Cinayət hüququnun Xüsusi hissəsi ictimai təhlükəli davranışın (cinayətkar davranışın) qadağan olunmuş formalarının əlamətlərini və qadağalar pozulduqda, cəzanı müəyyən edən hüquqi göstərişlərin tərkib hissəsidir (sistemidir). Ümumi xarakterə malik olan və bütövlükdə fəaliyyət göstərən, bəzən isə cinayət-hüquq normalarının bütün məcmusuna aid olan normalardan (məsələn, cinayət hüququnun prinsipləri) fərqli olaraq, Xüsusi hissənin normaları dövlət tərəfindən cinayət hesab olunan əməllərin törədilməsini qadağan edir. Beləliklə, Xüsusi hissəyə, cinayət hesab edilən əməllərin sosial-hüquqi əlamətlərini və onların törədilməsinə görə cəzaların konkret növünü və həcmini müəyyən edən cinayət-hüquq normalarının məcmusu, cinayət hüququnun hissəsi kimi baxmaq olar. Cinayət hüququnun Ümumi və Xüsusi hissələrinin vəhdəti və qarşılıqlı əlaqəsi şəxsiyyətin, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunması, habelə Cinayət Məcəlləsinin profilaktik funksiyasının təmin edilməsi vəzifələrini reallaşdırmağa imkan verir.
Ümumi hissə normalarının bütövlükdə cinayət hüququna aid müddəaların müəyyən edilməsinə və izah olunmasına yönləndiyi halda Xüsusi hissənin normaları qadağarı müəyyən edərək, onların reallaşmasını tələb edir. Yalnız cinayət hüququnun hər iki hissəsinin normalarının məcmusu, onların qarşılıqlı bağlılığının və bütün hüquqi aspektlərinin uyğunluğu düzgün tövsifi mümkün edir.
Azərbaycan Respublikası cinayət qanunvericiliyinin islahatı prosesində Cinayət Məcəlləsinin Ümumi hissəsi ilə yanaşı, Xüsusi hissəsi də əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Xüsusi hissə normalarının dəyişiklikləri sosial əhəmiyyət kəsb edən siyasi, iqtisadi, ideoloji, mənəvi-əxlaqi və s. dəyər, maraq və sərvətlərin son illərdəki transformasiyası ilə bağlı olmuşdur. İslahatlar ilk növbədə bir sıra əməllərin kriminallaşdırılmasına və dekriminallaşdırılmasına toxunmuşdur. Cinayət hüququnun Xüsusi hissəsi dəyərlərə yeni yanaşmaları əks etdirir. Xüsusilə də, cinayət-hüquqi mühafizənin prioritetləri aşağıdakı qaydada müəyyən edilmişdir: sülhün, insanlığın, şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyi.
Cinayət hüququnun Xüsusi hissəsinin əhəmiyyəti son dərəcədə böyükdür. Bu, cinayət hüququnun Xüsusi hissəsinin normalarının aşağıdakıları yerinə yetirməsi ilə şərtləşir: ən mühüm sosial əhəmiyyətli dəyər, maraq və sərvətlərin mühafizəsini təmin etmək; qanunçuluq prinsipini əyani surətdə həyata keçirmək; dövlətin cinayət-hüquq siyasətinin reallaşmasını təmin etmək; konkret cinayət növlərinin təsvirini əks etmək (bu, ictimai təhlükəli əməlləri tövsif etməyə imkan yaradır; ictimai təhlükəlilik xarakteri və dərəcəsindən asılı olaraq, cinayət tərkiblərinin təsnifatını təmin etmək.
Beləliklə, cinayət hüququnun Xüsusi hissəsinin əhəmiyyəti ondan ibarətdir ki, şəxs tərəfindən cinayət qaydasında cəzalanmalı olan əməlin törədilib-törədilməməsi və onun məhz hansı cinayət tərkibinin əlamətlərinə malik olması yalnız sözügedən hissənin normaları ilə müəyyən edilir.
Cinayət hüququnun Xüsusi hissəsinin sistemi müəyyən olunmuş şəkildə qruplaşdırılmış normalardan ibarətdir. Bu normaların əsasında cinayətlərin cinsi və növ obyektlərinin əlamətləri durur. Təqdim olunan dərslikdə cinayət hüququnun Xüsusi hissəsinin sisteminin şərhinin əsasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin sistemi təşkil edir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin sisteminin qurulmasının əsas vəzifəsi isə təqsirkarın əməlinin düzgün tövsif edilməsində hüquqmühafizə orqanlarının imkanlarını maksimum dərəcədə yüngülləşdirməkdən, səhvlərin qarşısını almaqdan ibarətdir.
ISBN:
2001320044635
Genre:
Hüquq
Binding:
Hard cover
Author:
İsfəndiyar Ağayev
Pages::
488
language:
Azerbaijani
Метка:
FREE DELIVERY, Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together