Ваша корзина пуста

Mir Cəlal

Yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycan (Ərdəbil ostani) Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. 

250px-Mir_Cəlal.jpgYazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.

1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub.

Mir Cəlalın “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb.

Görkəmli yazıçı və ədəbiyyatşünas alim 1978-ci il sentyabrın 28-də dünyasını dəyişib.

Mir Cəlalın kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.