Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Çay mədəniyyəti və istifadə qaydası

Azərbaycan çayı

Azərbaycanda çayın vətəni Cənub zonası hesab edilir. Xüsusən Astara, Lənkaran, Masallı, Şimalda isə qismən Balakən, Qax və Zaqatala ərazisində müxtəlif növ çay bitkisi əkilib-becərilir, həmçinin istehsal edilərək satışa təqdim olunur.

Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Mütəxəssislərin araşdırmasına əsasən, Azərbaycanda orta hesabla hər il 10 min tondan artıq çay içilir. Çay, içki olaraq sadəcə sərinləşdirici və sakitləşdirici təsirə malik olmaqla yetinməmiş, Azərbaycan süfrələrinin əvəzolunmaz bəzəyinə çevrilmişdir.

 

Çay mədəniyyəti

Azərbaycanda çay mədəniyyəti qədim keçmişə və köklü ənənələrə sahibdir. Burada çay qonaqpərvərlik və qonağa hörmətin simvolu kimi xarakterizə edilir. Çayı xüsusi sinilərdə, armudu stəkanla süfrəyə təqdim etmək qədim ənənə hesab olunur. Azərbaycanlılar hesab edirlər ki, çay süfrəsi söhbətləşmək və istirahət etmək üçün ideal seçimdir. Hazırda Azərbaycan Qafqazın ən qədim çay ənənələrinə sahib ölkəsi hesab olunur.

Azərbaycanda çayı sadə formada dəmləməklə yanaşı, ona xüsusi ətirləndirici bitkilərlə əlavə tam qatmaq da geniş yayılmış ənənədir. Belə ki, Azərbaycan təbiətinin əvəzsiz incilərindən hesab olunan tam təbii məhsul olan kəklikotu, yarpız, itburnu, nanə, mixək və digər ətirləndirici bitkilərlə birgə dəmlənmiş halda təqdim edirlər. Limon çay süfrələrinin əvəzolunmaz elementi hesab olunur. Azərbaycan çayı süfrələrə əsasən armudu stəkanda, yanında limon və kəllə qənd olmaqla təqdim olunur. Bundan əlavə Azərbaycanda çay süfrəsində mürəbbə, şəkərbura, paxlava kimi şirniyyatlara da üstünlük verilir.

 

 

Çayın istifadə qaydası

Tərkibində olan kofein hesabına qara çay orqanizmə gümrahlaşdırıcı və tonuslandırıcı təsir göstərir, sakitləşdiri və zehni aktivləşdirir.

Çayın dadlı və ləzzətli olması üçün onun xüsusi dəmlənmə qaydasına riayət etmək olduqca vacibdir.

Bəs yaxşı çayı necə dəmləməli?

Quru çayı ağzı bağlı qabda, rütubət və günəşdən uzaq saxlamaq lazımdır. Çay dəmləyərkən çaydanın düzgün seçilməsi vacib şərtlərdəndir. Ən ideal dəm çayniki çini materialdan olandır.

Quru çayın üzərinə qaynar su töküləndə çay yapaqları bişir və acı dadır. Çaydan qaynayanda köpüklənmənin dayanmasını gözləmək lazımdır, 5-7 dəqiqə keçəndən sonra suyun temperaturu təxminən 75 dərəcəyə çatanda suyu quru çayın üzərinə tökmək olar.

Çayın növündən asılı olaraq dəmlənilmə qaydası var.

Qara çay- 1 çay qaşığı çay üzərinə hərarəti 75 dərəcə olan 200 ml su tökülərək 4-7 dəqiqə dəmlənilir.

Yaşıl çay- 1 çay qaşığı çay üzərinə hərarəti 80 dərəcə olan 200 ml su tökülərək 5-7 dəqiqə dəmlənilir.

Çay dəmləniləndən 2 dəqiqə sonra içilərsə, sakitləşdirici təsir bağışlayır.

 

 

Müəllif: Lalə Rəhmanova