5 yaşında qonşusu tərəfindən təcavüz edilən Luiza Hey 15 yaşında bir restoranda ofisiant işləmək üçün evdən ayrılır. 1 il sonra doğum edir, lakin övladından imtina etmək məcburiyyətində qalır. Və bir daha heç vaxt onu görmür.
Nyu-Yorka köçmədən öncə bir neçə il Çikaqoda yaşayan Heyin həyatı təsadüfən qatıldığı kilsə yığıncağında Transandantal Meditasiya ilə tanış olduğu anda dəyişməyə başladı. Hey öz məsləhət mərkəzini qurdu və özünü fiziki xəstəliklərin metafizik səbəblərini araşdırmağa həsr etdi.
Luiza Hey həyatının işinə 1970-ci ildə Nyu-Yorkda başladı. Həyatını yaxşılaşdırmaq üçün bir çox kurslara və təlimlərə qatılarkən insanlara məsləhət verirdi. Bu hobbi tez bir zamanda tam ştatlı işə çevrildi. Bir müddət sonra Luiza bütün fiziki xəstəliklərin ruhi səbəbləri və onları müsbətə çevirmək yolları haqqında məlumat kitabçası yazdı.
Bir müddət sonra xərçəng xəstəliyinə tutulan Luiza nəzəriyyələrini praktikaya çevirdi. 6 ay ərzində əməliyyata və kimyaterapiyaya ehtiyac duymadan xərçəngi tamamilə sağaltdı.
O, “Louise Hay House” adlı bir şirkət qurdu. İlk dəfə öz evinin qonaq otağında fəaliyyətə başlayan bu şirkət bir çox dünyaca məşhur müəlliflərin və şəxsi inkişaf mütəxəssislərinin kitablarını nəşr edən çox uğurlu bir şirkətə çevrildi.
1980-ci ildə Kaliforniya ştatına qayıdan Luiza Hey bütün təlimlərini kitablara çevirməyə başladı. 1984-cü ildə “İçimizdəki güc” kitabını yazdı. Kitab 20 il sonra yenidən nəşr edilərək bestseller oldu.
L.Hey “İçimizdəki güc” kitabında özümüzü sevmək fəlsəfəsini belə təsvir edir:
– daxili səsə qulaq asmağı və ona inanmağa öyrənmək;
– içindəki uşağı sevmək;
– əsl hisslərimizi üzə çıxarmaq;
– valideyn olmağın məsuliyyətini dərk etmək;
– qocalmaq qorxusundan azad olmaq;
– özümüzə yaxşı həyat arzulamağa imkan vermək;
– yaradıcılığımızı ifadə etmək;
– dəyişiklikliyi həyatın təbii hissəsi kimi qəbul etmək;
– bir-birini sevməyin təhlükəsiz olduğu ekoloji cəhətdən sağlam bir dünya yaratmaq;
– və sairə.
Hey deyirdi: “Diqqətini nəyə yönləndirirsənsə, onu artırırsan. Buna görə də, ödəməli olduğunuz borclar, xəstəliyiniz və ya digər problemlər haqqında daim düşünmək bu vəziyyətləri daha da çətinləşdirəcək”. Bolluğa nail olmağın düsturu əlimizdə olana şükür etməkdir. Kainatda qeyri-məhdud resursların olduğunu bilin və təbiəti müşahidə edin. Anlayın ki, sahib olduğunuz sərvət həyat mənbəyi deyil, sadəcə olaraq daha rahat həyat üçün bir vasitədir.
Müəllifin fikrincə, bütün fiziki xəstəliklər psixi proseslərin məhsuludur. Bütün xəstəliklərin kökündə bağışlamamaq və günahlandırmaq hissləri dayanır. Problem adlandırılan xəstəlik əlamətləri əslində beynimizdə düzgün olmayan bəzi şeylərin ifadəsidir. Yəni gerçək problem əslində bədənimizdə deyil, zehnimizdə olduğundan bədəni müalicə etmək deyil, zehni dəyişdirərək bədəndəki simptomlardan qurtulmaq önəmlidir. Bəs Heyə görə, hansı duyğu və düşüncələr hansı xəstəliklə bağlıdır?
· Ağız və diş problemləri: yeni fikirlərə qapalı olma, qəzəb və intiqam duyguları;
· Baş ağrıları: özünütənqid və qorxu;
· İnfeksiya xəstəlikləri: qəzəb, sıxıntı, əsəbilik və s.