Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

500 il əvvəl sənət tarixində sönən günəş!

O, İntibah dövrünün ən görkəmli siması və dünya sənət tarixinin ən çox öyrənilmiş rəssamı hesab edilir.  Nigahdan kənar doğulmuş, bu səbəbdən ali təhsil ala bilməyən, lakin yaradıcılığı və ixtiraları ilə dünyanı heyrətə salan Dahi rəssam kimdir?

Leonardo Da Vinçi -  İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçıdır. O, İtaliya İntibahının rəmzi sayılan "Universal insan"  tipinin ən parlaq nümayəndəsi və İkinci minilliyin adamı seçilmişdir.

Dahi rəssam sadə kəndli qızı olan Katerinlə Piero da Vinçinin yasaq sevgisindən doğulmuşdur. Həmin dövrün ictimai normalarına əsasən, Piero Katerinlə evlənə bilməzdi. Çünki Katerin aşağı təbəqənin qızı idi. Beləliklə, Leonardo doğulduğu il atasıyla anası ayrılaraq hər ikisi başqa insanlarla evlənmişdi. Bir müddət anasının yanında qalan Leonardonu 3 yaşındaykən atası öz yanına apardı. Səbəb o idi ki, Pieronun evləndiyi xanımından uşağı olmurdu və varis yox idi. Lakin Leonardonun azyaşlı ögey anası tez vəfat etdiyindən atası daha bir neçə dəfə də ailə qurur və bu nigahlardan uşaqları dünyaya gəlir.

Dövrün amansız qaydalarına əsasən Leonardo nigahdan kənar doğulduğuna görə universitetdə təhsil ala bilməzdi.

Uşaq yaşlarından rəsm çəkməyi sevən, eyni zamanda lirada ifa etməyi bacaran 14 yaşlı  Leonardonu atası  dövrün ən güclü rəssam və heykəltaraşı  Andrea di Çionenin (Verokkio) "Florensiyada ən yaxşı sayılan" emalatxanasına şagird kimi göndərdi. Bu emalatxana Leonardonun həyatında və inkişafında  böyük rol oynadı, qarşısında geniş imkanlar açıldı. Burada o, Lorenzo di Credi,  Pietro Perugino kimi məşhur şəxsiyyətlərlə tanış olmaq imkanı qazandı.

Da Vinçinin maraq dairəsi təkcə rəsmlə yekunlaşmırdı. Təbiət, anatomiya, mexanika, fizionomiya, geometrika, uçan maşınlar, kilsə və s. ən müxtəlif istiqamətlərdə araşdırmalar aparır, elmə dəyərli töhvələr verirdi.

1482-cu ildə da Vinçi Florensiyanı tərk edib İtaliyaya, Milana getdi. Burada o, hersoq Lüdovik Sfortsanın təklifini qəbul edərək onun üçün işləməyə başladı.  Sfortsa İtaliyada tiran kimi tanınırdı. Burada Leonardonun maaşı olduqca az idi. Buna baxmayaraq, da Vinçi burada “Sonuncu şam yeməyi”  kimi məşhur tablosunu yaradır, Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini hazırlamağa başlayır. Lakin, 1499-cu ildə Fransanın İtaliyaya hücumu nəticəsində Milanda dəhşətli vandalizm müşahidə olunur. Beləliklə, Leonardo da Vinçi Milanı tərk edib 16 il müddətində İtaliyanı gəzir. Dünya sənət tarixinin ən nadir incisi hesab edilən “Mona Liza”nı da bu dövrdə yaratmışdır.  Maraqlı bir cəhətdir ki, Leonardo bu tablonu bitirdikdən sonra belə heç vaxt yanından ayırmamış, bütün səyahətlərində özü ilə aparmışdı.

1513-1516-cı illər ərzində İtaliyada yaşayaraq Roma papası üçün xeyli işlər gördü. Eyni zamanda insan anatomiyası, fizika, mexanika və elmin digər sahələrindəki araşdırmalarını da davam etdirdi. Lakin, Papa ona anatomiya və fiziologiya üzrə işlərini davam etdirməyi qadağan elədi. Leonardo insan orqanizminə mükəmməl qurulmuş mexanizm kimi yanaşırdı. Maraq dairəsi həddən artıq geniş olan dahi rəssam bu ehtiras üzündən bəzən bir işi başlayır, bitirməmiş digər bir işə keçirdi. O, həmçinin maraqlı yazı üslubuna sahib idi. Bütün əlyazmalarını əks istiqamətdə, güzgü effektilə yazırdı.

Leonardo da Vinçinin əsərlərinin ən özəl cəhətlərindən biri budur ki, onun bütün tablolarında, freskalarında, hətta kişi təsvirləri olan əsərlərində  belə, insanların üzündə sirli, sanki yarımçıq qalmış təbəssüm var.  “İsa peyğəmbərin xaç suyuna salınması” əsərində Yəhya peyğəmbər gülür, Madonna Lita gələcəyin peyğəmbəri olacaq qıvrımsaçlı körpənin üstünə əyilərək gülür. Haqqında cildlərlə kitablar yazılmış Mona Liza da gülür. Bu təbəssüm adi, sıradan təbəssüm deyil. Bu, böyük sirləri bilənlərin müəmmalı gülüşüdür.

Leonardo da Vinçinin ömrünün son illəri Fransada keçib. O, Fransa Kralının baş rəssamı, arxitektor və mexanik kimi çalışır, hətta sarayda müşavir kimi də xidmət göstərərək  kralın böyük məhəbbətini qazanır.  Vazari yazır ki, ömrünün sonuna yaxın, Leonardo xəstə olanda Kral ona baş çəkməyə gəlirmiş. Elə bu gəlişlərin birində, da Vinçi huşunu itirir, Kral onun başını yerdən qaldıraraq dizləri üstünə qoyur və dahi rəssam gözlərini əbədiyyən həyata yumur.

Beləliklə, 500 il əvvəl, 1519-cu ildə sənət dünyasının və İntibahın ən parlaq günəşi söndü. Leonardo da Vinçi gözlərini həyata yumdu.

Onun son sözləri özündə sirli bir kədər gizləyir: "Gördüyüm işlər lazımı qədər keyfiyyətli olmadığından bütün insanlığı və Allahı utandırdım".

Bu gün bütün dünya sənət dühasının ölümünün 500 illiyini qeyd edir.

 

 

Dahi rəssam Leonardo da Vinçi haqda olan minlərlə araşdırma kitablarının bir çoxunu www.alinino.az saytından əldə edə bilərsiniz.

 

Müəllif: Lalə Rəhmanova