Niyə məhz İsrail dünyanın ən güclü innovasiya və startap mərkəzlərindən birinə çevrilib? İnbal Arieli bu sualın cavabını yalnız texnologiyada, sərmayədə və ya təhsildə axtarmır. Onun fikrincə, İsrail sahibkarlığının kökləri daha erkən dövrlərə uzanır – uşaqlıqda formalaşan düşüncə və davranış tərzindən qaynaqlanır. Risk etmək, alışılmışı sorğulamaq, ona meydan oxumaq, uğursuzluqdan qorxmamaq, qeyri-müəyyənlik içində yol tapmaq və məhdud imkanlara rəğmən yaradıcı həllərlə çıxış etmək... Bütün bunların mərkəzində isə bir anlayış dayanır: xutspa.
Müəllif İsrailin sahibkarlıq ekosistemində topladığı iyirmi ildən artıq təcrübəni şəxsi müşahidələr, real biznes hekayələri və araşdırmalarla birləşdirərək uşağın inkişaf yolu ilə startapın inkişaf mərhələləri arasında maraqlı paralellər qurur. Kitabda bu yol kəşfdən başlayaraq təsdiqləmə, effektivlik, miqyasın böyüdülməsi və dayanıqlılıq, nəhayət, yenilənmə mərhələlərinədək izlənilir. Xutspa yalnız İsrailin uğur hekayəsini izah edən kitab deyil. O, oxucunu özündəki cəsarəti, yaradıcılığı, çevikliyi və sahibkarlıq potensialını yenidən kəşf etməyə çağırır.