Rövşən Abdullaoğlu
Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq, "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri Rövşən Abdullaoğlu 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir.
Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir.
Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub. Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-ın "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.
2018-ci ildə intellektual psixoloji detektiv janrında yazılmış, adı ilə böyük maraq doğuran "Abaddon" kitabının ilk tirajı cəmi üç saata satılıb. Bu roman da "Readers’ Favorite" tərəfindən "beş ulduz"la təltif olunub.
2022-ci ildə Qarabağ savaşından bəhs edən "Koramal" romanı işiq üzü görüb. Kitab qısa müddət ərzində yerli və xarici ədəbiyyatların yer aldığı bestsellerlər siyahısında birinci pilləyə yüksəlib.
O, həm də ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır.
Rövşən Abdullaoğlunun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.