Bir neçə gün öncə “Rus dilini sizə sevdirəcək 10 müəllif” adlı yazımın birinci hissəsini bölüşmüşdüm. Çox da intizarda saxlamadan ikinci beşliyi də təqdim edirəm.

 

6. Marina Tsvetayeva

Daha sonra barəsində danışmaq istədiyim müəllif – Dmitri Bıkov daha əvvəl danışdığım müəllif – Boris Pasternakın həyat və yaradıcılığı haqqında yazdığı kitabda belə bir ifadə işlədir – “Rus nəzmi iyirminci əsrdə mübahisəsiz ki, dünyada ən güclü olmuşdur, halbuki burda da rəqabət aparmaq üçün başqaları olmuşdur”.

Bütün ədəbiyyat haqqında bu ifadəni işlətmək bir çox kitab həvəskarı arasında mübahisə yarada bilər, amma bu ifadənin dəqiq olduğu bir hal var – rus qadın şairlərinin yaradıcılığı. Bunlardan da mənim üçün nömrə bir Marina Tsvetayevadır. Rusiyanın ən böyük muzeylərindən – hazırkı İncəsənət muzeyinin yaradıcısı akademik İvan 


Hansı şeirlərini oxumalı? İtirilmiş vətən eşqi ruhunda yazılmış acı şeirləri və ya Praqa dövrünün romantik şeirləri – fərq etməz. Bəlkə də burda barəsində danışdıqlarım arasında ən kəskin müəllifdir.
Tsvetayevin (barəsində məşhur rus dokumentalist-jurnalisti Leonid Parfenov “Tanrının gözü” adlı 2 seriyalı sənədli film çəkmişdir) ailəsində doğulmuş şair inqilab, mühacirət, qayıdış, təxliyə və nəhayət intiharla bitmiş həyatının hər dövründə ən parlaq şeir nümunələri yaratmışdır. Uzun müddət Anna Axmatovanın ədəbi tələbəsi olan Nobel mükafatı laureatı İosif Brodskinin özünü Tsvetayevanın varisi hesab etməsi, ona bir neçə esse həsr etməsi yəgin ki, təsadüfi deyil.

P.S. Amma şəxsi seçimim – “Новогоднее” – bu şeirdən başlayın.

 

 

 7. Vladimir Nabokov

“Mühacirət ədəbiyyatı” XX əsr rus ədəbiyyatının ən parlaq təzahürlərindəndir – kimsə Tsvetayeva və Soljenitsın kimi sonradan qayıtdı, kimsə İosif Brodski kimi imkanı olsa da bir də doğulduğu ölkəyə geri dönmədi, bəzilərinin isə bu seçimi etməyə heç imkanı da olmadı. Bunlar arasında 20 yaşında Rusiyanı əbədi tərk etmiş Vladimir Nabokov da var idi.

SSRİ dağılandan və sərhədlər, o cümlədən bədii sərhədlər açılandan sonra 90-cı illərdə bəlkə də adı ən çox hallanan müəllif idi Nabokov. O zamanlar bəzi əsərlərinin adını eşitsəm də, nədənsə mənim kimi əksəriyyətin təsəvvüründə o səs-küylü “Lolita” romanının müəllifi idi. Özü də “Lolita” rus dilinə Nabokovun özü tərəfindən tərcümə olunsa da, əsərin orijinalı ingiliscə yazılmışdır, ona görə də müəllifin “rus dilinə” həsr olunmuş bu yazımda qeyd olunması qəribə görünə bilərdi. Amma bəlkə də bir çoxları bilmir ki, Rusiyadan gedəndən sonra ABŞ-a köçənəcən Nabokov 20 il məhz rusdilli müəllif olmuşdur.

İlk dəfə 2007-ci ildə Moskvadan aldığım onun “Maşenka” romanını oxuyanda müəllifin 100 il öncə özü ilə apardığı o köhnə dilin zərifliyindən qəlbimdə yaranan yüngüllük və əsərin özündən aldığım həzz heç nə ilə müqayisə oluna bilməzdi. Həmin il onun daha bir neçə romanını – “Vergi”, “Edama dəvət”, “Kamera obskura”, “Lujinin müdafiəsi”-ni oxudum. Bəziləri çox sadə, bəziləri çox mürəkkəbdir amma mənim üçün Nabokov, (bundan əvvəl də rusca kitab oxumağıma baxmayaraq) hər zaman rus dilinin özünü mənə sevdirmiş bir müəllif kimi qalacaqdır.

 

 

8. İosif Brodski

Məndən “Ən sevdiyin şair kimdir? Fikrincə ən yaxşı şair kimdir?” deyə soruşsalar dəqiqləşdirərəm ki, “Axı bu iki fərqli sualdır”. Bəli, mənim təsəvvürümdə «ən sevimli şairlə», «ən güclü» hesab etdiyim şair iki fərqli insandır. Birincisi haqqında artıq danışmışam – Boris Pasternak, amma ikincisi haqqında da danışmaq istərdim – İosif Brodski.

Mən hələ orta məktəbdə oxuyurdum, 1996-cı ilin yanvarında uzaq Manhetten adasından şairin ölümü haqqında xəbərin gəldiyi o günü xatırlayıram. Etiraf edim ki, o zaman ondan heç nə oxumamışdım, çünki internet hələ yox idi, yeni kitabların alışı isə artıq həyatımızın əsas hissəsi deyildi. Amma bu sözləri xatırlayıram – Ədəbiyyat sahəsində Nobel mükafatının sonuncu rus laureatı (ondan 22 yaş böyük Soljenitsın Brodskidən sonra daha 12 il yaşasa da, mükafatı sonuncu almış məhz Brodski idi).

Adətən müəlliflərlə necə və nə zaman “tanış olduğumu” yaxşı xatırlayıram, amma Brodskini nədənsə xatırlamıram. Məncə bu, çox normaldır – onun şeirlərinin oxucuya təsiri elə güclüdür ki, zaman və məkan belə şəraitdə ikinci-üçüncüdərəcəli kateqoriyalardır.

Mənim Brodski sevgimin bir də şəxsi səbəbi var – İtaliya: kefim yaxşı olanda “Pyatsa Mattei” şeirini, düşüncəli olanda “Mark Avreliyə hörmət” essesini, darıxanda onun “Laquna”sını oxumağı sevirəm.

Etik, estetik və ən əsası, siyasi baxışları mənim üçün çox yaxın olan İosif Brodskinin şeirləri və esseləri tək rus və amerikan ədəbiyyatının ən parlaq nümunələri deyil, ümumbəşəri xarakterə malikdirlər. Bu 10 müəllifim arasında Brodksini sevmək bəlkə də ən çətindir – çünki tərzi, məzmunu, qafiyəsi (öz dilindən eşitsəniz, hətta səsi və zahiri görünüşü) çox qıcıqlandırır, amma bu, sonsuzluğacan olan bir sevgidir.

P.S. Kanadalı tədqiqatçı Tatyana Pateranın hesablamalarına görə Brodskinin əsərlərinin lüğəti rus ədəbiyyatından ən zəngindir – 19 min söz. Odur ki, əsərləri rus dilini sizə sevdirə bilməsə də, dilinizi xeyli zənginləşdirəcəkdir.

 

 

9. Pyotr Vayl (və Aleksandr Genis)

“Azadlıq” radiosunun rus xidmətinin juranlisti olmuş Pyotr Vaylın bir kitabı var – “Mənim haqqımda şeirlər” – həyatımda ən çox oxuduğum kitabdır. Daha doğursu 2010-ların əvvəlindən kağız kitablar əvəzinə audiokitablara üstünlük verdiyimdən 2-3 il ərzində hər dəfə işə və ya evə gedəndə, təkbaşına idmanla məşğul olanda və ya dostlarımla gəzişəndə, aralarında daha çox sevdiklərim olsa belə, 55 fəsildən ibarət bu kitabın hansı hissəsini dinləsəydim həqiqi zövq alırdım. Pyotr Vayl mənə şeirləri sevdirmiş müəllidir, halbuki özü nəzmlə bir misra belə yazmayıb. Amma o, bu kitabı ilə gözəl şeirləri, “Yerin dühası” ilə parlaq insanları, “Vətənin xəritəsi” ilə maraqlı yerləri, “Rus mətbəxi mühacirətdə” kitabı ilə dadlı təamları sanki öz ruhunun süzgəcindən keçirib mənə təqdim elədi.

Daha öncə danışdığım müəlliflərdən fərqli olaraq Pyotr Vayl və onun bir neçə kitabı üzrə həmmüəllifi Aleksandr Genis bədii əsərlər yaratmamışdır, amma onları daha yaxşı duymağa kömək etmişdilər. Bu sitatı təkrar edəcəm: Bir dəfəsində Virciniya Vulf demişdir ki, “İldən-ilə “Hamleti” oxuduqca öz təəssüratlarımızı qələmə alsaq görərik ki, avtobioqrafiyamızı yazırıq, çünki ildən ilə həyat haqqında daha çox şey öyrənirik, Şekspir isə sadəcə bildiklərimizi şərh edir”. Bu tək “Hamlet”ə deyil, yəgin ki, az-çox bədii dəyərliliyi olan hər bir əsərə aiddir. Öz esselərində də Pyotr Vayl bunu edə bilmişdir - əsərləri oxuduqca təəssüratlarını qələmə elə ala bilmişdir ki, onun yaşadıqlarını biz də yaşaya bilək.

Sizin bədii tərcihlərinizə təsir etmək istməzdim – “Mənim haqqımda şeirlər” “mənim kitabımdır”, amma siz də “öz kitabınız” barədə seçim edin və heç bir zaman ondan ayrılmayın.

 

 

10. Dmitri Bıkov

Hardasa oxumuşdum ki, deyəsən Almaniyada hansısa tarix muzeyində ekspozisiyanın sonuncu eksponatı şüşə arxasına qoyulmuş həmin günün qəzetidir – həyat dayanmır, tarix elə bu anlarda yazılır. Digər həyati proseslər kimi, ədəbiyyat da bir yerdə dayanmır – sevimli müəlliflər arasında bu gün də yazıb-yaradan şəxslər var.

Rus dilini sizə sevdirəcək onuncu müəllifim günümüzdə çox yaxşı tanınan şair, yazıçı, publisist, gördüyüm insanlar arasında ədəbiyyat sahəsində ən dərin ensiklopedik biliklərə malik şəxs – Dmitri Bıkovdur.

Cəmiyyət inkişaf edir, texnologiyalar inkişaf edir – hər şənbə, gecələr “Эхо Москвы” radiosunda çıxan və təkbaşına apardığı verilişləri dinləməyi, Facebook sosial şəbəkəsində yazılarını oxumağı, müxtəlif lektorilərdə ədəbiyyata dair oxuduğu mühazirələri izləməyi çox sevirəm, amma yenə də mənim üçün Dmitri Bıkov birinci növbədə yazıçıdır. Onun “Vətəndaş şair” layihəsi çərçivəsində yazdığı siyasi satirik şeirləri, fantasmaqorik “Pravda” və ya “Putin necə ABŞ-ın prezidenti oldu” əsərləri və ya “Görkəmli Şəxslərin Həyatı” seriyasında yazdığı “Mayakovski” və “Pasternak”ın bioqrafiyaları – bu kitabların hamısı yalnız müəllifin hərtərəfliliyi barədə xəbər verir.

Seçim sizindir – bədii və ya bioqrafiya, şeirlər və ya nəsr, kağız daşıyıcıda kitab və ya interaktiv mühazirə - Dmitri Bıkovun zəngin yaradıcılığı hər cür seçim etməyə imkan verir.

Son.

 

 

Bu yazını hazırlayarkən dostlarla da fikir bölüşmüşdüm – kimsə “Dostoyevskisiz olmaz” demişdir, kimsə “Bəs Osip Mandelştam?” deyə soruşmuşdu. Uzaq 2003-cü ilin yayında 7-cildliyini bir nəfəsə oxuduğum Soljenitsın haqqında da danışa bilmədim, Qoqol da qaldı, Qorki də, Georgi İvanov, Nikolay Qumilyov, İlf və Petrov, Anatoli Rıbakov, Aleksandr Belyayev, Vladimir Voynoviç,  Sergey Dovlatov, Boris Akunin qaldı. Ehhhh... Amma romalılar demiş “Ars longa, vita brevis” – “Sənət uzun, həyat qısadır”, odur ki, 10 rəqəmində dayanmaq yaxşı olardı.

Ümidvaram bu yazıda “Mənim müəlliflərim” haqqında sözlərim sizin tərcihlərinizi yalnız zənginləşdirəcəkdir.

 

Bonus qismində:

Bu yazımın ilk cümləsində qeyd etdiyim kimi Rus dili günü qismində Puşkinin doğum günü seçilmişdir. BMT-nin digər rəsmi günlərinin də maraqlı tarixçəsi var. Məsələn, Çin dili günü 20 apreldə - çin yazısının mifoloji yaradıcısı Tsan Tzenin doğum günü qeyd edilir, İngilis və İspan dilləri günləri eyni tarixə təsadüf edir – 23 aprel, amma səbəbləri fərqlidir – həmin gün Uilyam Şekspir doğulub və Migel de Servantes vəfat edib. Belə-belə işlər...

 

Müəllif: Rüfət Abdulla

 

 

Müəlliflərin kitablarını "Əli və Nino" kitab mağazalarından, həmçinin www.alinino.az saytından əldə edə bilərsiniz.