Dünya ədəbiyyat tarixində sosial bərabərsizlik haqda yazılmış şah əsər – "Səfillər"in müəllifi –Viktor Hüqo.

O, elə bir gündə dünyaya gəlmişdi ki, həmin günlərdı Fransanın başı üzərində qara yellər tüğyan edirdi. 1802-ci il 26 fevral. Siyasi çəkişmələrin var-gəl etdiyi dönəm. Daha sonra, Hüqonun iki yaşı olanda kral Napoleon taxta çıxacaq, 18 yaşında olanda isə hakimiyyət yenidən Burboblar monarxiyasının əlinə keçəcəkdi. Belə qarışıq bir dönəmdə bir zabit ailəsində dünyaya gəlməyin bütün çətinliklərini yaşamışdı Viktor.

Atası Joseph Léopold Sigisbert Hugo Napoleonun ordusunda zabit kimi xidmət edirdi. Bu səbəbdən Hüqo uşaq vaxtı anası ilə birgə atasının səfərbər olunduğu yerlərə köçmüş, uşaqlığı uzun səfərlərdə keçmişdir. Bu yerdəyişmələrdə gördükləri, yaşadıqları, keçdiyi yerlərdəki insan həyatları, yaşanan çətinliklər, izlədiyi səfalət, ədalətsizlik və mərhəmət  Hüqonun düşüncəsində və həyata baxışıda dərin izlər buraxırdı. Balaca Viktor əslində gələcək yazarın şəxsiyyətində ilkin təməllər atıldığından hələ ki xəbərsiz idi. Bu daimi səfərlər ucbatından Hüqonun təhsili də tam olmamış, pərakəndə və yarımçıq davam edirdi.

Evliliyin ilk illərində anası kral ordusunda xidmət edən ərinə İspaniya və İtaliyayadək sevgiylə yoldaşlıq edirdi. Lakin, daha sonralar uzun və yorucu səyahətlər, həmçinin əks inanclar səbəbindən anası balaca Viktoru və digər iki uşağını da götürüb ərindən bir müddət ayrılaraq Parisdə məskunlaşdı. Hüqonun təhsilinə də bundan sonra diqqət ayırmağa başladı.

Yaradıcılığının ilk dövrlərində o dövrün  əksər gənc yazarları kimi Hüqo da romantizmə meyl edirdi. İlkin şeirləri və əsərlərində anasının təsiri və krala olan inancı öz əksini tapırdı.  Lakin, 1848-ci il İnqilabından sonra Hüqo Cümhuriyyətçiliyi və Azad fikri dəstəkləməyə başladı.

Gənc yaşlarında aşiq olan Viktor anasının israrlı narazılığı səbəbindən öz uşaqlıq dostu Adèle Foucher ilə gizlicə nişanlandı və yalnız anası vəfat etdikdən sonra onunla ailə qura bildi. İlk əsərini də evləndikdən bir il sonra, 1823-cü ildə nəşr etdirdi.

Hüqonun həyatında ən böyük sarsıntılardan biri ən sevdiyi böyük  qızının evləndikdən az sonra bir gəmi qəzasında əri ilə birgə boğularaq ölməsi oldu. Bu ölümü öyrənməyin özü belə sarsıdıcı formada baş vermişdi. Hüqo Fransanın kənarında məşuqəsilə dincələrkən qəzet xəbərlərində qızının ölümü ilə rastlaşmışdı.

Dərin depressiyaya qapılaraq bu kədəri bir neçə əsərinə da köçürən yazarın ağır həyat yükü bununla da bitmədi. Kral əlehinə fəaliyyəti və çıxışları səbəbindən 1855-ci ildə ailəsilə birgə ölkədən sürgün edildi. Lakin həyatın onun çiyinlərinə qoyduğu ağır yük bununla da bitmədi. 1870-ci ildə sürgün həyatını başa vuraraq ölkəsinə qayıdan Hüqo az sonra yüngül infarkt keçirdi. Bu da yetmədi, qızı Adel psixoloji sarsıntılar keçirərək ruhi dispanserə yerləşdirildi, ardınca iki oğlu da vəfat itdi. Həyat yoldaşı isə bir neçə il əvvəl dünyasını dəyişmişdi. Şəxsi həyatındakı itkilərə rəğmən Hüqo daima siyasətin ən yaxın tərəfdaşı oldu, ölkəsində hamının sevgisini qazana bildi. Öz ölümündən iki il öncə ən sadiq məşuqəsi də vəfat etdi.

Növbəti infarktından sonra, 1881-ci ildə Viktor Hüqo 79-cu doğum gününü qeyd elədi. Bundan sonra isə 80-ci yaşının hazırlıqları başlandı. Bu tədbirdə Fransa tarixinin ən böyük yürüşü təşkil olundu. Bütün xalq, hətta siyasi rəhbərlər belə Hüqonun doğum gününü bayram kimi qeyd edir, şənlik nümayişlərinə qatılırdılar. Lakin çox keçmədi ki (1885-ci ildə) Fransa yasa büründü. V. Hüqo dünyasını dəyişmişdi.  

 

Hüqonu əbədiyaşar edən iki möhtəşəm ədəbi nümunə

 

Ədəbi axtarışların hazırlıq dönəmi...

Hüqonun yetişkin hesab edilən ilk əsəri 1829-cu ildə çap olundu. Bu əsərdə diqqət yetirdiyi məqamlar onun gələcəkdə də bütün əsərlərində izləri görünən ictimai vicdan probleminə ətraflı bir nəzər idi. “Ölüm məhbusunun son gunu” adlanan bu roman Fyodor Dostoyevski, Çarlz Dikkens, Albert Kamü kimi dahilərdə də xeyli təsirli iz buraxmışdır.  Əsərdəki əhvalatı Fransada edam edilən real bir qatil danışır. 

 

 

 

 

 

Xilas olmuş Notr-Dam...

1831-ci ildə Hüqo özünün ilk romanı olan “Paris Notr-Dam kilsəsi”ni yazdı. Həmin dövrdə kilsə sökülmək təhlükəsilə üz-üzə qalmışdı. Belə ki, Parisin memarları kilsənin baxımsızlığını əsas gətirərək sökülməsini təklif etmişdilər.Hüqo səssiz qala bilməzdi. Yazdığı roman vasitəsilə bütün xalqın diqqətini bu problemə yönəldərək kilsənin yenidən qurulmasına nail ola bildi. Orta əsrlərin sonlarından bəhs edən bu romanda Hüqo bizə gələcəyimizin keçmişimiz üzərində qurulduğunu göstərməyə çalışır. Əsərdə dini inancın zəifləməsi, daşlaşmış ehkamların yıxılması demokratiyanın yaxınlaşmasından xəbər verir. Bütün bunlar romanın əsas qəhrəmanları - Esmeraldanın, Kvazimodonın və Klod Frollonun timsalında əks etdirilmişdir.

 

 

 

 

 

Vicdan məhkəməsinin "səfil" günləri...

1834-cü ildə çap etdirdiyi Claude Gueux  hekayəsi isə Hüqonun sonradan yazacağı və dünyada sosial ədalətsizlik haqda ən təməl kitab hesab olunacaq “Səfillər” romanının ilk təməl daşı idi.

1930-cu ildən başlayaraq Hüqo bir əsər üzərində çalışmağa başlamışdı. Mövzu bəlli idi – dövrün ən böyük bəlası hesab edilən səfalət və sosial bərabərsizlik! Ad da sadə və təbii seçilmişdi – “Səfillər”! Bu roman üzərində işləyib başa çatdırmaq onun 17 ilini almışdı. Hüqo hələ əsəri yazamağa başlayarkən artıq romanın bədii dəyərinin ağırlığını dərk edirdi. 

Romandakı hadisələr keçmiş dustaq Jan Valjanın çarpışmaları və xilasolma sərgüzəştlərini əks etdirir. Katorqadan yenicə qayıtmış kimsəsiz, səfil Jan Valjan gecələmək üçün döydüyü bütün qapılardan rədd cavabı alır, qovulur. Lakin ona öz evini açan, yeməyinə qonaq edən bircə şəxs tapılır ki o da sadə və mərhəmətli yepiskop Miriel Benvenüdür. Lakin mərhəmətlə qucaq açdığı bu qonaq (Jal Valjan) gecə onun evini qarət edir. Bunun müqabilində isə yepiskop onu cəzalandırmır, əksinə bağışlayır. Lakin bu əfv Jan Valjanın vicdanında yatmış olan səsi oyadır. Axı ən mükəmməl ədalət məhz vicdandır. İnsanın öz daxilindəki insanla mübarizəsindən, vicdan məhkəməsindən daha məşəqqətli bir şey varmı?! 

 

 

Viktor Hüqonun  dörd dildə təqdim olunan əsərlərini  www.alinino.az saytından əldə edə bilərsiniz.

 

Hazırladı:   Lalə Rəhmanova