"ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabı ölkəmizdə məhsul və xidmətlərin keyfiyyətinin artırılması və rəqabətə davamlı olması, keyfiyyətin idarə edilməsi üzrə beynəlxalq və milli standartların təbliği və tətbiqinin dəstəklənməsi sahəsində maarifçilik fəaliyyətlərini həyata keçirən “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin “Keyfiyyəti idarəetmə qrupu”nun mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Kitabda standartın maddələrinin peşəkar şərhi və təhlili verilmiş, onların praktiki tətbiqi məsələlərinə geniş yer ayrılmışdır.
Kitabda şərh edilən materialın strukturu ondan praktiki və faydalı mənbə kimi istifadə etməyə imkan verir.
Kitab aşağıdakı məqsədlər üçün nəzərdə tutulub:
· ISO 9001:2015 tələblərinin detallı şəkildə öyrənilməsi və tətbiqi;
· keyfiyyəti idarəetmə sistemi (KİS) üçün tələb olunan bütün növ sənədləşdirilmiş informasiyanın müəyyən edilməsi;
· proses yanaşmasının müəyyən edilməsi və tətbiqi, eləcə də sənədləşdirilmiş informasiyanın işlənilməsi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi;
· keyfiyyəti idarəetmə sisteminin işlənilməsi prosesində problemlərin və onların həlli metodlarının müəyyən edilməsi;
· risk əsaslı düşüncə ilə bağlı bacarıqların inkişaf etdirilməsi.
Bu kitaba həm keyfiyyəti idarəetmə sisteminin tətbiqinə, həm də təşkilatda ümumi idarəetmənin effektivliyinin artırılmasına kömək edəcək misal, təsvir və variantlar daxil edilib. Kitabdakı şərh və tövsiyələr ISO 9001:2015-də verilən keyfiyyəti idarəetmə sisteminin modelinə uyğunlaşdırılıb. Təqdim edilən material idarəetmə ixtisasları üzrə təhsil alan tələbə-müəllim heyəti, keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilər, habelə sahibkarlar üçün faydalı ola biləcəyi nəzərə alınaraq hazırlanıb.
Bu kitab dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlar tərəfindən istifadə edilə bilər.