Dərd də azar kimi gələndə batmanla gəlir». Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlunun «Qətl günü» romanı bu fraza ilə başlayır.
Romanda əbədi Xeyir-Şər mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə elə Dünyanın yaranışından üzü bəri gələ-gələ bitmək bilmir. İctimai quruluşlar, cəmiyyətlər və saysız-hesabsız insan nəsilləri bir-birini əvəz edir, amma mübarizə davam edir. Hər dövrün, hər epoxanın, bəlkə də hər günün öz Hörmüzü və Əhriməni olmuşdur. Bu əbədi döyüşdə Şər həmişə güclü olmuş, amma bəşəriyyət Xeyirə, İşığa inam bəsləmişdir. «Qətl günü» də bu mənada istisna deyil və bu mövzu – Xeyir-Şər mübarizəsi onun da başlıca konflikti kimi müəyyənləşə bilər.