Kitab oxumaq istəyənlərə oxuyub bəyəndiyim kitabları tövsiyə edirəm. Yararlanın...

 

James Allen - Düşüncənin Gücü

Kitab oxumağa başladığım ilk zamanlarda oxuduğum kitabları fərqləndirməməyi , masaüstü kitab olaraq səciyyələndirməməyi qərara almışdım.Lakin , bu "kiçik böyük kitab" oxu prinsipimi alt-üst edərək masaüstü kitabıma çevrilməyi bacardı.Bəlkə də bunun əsas səbəbi , bu kitabdan xəbərsiz olduğum zamanlarda da Ceyms Allenin aşılamağa çalışdığı məsləhətlərə yaxın bir şəkildə həyat tərzi keçirməyim idi.Bütün uğurlarımızın və uğursuzluqlarımızın, hətta bədənimizdəki xəstəliklərin əsas səbəbi düşüncə tərzimizdən, dolayısıyla da fikirlərimizdən asılıdır.Bu gün biz, fikirlərimizin bizi gətirdiyi yerdəyik.Sabah düşüncələrimiz dəyişə bilər və yenə də fikirlərimizin bizi istiqamətləndirdiyi bir yerdə ola bilərik.Müəllif, xəyallarımıza doğru uzanan yolda bizə maneə olan əsas nüansın şərtlər və imkanlar deyil, düşüncələrimiz olduğunu vurğulayır.Əgər həyatınızda nələrinsə yolunda getmədiyini düşünürsünüzsə, bu kitab artıq sizin belə düşünməməyinizi təmin edə bilər.

 


Alber Kamyu - Çöküş

Bu əsəri neçə dəfə oxuduğumu artıq unutmuşam.Hətta oxuduqdan sonra yenidən bir də geir qayıdıb oxumaq üçün özümü əsərin süjet xəttini unutmağa məcbur edirəm.Sonra yenidən bir də, bir də, bir də.Azadlıq və insan varlığı, günah və günahsızlıq.Bütün bu anlayışların mühakimə və mülahizələrinin son nəticəsi bizə həyatın absurdluğunu aşılayır.
“Çöküş”də insan heç bir dəyərə malik deyil. O, öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə birəbir, heç bir elementi gizlədilmədən ortaya çıxarır. O dərəcədə ki, insan özü-özündən diksinir.Keçmiş vəkil Klemensin yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Kamyuya görə bu, XX əsrdə yaşamış insanın ən böyük qüsurudur.XXI əsrə nəzər salanda da hələ dəyişən bir şey yoxdur.

 

Stefan Sveyq - Fantastik Gecə

Həyat eşqini itirən, əyləncəsiz və zövqdən məhrum həyat tərzi səbəbilə kiflənmiş daxili dünyası məhv olmuş bir insana nə bəxş olunsa həyat eşqi yenidən oyana bilər? Novellamız Baron R. obrazından bəhs edir.Ona böyük miras vəsiyyət oldunduğundan qəhrəmanımız istədiyi kimi gəzib-dolanır, öz kefindən qalmır.Gənclik qayğılarının hamısından azad idi. Bu həyat tərzi getdikcə onu özü də hiss etmədən düşkün birinə çevirird. " Ürəyimdən keçən hər şeyi həyat mənə bəxş etdiyi və mənim də ondan umduğum heç bir şey olmadığı üçün belə yaşayış yavaş-yavaş mənə darıxdırıcı və sönük gəlməyə başlayırdı”. Amma bir gün həyəcan axtararkən qatıldığı at yarışı onun bütün daxili aləmində bir şeyləri yenidən oyandırır. Soyuq ruhuna günəş işığı düşürmüş kimi keyləşmiş hissləri cuşa gəlir.Müəllif novellanın hər səhifəsində dramatik bir üslubla insan psixologiyasının anbaan necə dəyişdiyini bizə göstərir.Bu, maddi olaraq zəngin, lakin mənəvi cəhətdən yoxsullaşmağa doğru gedən bir insanın öz vicdanı ilə baş-başa qalmaq hekayəsidir.

 

 


 Erix Fromm - Sevmək Sənəti

Belə bir yumoristik fikir var ki, bu kitab əslində sevməyi yox, sevməməyi öyrədir.Belə ki, bu kitabı oxuduqdan sonra sevgi anlayışına artıq əvvəlki kimi yanaşmayacaqsınız və sevgi haqqında çox dayaz biliklərə sahib olduğunuzu fərq edəcəksiniz.İkili münasibətlərdə və gündəlik həyatımızda bizi hərəkətə keçirən daxili instinktlərimizi başa düşməkdə bu kitabın rolu böyükdür. Kitab sevginin nəzəriyyəsi və praktikasından bəhs edir.Sevgi genişmiqyaslı bir anlayışdır.Kitabın adı bizi çaşdıraraq ona sadəcə ikili münasibət çərçivəsindən yanaşmağımızı təmin edə bilər.Lakin , burada bəhs olunan sevgi , həm də bəşəri bir sevgidir.Tanrıya , valideyinlərimizə , heyvanlara və.s bəslədiyimiz sevgini daha yaxşı dərk etmək üçün oxumağınız faydalı ola bilər.

 

 Robert Lui Stivenson - Cekil və Haydın qəribə hekayəsi

Stivensonun üç günə yazıb bitirdiyi, üç gündən də tez zaman ərzində oxuyub bitirə biləcəyiniz və bitirdikdən sonra təsirindən üç il keçsə də çıxa bilməyəcəyiniz kitab.Elmi-fantastika, qorxu, həyəcan, cinayət, insan mənəviyyatının çox incəə təsvir olunmuş portreti, fəlsəfi-psixoloji izahlar və maraqlı süjet. Kitbda insan təbiətinin iki yerə parçalanması , ikili şəxsiyətə bürünməsindən bəhs edir.İnsan pis niyyətlərinə meydan verərsə, tədricən onun əsirinə çevrilə bilər. Ehtirasları, içimizdəki neqativ hissləri cilovlamayanda xarakterimizin mənfi xüsusiyyətləri bizə qalib gəlir.

 

 Karl Saqan - Kosmos

Bu kitab, bizə , Saqanın təbirincə isə "solğun mavi nöqtənin" sakinlərinə bəşəri aləmdəki yerimizi göstərərək bizə necə də kiçik olduğumuzu xatırladır.Bu günə qədər dünyada ən çox oxunan kitabların siyahısında ilk rast gələcəyimiz elmi-populyar kitab 40-cı yerdə dayanan Kosmosdur.Necə də zehni hekayələrin əsirinə çevrilmiş kimi görünürük.Lakin, təəssüflənməyə dəyməz.Kitabı oxuduqca Karl Saqanın sadə ifadə tərzinə heyranlıq duyacaq, dərk olunması çətin bəşəri prosesləri dərk etməkdə çətinlik çəkməyəcəksiniz.Kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsi sizin üçün də maraqlıdırsa heç düşünmədən kitabı oxu siyahınıza əlavə edə bilərsiniz.Elmin bütün cəmiyyətlərdə yayılması, astronomiya, astrobiologiya və astrofizika kimi mövzularda ümumi bir dünyagörüşün formalaşması məqsədilə yazılmış bu kitab eyni zamanda kosmos və astronomiyaya dair biliklərdən bəhs edərkən, bəşəriyyətin tarix boyunca Kainat haqqındakı qavrayışlarına da yer verir. Müəllif kitabda klassik Yunan düşüncəsindən bu günə qədər insanın Kainata dair yanlış və doğru fikirləri üzərində elmi müzakirə açaraq, kosmosun gələcəyi haqqında öz fərziyyələrini də irəli sürür. Kitab sadəcə elmi cəhətdən deyil, fəlsəfi olaraq da Kainat ilə İnsanın əlaqəsini araşdırır.

 

 Antuan de Sent-Ekzüperi - Balaca Şəhzadə

Bu kitabın bəxş etdiyi hisslər barədə nə qədər uzun yazsaq yenə də onun həqiqi ab-havasını təsvir etməkdə zəif qalar.İstər böyük , istərsə də kiçik oxucular arasında kifayət qədər rəğbət qazanmış bu əsəri Ekzüperi öz dostu Leon Vertə həsr edib.Bəlkə də buna görə əsərdə möhtəşəm dostluq ruhunu hiss etmək olur.Oxuyarkən müasir dövrümüzün problemləri və qayğılarına bir uşaq gözü ilə baxdığınızı hiss edəcəksiniz.Həqiqi olanın gözlə görülə bilməyən hisslər olan Balaca Şəhzadə, onu sadəcə qəlbimizlə görə bildiyimiz fikrini müdafiə edir.

 

 Jül Vern - 20 000 Lyö Su Altı ilə

Jül Vernin bu kitabı elmi-fantastik janrın klassikası hesab olunur.Əsər Nautilus sualtı gəmisi ilə səyahət edən Kapitan Nemo və onun gəmisinə qonaq olan alim Pyer Aronaksdan bəhs edir.Əsərin qəhrəmanları köpəkbalıqları ilə vuruşmaqdan tutmuş, su altında vulkan partlaması kimi, bir çox macəralar yaşayır, Atlantik qitəsini ziyarət edir, Cənub qütbünü kəşf edirlər.Jül Vern zəngin fantaziyası ilə müasir dünyamızın inkişafında misilsiz rola sahib bir müəllifdir.Bu gün bizə adi gələn bir çox texnoloji məhsullar və nəqliyyat vasitələri bir zamanlar bizim üçün əlçatmaz idi və onlara sadəcə elmi-fantastik əsərlərdə rast gələ bilərdik.Eləcə də bu əsər qələmə alındığı dövrdə müasir sualtı gəmilər mövcud deyildi.

 


Riçard Bax - Conatan Livinqston adlı qağayı

Bu kitab bəlkə də sizə Səməd Behrənginin "Balaca qara balıq" hekayəsini xatırladacaq.İstənilən halda hər iki nümunə özündə bəşəri bir mesaj daşıyır.Eyniylə "Balaca Şəhzadə" əsəri kimi bu kitabı da böyükdən kiçiyə hamı oxuya bilər.Bu kitab bir Qaǧayının mübarizǝ hekayǝsidir; mǝhdudiyyǝtlǝrlǝ, “olmaz”larla barışmayan, yalnız yemǝk üçün uçmaq istǝmǝyǝn, daim yüksǝklǝrǝ can atan vǝ nǝhayǝt buna nail olan bir Qaǧayının, hǝm dǝ hǝr birimizin daxilindǝ yaşayan gerçǝk Qaǧayının.
Əsǝri oxuduqdan sonra daha dǝniz kǝnarındakı qaǧayılara adi quş kimi baxa bilmǝyǝcǝksiniz, hǝmişǝ xoş hisslǝrlǝ Conatanı xatırlayacaqsınız vǝ hǝm dǝ onun sizǝ öyrǝtdiklǝrini.