Bizi xoşbəxt edənləri xoşbəxt böyüdə bilirikmi?
XIX əsrin böyük mütəfəkkiri Viktor Hugo deyirdi ki, dünyada körpə qığıltısından gözəl himn yoxdur. Əgər insan övladı ailə qurmaqla sevdiyinə çatırsa bu onun hələ tam xoşbəxt olması deyil, bu yolda atdığı ilk addımlardan biridir.
İki insanın bir ailə halinda birləşməsi onların dünənə qədər ayrı-ayrı ailələrin üzvü olmaqdan çıxaraq, yeni ailənin qurucuları kimi bir araya gəlməsidir. Hər bir ailə kiçik dövlətə bənzəyir və bu dövləti dünənə qədər ayrı-ayrı “dövlətlərin vətəndaşları” olan şəxslər qururlar. Onlar bir araya gələrkən bu “yeni dövlətə əvvəllər vətəndaşları olduqları dövlətlərin” dəyərlərini daşıyırlar. Uyğun cütlük təsiri bağışlayan fərdlərin, ailə qurduqdan sonra xarakterlərinin, düşüncələrinin, həyata baxışlarının görünməyən tərəfləri meydana çıxmağa başlayır.
Şüurlarının alt qatlarındaki keyfiyyətlər təzahür edir və onlara xas olan cəhətlər çox vaxt üst-üstə düşmür. Bəzən düşünürlər ki, üçüncü insan, yəni övlad dünyaya gələrsə, xarakterlərin toqquşması nəticəsində yaranan təzadlar, narahatlıqlar aradan qalxar.
Övlad dünyaya gəlir, bu kiçik dövlət yalnız kəmiyyət baxımından böyümür. Kişi və qadın yeni
keyfiyyət qazanır - ana və ata olurlar. Bu kiçik dövlətin yeni üzvünün doğuluşu ilə musiqisi və himni də yaranır.