"Azan səsi Fincanı bürüyəndə kəndin bir hissəsi şirin yuxuda idi. Digər tərəfi gecənin öz yerini sübhə verməyini gözləyirmiş kimi hərəkətlənirdi; evlərin işıqları bir–bir sönür, xoruzların səsi quzuların mələməyinə qarışır, (bəlkə də, bütün gün analarından ayrı qalacaqları üçün üsyan edirdilər) bir–biri ilə qarşılaşdıqca bütün məlumatları paylaşmağa tələsməyən kəndlilər; onsuz da bütün gün bir yerdə olacaqdılar, xırda–xırda söhbətə başlayırdılar.
Fincanın bir tərəfi belə oyanarkən, digər tərəfi bütün olanlara laqeyid, heç nəyə qarışmadan, sükutla günə başlayırdı. Kəndin qurtaracağında olan iki–üç evin Fincanla, nəinki Fincan, ümumiyyətlə, bütün dünya ilə əlaqəsi yox idi sanki. Öz dünyalarında yaşayan bu adamlar kəndin xeyir–şəri ilə maraqlanmır, daha çox gözəgörünməyən olmağa cəhd edirdilər".