənha biri olduğu hissinə qapılır, başqa bir yandan isə öz keçmiş həyatında atdığı yanlış addımların indi ailəsinə və onların gələcəyinə birbaşa təsir etdiyini və əslində heç nəyin unudulmadığını düşünür. Qızının evlilik yolundakı uğursuzluğunu özünün keçmiş səhvləriylə əlaqələndirən Masuji Ono illər öncə atdığı o yanlış addımları düzəltməyin yollarını axtarır. Ono gəncliyiylə üzləşib səhvlərini etiraf etməyə, keçmişdən xilas olmağa çalışdıqca, sanki müharibə sonrası(1948-50) sürətlə dəyişməyə davam edən dünya onun səsini daha da eşidilməz qılır. O, həm “uğurlarının”, həm də “yanlışlarının” indiki dövrdə sanki eyni dərəcədə önəmsizləşdiyi fikriylə üzbəüz qalır, yaşamının bu yeni dünyada bir dəyərə sahib olub olmadığını anlamağa çalışır.
“Whitbread” mükafatı almış əsər həmçinin qərb və şərq arasındakı təzadı, dəyişən dünyada qərbin şərqə inteqrasiyasını mövzu obyektinə çevirir.

 

 

 

 

 

 

Товары, упомянутые в статье
2.39 AZN 2.99 AZN
İvan İliçin Ölümü
шт
3.19 AZN 3.99 AZN
Fantastik gecə
шт
5.28 AZN 6.60 AZN
İnsanlığımı Yitirirken
шт
19.04 AZN 23.80 AZN
The Remains of the Day
шт
7.23 AZN 8.50 AZN
Dəyişən dünyanın rəssamı
шт