Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Kitab satıcısının bir günü - Rüfət Abdulla yazır...

Uşaqlığımın ən çox oxuduğum ikinci müəllifi yəqin ki, Artur Konan Doyl idi. Məşhur londonlu xəfiyyə Şerlok Holms və onun dostu doktor Con Vatsonun sərgüzəştləri 1980-lərin sonu – 1990-ların əvvəllərində bizə sərhədin o tayına baxmağa imkan verən kiçicik pəncərələrdən biri idi. İngilis tarixi və coğrafiyası, mədəniyyəti və mətbəxi, geyimləri və həyat tərzləri haqqında ilk təəssüratlarımıza və biliklərimizə görə bir çoxlarımız ingilis ədəbiyyatında heç də ən pik nöqtəyə sahib olmayan Konan Doyla borcluyuq. Onun kiçik hekayələrinə dönə-dönə qayıtmağımızın da səbəbi məhz ilk səhifələrdə törədilmiş cinayətin deduktiv metoddan istifadə edərək sonda aşkarlanan cinayətkarının adını-soyadını bilmək istəyi deyil, incəsənət tarixində “Gözəl dövr” (Belle Époque) adı almış o illərin ab-havasını duymaq istəyidir. “Qara Piter”, “Üç tələbə”, “Boskomb vadisinin sirri”, “Beş portağal tumu”, “Bohemiyada qalmaqal”, “Altı Napoleon”, “Boş ev” – bunlardan hər birini onlarla dəfə oxumuşam və hər dəfəsində sanki ilk dəfə oxumuş kimi ən birinci hərfdən ən son nöqtəyədək emosiyaların bütün çalarlarını yaşamışam.

Şerlok Holmsun sərgüzəştləri haqqında sevdiyim hekayələrdən biri də “Dodağı çapıqlı adam”-dır. Detektiv olduğu üçün bu hekayənin süjet xəttini, xüsusilə də sonluğunu bu yazıda açıqlamaq istəməzdim (oxumayanlar – sizə eyni zamanda həm acıyıram, həm də həsəd aparıram), amma orda bir hal var... Yox e, açıqlamasam olmur: hekayənin qəhrəmanı London dilənçilərinin “biznesi” haqqında məqalə yazmaq sifarişi alanda işini tamamlamaq üçün ən yaxşı çıxış yolunun bir gününü dilənçi qiyafəsində keçirməkdə görür. Mən də kitab həvəskarı olduğum üçün ideallaşdırdığım kitab ticarətini daha yaxşı başa düşmək üçün keçən həftəsonumu bu məşğuliyyətə qurban verdim. Peşman da deyiləm, amma addım-addım...

Şəhərimizin ilk kitab şəbəkəsi “Əli və Nino” ilə tanışlığım çoxdandır. Onların müştərisi də olmuşam, müsabiqələrində də iştirak etmişəm, bir zamanlar şəbəkə nəzdində fəaliyyət göstərən kitab klubuna da nələrsə yazmağa çalışmışam. Bu dəfəsində isə satıcı-məsləhətçi qismində onlara qoşuldum. Bu şəraiti yaratdığı üçün şəbəkənin təsisçisi Nigar Köçərliyə və təcrübəsizliyimə baxmayaraq mənimlə asan dil tapan və yardımlarını əsirgəməyən şəbəkənin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm.

Yəqin ki, əksər bibliofil üçün kitab mağazasında iş ideal bir məşğuliyyət kimi təsəvvür olunur: əsas işə çevrilmiş hobbi – bundan gözəl nə ola bilər?! Bütün günün ən maraqlı kitabların əhatəsində keçir, hansını istəyirsən götür oxu, istəyirsən bədii, istəyirsən elmi, istəyirsən rusca, istəyirsən türkcə... Arada da bu elm məbədinə gələn ziyarətçilərlərlə ağıllı-ağıllı uzun-uzun dialoqlar aparmaq. Mən də belə düşünürdüm. Daha doğrusu, mən də belə yanılırdım. Hər bir biznes kimi kitab ticarəti də birinci növbədə məhz biznesdir. Özü də, sizləri əmin edirəm ki, ən çətinlərindən. Birinci növbədə də fiziki olaraq – 21 apreldə ayaq üstə keçirdiyim 12 saat ərzində yorulduğum qədər həyatımda heç bir zaman yorulmamışdım.

Nigar ilə məsləhətləşmələr nəticəsində bir günlük sınağım üçün şəbəkəyə daxil olan iki mağaza üzərində qərarlaşdıq: günün birinci yarısını Fəvvarələr bağındakı dükanda, ikinci yarısını isə “28 Mall” ticarət mərkəzinin dördüncü mərtəbəsində yerləşən dükanda keçirməli idim.

Səhər tezdən oyanıb Tbilisi prospekti ilə piyada üzü aşağı, şəhərə tərəf yollandım. Bazar günü səhər saat 9 radələrində şəhər hələ təzə-təzə oyanır, Fəvvarələr meydanında tək-tük turistə rast gəlirsən, Əbdülkərim Əlizadə küçəsində bir qrup əcnəbi, deyəsən hindistanlılar kino çəkirlər, keçən həftə boyu yağışlı hava isə deyəsən düzəlmək istəyir.

Dükana daxil olub əməkdaşlarla tanış oluram – yaşca hamısı məndən cavandırlar, amma rahat dil tapırıq. Dükanın nisbətən kiçik sahəsini nəzərə alaraq, dillər və mövzular üzrə qruplaşdırılan kitabların rəflərinin yerləşməsini başa düşməyə çalışıram.

Bir neçə dəqiqə sonra ilk müştəri gəlir – yeniliklər haqqında məlumat almaq istəyir. Hər 4 dildə (azərbaycanca, rusca, ingiliscə və türkcə) səliqəli şəkildə piştaxtanın altında düzülüblər. Təqaüdçü yaşında olan müştəri təcrübəli oxucuya oxşayır, bir-bir kitabları nəzərdən keçirib ucadan öz rəyini səsləndirir. Deyəsən aralarında bəyəndikləri də var, amma nədənsə satın alınmasını gələn dəfəyə saxlayıb gedir.

Sonra 9-10 yaşlarında bir oğlan uşağı ilə anası gəlir. Uşağı daha çox komiks qəhrəmanlarının fiqurları maraqlandırsa da, anası məhz kitab almaq üçün gəldikləri üzərində təkid edir – “Qraviti Follz” cizgi filminin motivləri üzərində yazılmış qalın bir kitab alıb gedirlər. Ümumiyyətlə, həmin gün ən çox satdığım kitab məhz bu kitab oldu. 10 və 6 yaşlarında qızları ilə gələn ana deyəsən burdan ad gününə gedəcəklər. Əvvəl bir açıqca üçün girsələr də 3-4 kitab ilə yüklənib çıxırlar. Hətta sonda kassirin yanında Bethovenin “Elizaya” pyesini ifa edən musiqi qutusunu görüb ondan da alırlar. Ümumiyyətlə həmən günü uşaqla gələn müştəri çox idi – sualıma cavab olaraq məlumat verdilər ki, həmən gün Bakı məktəblərində fənn olimpiadalarının ilk mərhələsi keçirilirdi və sınaqdan üzüağ çıxmışlar valideyinlərinin vəd elədiklərini aldırmaq üçün “Əli və Nino”-ya dartmaq üçün xüsusi bir zövq alırdılar deyəsən.

Universitetin 1-ci və ya 2-ci kursunda oxuyan bir xanım gəlib Viktor Hüqonun “Paris-Notr-Dam kilsəsi” romanını xahiş edir. Deyəsən keçən həftənin ən gurultulu xəbəri – Fransanın ən məşhur qotik kilsəsindəki yanğın bizim ölkədə də kitab satışına təsir edə biləcək dərəcədə mühüm infohadisə olmuşdur. 2007-ci ilin payızında təlim ezamiyyəti ilə əlaqədar Moskva şəhərində idim. Kitab həvəskarı olduğumu bilən dostlarım – Moskvada təhsil alan Səməd və İlmar məni birinci növbədə şəhərin ən böyük kitab dükanına – Yeni Arbatdakı “Kitab evinə” apardılar. Həmin il ən məşhur ədəbi mükafatının türkiyəli Orxan Pamuka veriləcəyi 1 gün öncə elan edilmişdi. Girişdə bizi Pamukun kitablarında yığılmış piramida qarşıladı – hər cildin üzərinə qızılı kağızda “2007-ci ilin Nobel mükafatı laureatı” yazısı vurulmuşdu. Dükana gələn bütün müştərilər Misirə gələn turistlər ehramların bir daşını suvenir kimi çırpışdırmağa çalışdığı kimi mütləq o kitab piramidasından özlərinə bir “rəngli” cild seçirdilər. Kitab ticarəti də bir biznesdir və oxucuların zövqünü qabaqlamaq çox əhəmiyyətlidir.

45-46 yaşlı bir müştərinin azərbaycanca aldığı 5-6 kitab arasında “Qanun” nəşriyyatının buraxdığı “Cəfər Cabbarlının bütün əsərlərinin külliyyatı” da var. Sonuncu dəfə Cəfər Cabbarlını məktəb proqramı çərçivəsində oxumuşam, deyəsən “Aydın” pyesini. Alıcı ilə dram əsərlərinin oxunmasının xüsusilə çətin olduğu barədə danışırq. Qədim yunanlar teatrı “böyüklər üçün məktəb” adlandırırdılar. Buna görə də nəsrdən və nəzmdən sonra dramı da duymaq, başa düşmək, sevmək üçün yəqin ki, bir az daha böyümək gərəkir. Söhbətimizə qatılan başqa bir məsləhətçi Herman Hessenin kiçik formatlı “Siddhartha” romanını da almağı təklif edir. Mən də iki əlli bu təklifi dəstəkləyirəm – “Siddhartha” həyatımda həlledici rol oynamış kitablardandır. Müştəri tərəddüd etmədən səbətinə onu da əlavə edir.

Orta yaşlı xanım və anası: məşhur rəssam Vinsent Van Qoqa aid bir neçə kitab alırlar - İrvinq Stounun “Yaşamaq yanğısı”, Vinsent ilə qardaşı Teonun yazışmasını, hətta Van Qoqun əsərlərinin albomunu. Mən də yüksək keyfiyyətli kağızda dərc edilmiş böyük incəsənət albomlarının həvəskarıyam. Lakin son illərdə xüsusilə müasir incəsənətə yaranmış maraq məni daha çox detallar yox, ümumi məzmun üzərində düşündürməyə vadar edir. Dükandakılardan kimsə Leonardo da Vinçinin yaradıcılığını tərcih etdiyini deyir, daha kimsə impressionistləri yüksək tutduğunu. İncəsənət haqqında bu dialoqların kitab mağazasında baş verdiyini nəzərə alaraq belə bir faktı yada salıram: mənim kimi təvazökarlıqdan xeyli uzaq olan Salvador Dali “Bir dahinin gündəliyi” kitabında keçmiş və müasir rəssamlarının müxtəlif meyarlar üzrə müqayisəli cədvəlini tərtib etmişdir: Velaskes, Pikasso, Rafael, Mane kimi rəssamların da olduğu cədvəldə birinci yeri adı yuxarıda çəkilənlərlə müqayisədə daha az hallandırılan, XVII əsrdə Delftdə yaşamış Yan Vermeerə vermişdir. Belə-belə işlər...

Müştərilər arasında fasilələrdə söhbətləşə-söhbətləşə kitablardan incəsənətə, incəsənətdən musiqiyə, musiqidən kinoya asanlıqla keçirik... Bu ilin “Oskar” namizədlərini müzakirə edirik. Daha gənc həmkarlarımdan fərqli olaraq mən heç komiks həvəskarı deyiləm, amma real tarixi sevirəm: mənim favoritim – “Favorit” onların “Qara panterasına” qarşı.

Günortadan sonra yollanıram ikinci dükana. Artıq günorta vaxtıdır və uzun həftəsonu səhər yeməklərini bitirmiş şəhər sakinləri yazın bəlkə də ilk isti günlərindən həzz almaq üçün “Torqovıda fırlanırlar”.

Moldakı dükana girər-girməz şaşırıram: burada adam əlindən tərpənmək olmur. Amerikalı sosioloq Ray Oldenburqun tənqid etdiyi mollar həqiqətən də bütün insan axınlarını bir yerə maqnit kimi cəlb edib ətraf əraziləri iqtisadi, bundan da dolayı mədəni, sosial baxımdan dəyərsizləşdirirlər.

Fəvvarələr meydanındakı dükandan fərqli olaraq burada kitablar, kino və ya rəssamlar haqqında fikir mübadiləsinə vaxt yoxdur. Nənə və nəvə, ata və qızı, qrip yoldaşı qızlar, həftə sonunu şəhərdə birgə keçirməyə çıxmış dostlar, ailəsi ilə həftə sonu gəzintiyə çıxmış iş adamı – cəmiyyətin ən fərqli təbəqələrinin nümayəndələri kitab mağazasına gəlir və bu sevindirməyə bilməz. Hətta dükana girən 5 müştəridən yalnız biri kitab alsa da, digərilərinin başqa, daha cəlbedici seçimi ola-ola kitab dükanına girmələri, ümidvaram ki, bir zaman keyfiyyət dəyişikliyinə keçəcək kəmiyyət dəyişikliyidir.

Saat 5-6-ya yaxınlaşır. Çox az sayda pəncərəsinin olması ilə ABŞ kazinolarını xatırladan “28 Mall”-da vaxtın necə keçdiyini hiss etmirsən. Səhər evdən çıxanda “günümü gözəl kitablar arasında keçirib istədiyimi oxuya biləcəm” fikrim artıq xülya olub. Müştəri axımı bir az səngiyir amma bu heç də bekar qalmağımız üçün bəhanə ola bilməz. Bu zaman günün ən maraqlı “chalenge”-i başlayır. Satış məsləhətçiləri, aralarında da mən (girişdə mənə təqdim edilən beycikdən məlum olur ki, mənim yeni adım “Tamerlandır”) iki komandaya bölünüb mümkün qədər çox müştəriyə dəyərli tövsiyə verməyə çalışırlar. Məsələn, “Balaca şahzadə” almaq istəyən müştəriyə: “Necə bir kitab istəyirsiniz? Buyurun – qalın üzlüklü, “pocket book” formatında, azərbaycanca, rusca, hətta morze əlifbası ilə çap edilmiş nüsxə. Canınız daha nələr istər?”. Düz bir saat davam edən yarışın nəticələrinə görə hansı komandanın qalib gəldiyini öyrənmədən dükanı tərk etməli oluram – artıq gücüm yoxdur, sabah bazar ertəsidir, səhər tezdən ofisə gedib ağıllı sifətlə pərakəndə ticarət zəncirinin qurulması zamanı mümkün risklər xəritəsi haqqında danışacam və başqalarını dinləyəcəm, bu günkü həmkarlarım isə hələ də dükanda qalırlar – onların iş gününün sonuna hələ bir neçə saat var. Eynilə də sabah – kitab dükanına gəlib, boyunlarından beyciklərini taxıb sizlərə kitab sata... yox, sizə sevinc bəxş etməyə çalışacaqlar.

Son ayların ən gözəl həftəsonuna görə isə “Əli və Nino” kitab şəbəkəsinə isə dərin təşəkkürümü bildirirəm.