Sizinlə razıyam ki, deyirlər, "Bəzi kitabların yaşı yoxdur". Lakin, bir şeyi də unutmayaq ki, dünyagörüşünün və həyata baxış şəklimizin formalaşmasında mütaliə yaşımız xeyli rol oynayır. Elə kitablar var ki, yeniyetmə və gənclik çağında oxunması daha gözəl nəticələrə səbəb ola bilər. Bu baxımdan sizə dünya ədəbiyyatından otuz yaşadək mütləq oxumalı olduğumuz otuz kitabı təqdim edirik. 

Qeyd: Kitabları əldə etmək üçün fotolara tıklamağınız yetərlidir :)

 

 

1. Fyodor  Dostoyevski - "Cinayət və cəza"

"Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət ki, müəyyən müddətdən sonar sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük. 

 

 

 

 

2. Ceyn Ostin - "Qürur və qərəz"

Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

 

 

 

 

 

 

3. Alber Kamyu - "Yad"

Kamyu deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş "Yad" əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər). 
Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Kamyu üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamyunun məşhur “absurd” fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (...) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, - sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır.

 

 

 

4. Lev Tolstoy - "Anna Karenina"

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.

 

 

 

 

5. Con Steynbek - "Qəzəb salxımları"

XX əsr Azərbaycan ədəbiyyatında geniş şöhrət tapan və adı tezliklə dünyanın bir çox ölkələrinə yayılan Con Steynbekin “Qəzəb salxımları” romanı ilk dəfə 1939-cu ildə çap olunub və “Bədii kitab” nominasiyası üzrə Pulitser mükafatına layiq görülüb. Roman ABŞ-da kollec və məktəblərin dərs proqramlarına daxil edilib.
Romandakı hadisələr böyük depressiya dövründə baş verir. İcarədar-fermer olan Codu ailəsi iqtisadi çətinliklərə görə doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalaraq, səadət tapmaq ümidi ilə bir çox ailələrə qoşulub Kaliforniyaya üz tutur. Ailənin başına gələn hadisələri qisas və qəzəb hissi ilə təqdim edən, sevgi və nifrət motivlərini böyük ustalıqla verən müəllif oxucunu hadisələrin sehrinə salır.

 

 

 

 

 

 

6. Antuan de Sent-Ekzüperi - "Kiçik prins"

Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb: təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Kiçik Prins” povesti o ədəbiyyat örnəklərindəndir ki, həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla oxunur.

 

 

 

 

 

 

7. Qabriel Markes - "Yüz ilin tənhalığı"

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəs­li­nin ta­rix­çəsinin özü və bununla yanaşı onun xarakterik xüsu­siy­yətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların tale­lə­rinin qabaq­cadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Ro­manda o, Makon­do­nun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəs­lin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir. Latınamerikan nəsrinin mifyaradıcı “mö­cü­zə­nin reallığı”, “magik realizm” romanda Amerikanın tək­rarsız sima­sının yaradılmasının va­cib vasitəsi və eyni zamanda özünə bir pa­ro­diya kimi çıxış edir.

 

 

 

 

 

8. Corc Oruell - "1984"

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) ya­ra­­dıcılığı dünya miqyasında məş­hur­dur. Xüsusilə onun “1984” romanı və “Hey­va­nıstan” povesti ötən yü­z­illikdə sözün, ədəbiy­yatın totalitar təfəkkürə və des­­­potik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diq­­qətəlayiq nümunələrindən sayılır. Hər iki əsər ya­ran­­dığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kə­zin­də olmuş…

 

 

 

 

 

 

 

 

 

9. Uilyam Qoldinq - "Milçəklər tanrısı"

“Milçəklər Tanrısı” günümüzdə bir atom müharibəsi za­manı kimsəsiz adaya düşən bir qrup məktəbli uşağın gəldikləri dünyanın adət və ənənələrindən uzaqla­şaraq, insan yaradılışının təməlindəki qorxunc gerçəyi ortaya qoymalarını dilə gətirir. Mövzusu R.M.Bal­lantinenin “Mərcan Adası” kimi kimsəsiz bir Mərcan adasının cənnətini təcəssüm etdirən mühitdə başlayan bu roman, çağdaş cəmiyyətlərdəki çöküntünün, insan yara­dı­lışındakı köklərini göz önünə gətirmək məqsədilə “Mərcan Adası”ndakı hadisələrdən də fərqli süjet xəttinə malikdir. İnsan ürəyinin dərinliyində yerləşən qaranlığı deşərkən “Milçəklər Tanrısı” daha çox Conradın qısa romanı “Qaranlığın Ürəyi”ni andırır. Qoldinqin romanındakı uşaqlar da başlanğıcda eynilə Kurt kimi, toplumun təzyiqindən uzaq bir örnək sistem qurmaq istəyərkən, get-gedə heyvanlaşır, qorxunc bir xarakterə sahib insana çevrilirlər. Bu hissədən sonra “Milçəklər Tanrısı” əsərinin süjet xətti yuxarıda sadaladığımız əsərlərdən kəskin şəkildə fərqlənərək daha da axıcı olur. Qoldinq bu əsəri ilə kimsəsiz adadakı yaşayışın çətinliklərini, kədərini və ya xoşbəxtliyini anmağı deyil, daha çox, insanlığın düşdüyü mühiti, fərdlər arasındakı mübahisələrin hansı nəticələrə gətirib çıxartdığını göstərməyə çalışır.

 

 

 

 

 

10. Oldos Haksli - "Cəsur yeni dünya"

Hakslinin «Yeni cəsur dünya» əsəri utopik gələcəyə satirik baxış nümunəsidir. Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burda kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetiş­dirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil pro­se­sində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.

 

 

 

 

 

 

 

 

11. Con Steynbek - "Siçanlar və adamlar"

“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.

 

 

 

 

 

 

12. Jose Saramago - "Korluq"

Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı.

Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır.

 

 

 

13. Fridrix Nitsşe - "Zərdüşt belə deyirdi"

Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir.
Burada poetik əzəmət, dərin fikir, mənalı rəmz, hər cür tiranlıq və saxtakarlığın amansız ifşası çox qəribə şəkildə bir-biri ilə çulğalanmışdır.Nitsşe özü bu əsər barədə belə yazır: "Bu ya poeziya, ya beşinci İncil, ya da nəsə hələ adı olmayan bir şeydir- bu, mənim əsərlərimin ən ciddisi, ən uğurlusudur".

 

 

 

 

 

14. Qustav Flober - "Madam bovari"

XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə ­çevrildi.

Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.

 

 

 

 

 

15. Frans Kafka - "Çevrilmə"

«Çevrilmə» novellası da metafora baxımından zəngin və çoxmənalı əsərdir: burada az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluqçunu əcaib hə­şərata çevirib onu doğma ailə mühitinə atmaqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalığının gerçək surətini yaratmışdır.

 

 

 

 

 

 

 

16. Heminquey - "Əcəl zəngi"

Ernest Hemingwayin romanları hər zaman bütün dünyanın diqqət mərkəzində olub. "Əcəl zəngi" İspan vətəndaş müharibəsi zamanı dağlarda mübarizə edən bir qrup partizandan bəhs edir.

Əvvəllər kilsə zəngləri, toy, xaç suyuna salınma və dəfn mərasimlərilə yanaşı döyüşdə qalibiyyət kimi əhəmiyyətli hadisələri elan etmək üçün istifadə edildi.

əsərdə həmçinin, Heminqueyin öz həyatından müxtəlif elementlərə də rast gəlinir.

 

 

 

17. Viktor Hüqo - "Səfillər"

 Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanı. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibələri izlənilir. Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır.  Əsərdə qanunun və xeyirxahlığın təbiəti tədqiq edilir, habelə əsər Fransa tarixi, Paris memarlığı, siyasət, əxlaq fəlsəfəsi, antimonarxizm, hüquq, din, romantik məhəbbət və ailə sevgisinin təbiəti və tipləri kimi mövzularla genişləndirilir. Məzmun dəlillərə əsaslanmış və tarixi hadisələrlə zəngin olduğundan tarixi fiksiya hesab edilir. Belə güman edilsə də, romanın fonunda Fransa inqilabı dayanmır. Fransa inqilabı XVIII əsrdə baş vermiş, "Səfillər" isə XIX əsrdə yazılmışdır. Adı çəkilən "inqilab" yalnız İyun qiyamıdır (1832-ci il tələbə üsyanı).

 

 


18. Şarlotta Bronte - "Ceyn Eyr"

Həyat gözəldir, amma onun sərt üzü də var. Yaşamaq təkcə həyatdan zövq almaq deyil, həm də onun uğrunda mübarizə aparmaq, bu həyatda təsadüfi olmadığını sübuta yetirməkdir. XIX əsr İngiltərə yazıçısı Şarlotta Brontenin qəhrəmanı ən ağır sınaqlardan ləyaqətlə çıxaraq öz təmiz adını qoruyub saxlayır. Onun adı Ceyn Eyrdir. Yüzillər gəlib keçir, dünya dəyişir, amma hər gələn nəsil bu sadə, kimsəsiz qızın amansız taleyinə tabe olmaması, ağır sınaqları dəf edərək səadətə yetməsi haqqında özünün danışdığı həyat hekayətini sevə-sevə oxuyur. O hər bir oxucunu özünə sirdaş edir. Onun həyat yolu insanın mənəvi və əxlaqi qələbəsinin rəmzidir. “Ceyn Eyr” romanı dünya ədəbiyyatının qızıl fonduna daxil olmaqla bərabər ən çox ekranlaşdırılan əsərlərdən biridir. Lakin heç bir film, hətta onun ən uğurlu ekran təcəssümü belə kitab qədər maraq və həyəcan doğurmur, qəhrəman və oxucu arasında məhrəm, səmimi münasibəti əvəz edə bilmir.

 

 

 

19. Corc Oruell - "Heyvanıstan"

“Malikanə” fermasının tənbəl və əyyaş sahibi Mr. Cons bir gün fermanın heyvanlarını yemləməyi unudur. Heyvanların fermanı ələ keçirmək üçün qaldırdığı növbəti üsyana donuz Napoleon və Uillinqton rəhbərlik edirdilər. Ferma haqsızlığı aradan qaldırmaq və dördayaqlıların mənafeyinə xidmət etmək məqsədi ilə yenidən quruldu. Ancaq zaman keçdikcə üsyanın prinsipləri təhrif olundu və unuduldu. Yeni və gözlənilməz hallar baş qaldırdı…
“Heyvanıstan” – yanlış istiqamətlənmiş bir inqilabın tarixi – Corc Orueldən gücün azdırıcı təsirinə satirik baxış.

 

 

 

20. Orxan Pamuk - "Mənim adım qırmızı"

Nəqqaşın öz üslubu, rəngi, səsi olmalıdırmı?
Padşahın əmrilə gizli kitab hazırlayan nəqqaşlardan biri öldürüləndə qatili üslubuna görə tapmaq olarmı?
Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun «Mənim adım Qırmızı» romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən sənət, eşq, qətl hadisələrini təsvir edir.
Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqş sənəti haqqında bənzərsiz hekayətdir.

 

 

 

21. Paulo Coelho - "Kimyagər"

Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.
Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.
Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.
22. Jostein Gaarder - "Sofinin dünyası"
Norveç yazıçısı Yustin Garderin bütün dünyada məşhur olan bu kitabı əsasən uşaqlara ünvanlansa da, yaşlılar üçün də maraqlı olacağı şübhəsizdir. Kitab fəlsəfə kimi ağır bir mövzudan bəhs elədiyi halda son dərəcə cəlbedicidir. Fəlsəfəylə maraqlanan, ən azı ümumi şəkildə fəlsəfə tarixini öyrənmək istəyənlər üçün bu kitabı qiymətsiz saymaq olar. Əsərin qəhrəmanı olan Sofi 15 yaşlı qız da naməlum və sirli filosofdan məktublar alır. Və bir gün sonunda onlar görüşürlər.
23. Dostoyevski - "Karamazov qardaşları"

“Karamazov qardaşları” Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər.
Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.

 

 

 

 

 

 

24. Umberto Eco - "Qızılgülün adı"

Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 il­dən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir…

 

 

 

 

 

 

 

25. Mixail Bulqakov - "Master və Marqarita"

Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir...

 

 

 

 

26. Herman Hesse - Siddhartha

Herman Hesse – Nobel mükafatı laureatı, “Muncuq oyunu”, “Yalquzaq” kimi məşhur romanların, “Narsis və Qoldmund”, “Demian” və s. povestlərin müəllifidir. Hind mövzusunda olan “Siddhartha” (1922) povesti Hessenin ilkin yaradıcılığının ümumiləşdiricisi rolunda çıxış edir. Əsərin güclü psixosimvolik mövzusu isə onu yazıçının sonrakı işlərilə doğmalaşdırır.
Povestin qəhrəmanı müqəddəs Hautama Buddanın adaşıdır.

 

 

 

 

 

 

 

27. Xalid Hüseyni - "Çərpələng uçuran"

Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?

 


 

28. Haruki Murakami - "Kafka sahildə"

Yaponiyalı yazıçı Haruki Murakaminin ” Kafka sahildə ” romanı 2005-ci ildə New York Time tərəfindən ilin ən yaxşı on romanı siyahısına salınıb. 2006-cı ildə isə World Fantasy və Franz Kafka mükafatlarını qazanıb. Elə əsərin adı da yazıçının Kafka romanlarına sevgisindən meydana çıxıb.

 

 

 

 

 

 

 

 

 

29. Nikolo Makiavelli - "Hökmdar"

“Hökmdar” – İntibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin ən mühüm və ən mübahisəli əsəridir. Bu əsər işıq üzü gördükdən sonra siyasətdə ikiüzlülüyü, həyasızlığı, özbaşınalığı bildirən “makiavelizm” termini meydana çıxdı. Uzun illər bu kitab “zəhər və xəncər” siyasətinin əsası kimi şöhrət qazandı. Lakin müəllifin müasir dövrdə öz tətbiqini tapan bir çox fikirləri təbii hal kimi qəbul olundu.

Nikolo Makiavelli dövlət idarəçiliyinin metodikasını yaratdı. Hakimiyyəti qəsb etmək və əldə saxlamaq prinsiplərini irəli sürdü. Geosiyasi bilikləri sistemləşdirdi, dövlətlər və hökmdarlar haqqında ətrflı məlumat verdi, “Hökmdar” əsərində hakimiyyəti qazanmanın və dövləti idarə etmənin yollarını göstərdi.

Məşhur italyan diplomatı və Renessans dövrünün yazarı Nikolo Makiavelli şahidi və iştirakçısı olduğu tarixi hadisələrin dərin tədqiqatçısına çevrildi. Bir çoxları Makiavellini politologiyanın banisi hesab edirlər. Onun yaratdığı “Hökmdar” əsəri bütün dövrlərin və bütün xalqların siyasətçiləri üçün əsl dərs vəsaitidir. “Makiavellizm”in tərəfdarları beş yüz ildir ki, “Hökmdar”ın reseptlərindən istifadə edir, əleyhdarları isə ona qarşı çarə axtarmaq üçün baş sındırırlar.

 

 

 

 

30. Daniel Keyes - "Billi Milliqanın sirli hekayəti"

Real hadisələrə əsaslanan və insan təfəkkürünü alt-üst edən bu əhvalat, çoxsaylı şəxsiyyətə malik olan Billi Milliqanın parçalanmış düşüncə aləmini açır. Qarşımızda düşüncə tərzinə və məqsədinə görə müxtəlif olan 24 nəfər ayrı-ayrı şəxs: böyüklər və uşaqlar, kişilər və qadınlar, kriminala meyilli şəxslər – öz hərəkətinə nəzarət etməyə imkan vermədən onun cisminə sahib olmaq uğrunda mübarizə aparır. Parçalanmış şəxsiyyət təbiətin insan üzərində özünəməxsus təcrübəsidir. Şüurun belə naməlum vəziyyətinin öyrənilməsi, özümüz haqqında bizə çox şey söyləyə bilər, ağlın vücud üzərində nəzarət baxımından vacib olan hansısa bir şeyi dərk et­məsinə imkan verər.

 

 

Müəllif: Lalə Rəhmanova