Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Geyim seçərkən nələrə diqqət etməliyik?

Ah... Moda... Moda...

Dəbli və gözəl görünmək hər bir qadının istəyidir. Amma gözəl görünmək üçün külli miqdarda pul xərcləməyə qətiyyən gərək yoxdur. Bədəninizi  tanıyaraq və özünüzə yaraşan şəkildə geyinməklə mükəmməl gözəlliyə, qamətə və şık obraza sahib olmaq mümkündür. Əgər siz  öz bədən quruluşunuza uyğun olmayan geyimlər seçsəniz, o zaman qüsurlarınız daha qabarıq və eybəcər formada üzə çıxacaq.

 

 

Bəs düzgün geyinmək forması nədir?

 

İlk növbədə, siz öz bədən quruluşunuza yaxşı bələd olmalı və geyim seçərkən mütləq şəkildə bədəninizin ölçülərini, quruluşunu nəzərə almalısınız. Yaxşı olar ki, obrazınızda bütün detalları deyil, hər hansısa bir detalı (məsələn, ətək, şalvar, ayaqqabı, çanta, bluz və s.) daha çox önə çıxarıb, digər geyim elementlərini nisbətən sadə seçəsiniz.

 

Tutaq ki, sizin geyinəcəyiniz bluz qolları güpur detallı, yaxalıqlı bir köynəkdir. Bu bluzla krujevalı, üzəri güllü, kənarları yarıq bir ətək geyinmək çox yanlış olardı. Əvəzində siz bu bluzla parlaq rəngli, firuzeyi ətək, yaxud, qara, boz klassik şalvar geyinməklə obrazınıza sadəlik və gözəllik qata bilərsiniz.

 

Əgər bir qədər kilolu xanımsınızsa, o zaman nazik, incə kəmərlərdən qaçmalı, əksinə, daha enli və qabarıq kəmərlərdən istifadə etməlisiniz.

Unutmayın, paltarınızdakı  eninə istiqamətdə olan xətlər sizi nisbətən çəkili göstərər, uzununa olan incə xətlər isə boyunuzun daha hündür görünməsinə imkan yaradacaq.

Əgər siz güllü, damalı və digər bəzəkli bir geyim, şalvar və ya ətək seçirsinizsə (və ya əksinə, üst geyimi seçirsinizsə) onda köynəyinizi ağ, qara, boz və ya digər sadə bir rəngdə etməlisiniz.

Özünüzə paltar seçərkən və obrazınızı hazırlayarkən  rənglərin düzgün konbinasiyası da mümim əhəmiyyət kəsb edir.  Yadda saxlayın ki sakit və yumşaq rənglərin sizin qarderobunuzda olması çox işinizə yarayacaq. Bu rəng tonları demək olar ki, istənilən rənglə uyğunlaşa bilir. Məsələn, qara, boz, bej, ağ rənglərdə olan sadə bir köynəyi siz bir neçə geyiminizlə uyğunlaşdırıb rahatlıqla istifadə edə bilərsiniz.

Parlaq, əlvan rənglər əsasən, ağ rənglə cəlbedici görünür.

 

Geyim seçərkən və obrazınızı yaradarkən çalışın ayaqqabıçantanın hər ikisini eyni anda qabartmayasınız. Bu, zövqlü görünməyəcək və sizi şık göstərməyəcək. Sadə seçilmiş geyim və çanta ilə özəl dizayna sahib, parlaq, diqqət çəkən bir ayaqqabı geyinərək obrazınızın əsas hədəfini məhz həmin ayaqqabıda vurğulaya bilərsiniz.

 

Əgər siz boyunuzun hündür görünməsini istəyirsinizsə, o zaman beli yuxarı olan şalvar seçməlisiniz.

Çəkinizi gizlətmək niyyətindəsinizsə, o zaman nisbətən  geniş ölçülü ətək, enli ayaqlı şalvar geyinə bilərsiniz.

 

 

Geyim seçərkən diqqət yetirməli olduğunuz önəmli məqamlardan biri də paltarlarınızın material seçimidir. Alt və üst hissədə geyinmiş olduğunuz paltarların materialı bir-birinə tamamilə zidd olmalı deyil. Deyək ki, siz obrazınıza şarfla rəng qatmaq istəyirsiniz. Bu zaman yayda daha nazik, qışda isə daha qalın şarfla bunu edə bilərsiniz. Yaxud, qalın və sərt materialı olan götəkçə ilə nazik, şifon parçadan olan don seçməyiniz doğru olmazdı. Bu zaman siz əlbisənin materialını kətan və pambıq olaraq seçə bilərsiniz.

 

Gündəlik geyimlərdə ən çox istifadə olunan geyim növlərindən biri olan donların da bədəninizə uyğun olaraq doğru seçilməsi çox vacibdir. Arıq, incə xanımsınızsa, o zaman  qısa, beli kəmərli, əlvan don seçə bilərsiniz.

 

Dəyərindən asılı olmayaraq unutmayın ki, sizi gözəl, dəbli və şık göstərən yalnız  bahalı deyil, eyni zamanda düzgün seçilmiş , zövqlü geyimlərdir.

 

 

Müəllif: Lalə Rəhmanova