Kitabda Əliağa Vahidin ən məşhur və ən çox sevilən qəzəlləri toplanmışdır.
Vahidin qəzəllərində ülvi humanizm, insana, Vətənə, həyata böyük və müqəddəs sevgi tərənnüm olunur.
Sən əgər olmasan, ey gül, mənə canan kim olar?
O xumar gözlərinə valehü heyran kim olar?
Sevir aləm səni bir gözlərinin xatirinə,
Yoxsa tək zülfün üçün bunca pərişan kim olar?
Gir gülüstanə sevinsin, oxusun bülbüllər,
Gül bahar mövsimi görsənməsə, xəndan kim olar?
İncidib salma nəzərdən düşən aşiqlərini,
Əhli-eşq olmasa, kuyində nigahban kim olar?
Zövqi-vəslinlə əgər mən də fəğan eyləməsəm,
Hüsnünün gülşəninə bülbüli-nalan kim olar?
Çox demişlər sənə, cövr eyləmə biçarələrə,
Aqibətdə görək, ey şux, peşiman kim olar?
Ölməmişkən, gözəlim, Vahidə qiymət verir el,
O da getsə, vətənə, xəlqə qəzəlxan kim olar?