Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Kim deyir ki qadınlar hər şeyi bacarmaz?!

Kim deyir ki qadınlar hər şeyi bacarmaz?!

Gəlin, ilklərə imza atmış azərbaycanlı qadınlarımızı qürurla xatırlayaq...

 

Azərbaycanın ilk qadın pilotu - Leyla Məmmədbəyova 

Azərbaycanın ilk qadın təyyarəçisi. Leyla Məmmədbəyova. O, 17 sentyabr 1909-cu ildə Bakı şəhərində, qulluqçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Aviasiya məktəbinə daxil olmuş, 1931-ci ildə təcrübəli mütəxəssis kimi Bakı aeroklubunda ilk dəfə U-2 təyyarəsi ilə havaya qalxmışdır. Bundan sonra L.Məmmədbəyova təhsilini davam etdirmək üçün Moskvaya - Mərkəzi Aviasiya məktəbinə ezam edilmiş, 1933-cü ildə Moskva Tuşino aerodromunda ilk paraşüt tullanışını həyata keçirmiş, SSRİ məkanında qadın paraşütçüləri arasında ikinci yeri tutmuşdur. 

Şöhrəti tezliklə bütün ölkəyə yayılan Leyla Məmmədbəyovanın şəkli Moskvada nəşr olunan "Oqonyok" jurnalının üz qabığında verilmiş, şəklin altında isə bu sözlər yazılmışdı: "Türk qadını Şərqin ilk təyyarəçi qadınıdır ". Şəxsi təyyarəsi olan bir ingilis qadını Leylanın Moskva səmasında uçması xəbərini eşidəndə və şəklini "Oqonyok" jurnalında görəndə gözlərinə inanmamışdı. O, şərqli qadının təyyarə sürməsini öz gözlərilə görmək üçün Moskvaya, Tuşino meydanına gəlmişdi. Bu zaman L. Məmmədbəyova "U-2" təyyarəsində səmada dövrə vurub yerə enirdi. Təyyarənin pərləri dayandı, qapı açıldı, əynində pilot paltarı olan iri qara gözlü bir qadın yerə düşəndə ingilis qadın heyrətlə demişdi: "Afərin! Bu, əsl inqilabdır!"

L. Məmmədbəyova Bakı aeroklubunda təlimatçı-təyyarəçi, təyyarəçilər klubunun rəisi, planer-paraşütçü klubunun rəisi, Bakı aeroklubunda dəstə komandiri vəzifələrində çalışmış, aviasiya mayoru rütbəsini də  almışdır.
Böyük Vətən müharibəsi illərində onun rəhbərlik etdiyi klubdan 4000-ə yaxın paraşütçü-desant, yüzlərlə təyyarəçi məzun olmuşdur.
Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyətinə görə SSRİ “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Əmək rəşadətinə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuşdur.

 

 

 

Azərbaycanın ilk qadın naziri – Tahirə Tahirova

O elə bir dövrdə doğulmuşdu ki, oxumaq istəyənləri təqib edirdilər, savad arzusunda olanlar cahillər tərəfindən qətlə yetirilirdi, ziyalı xanımlara barmaqarası baxılırdı. 

Tahirə Tahirova əslən şuşalı olsa da Türkmənistanda dünyaya gəlmiş, daha sonra isə ailəsi ilə birgə Azərbaycana köçmüşdür.

Tahirə xanım Azərbaycan Neft İnstitutunun dağ-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış, daha sonralar ən müxtəlif elmi-rəhbər vəzifələrində işləmişdir. O, həm də neft sənayesi üzrə təhsil alan ilk azərbaycanlı qadın idi. 

1959-1983-cü illərdə o, Azərbaycan SSR xarici işlər naziri və Nazirlər Soveti sədrinin müavini kimi çalışır. Nazir işlədiyi dönəmdə Tahirə xanım iti ağlı, mədəni-siyasi davranışı, ünsiyyət bacarığı və s. bu kimi şəxsi keyfiyyətləri ilə istər ölkəyə gələn xarici qonaqların, istərsə də özü xarici səfərlərdə olarkən həmkarlarının və siyasi xadimlərin rəğbətini qazana bilir. Heç şübhəsiz ki, bütün bunlar nazir xanımdan gərgin zəhmət, yuxusuz gecələr, əsl diplomat səriştəsi, məsuliyyət, ən əsası isə səbr, dözüm və iradə tələb edirdi.
O, dünya ölkələrinin ali məclisində diplomat kimi iştirak etmiş ilk azərbaycanlı qadın olub. T.Tahirova 1960-cı ildə SSRİ nümayəndə heyətlərinin tərkibində Hindistan, Birma, İndoneziya, Əfqanıstanda, 1961-1962-ci illərdə isə SSRİ Qadınlar Komitəsi nümayəndə heyətlərinin tərkibində Tunis, Türkiyə və Əlcəzairə səfər edir. 

 Öz tərcümeyi-halında, o, yazırdı: “Mən gənc yaşlarımdan ictimai fəaliyyətlə məşğul olmağı sevmişəm. İctimaiyyət və insanlar arasında olmaq, onların həyatına təsir göstərəcək müsbət və ən vacib sayılan qərarları qəbul etmək mənim üçün çox maraqlı idi. Ailəmə vaxtım və imkanım çatan qədər diqqət göstərməyə çalışmışam. Baxmayaraq ki, mənim ömrüm daha çox siyasi hadisələrlə dolu aləmdə, fərqli insanlarla görüşlərdə, xarici səfərlərdə keçib, yaşadığım ömür payından narazı deyiləm. Çünki bütün bu etdiklərim sadəcə, xalqımın və millətimin rifahı, xoş gələcəyinə xidmət edirdi”.

 

 

Azərbaycanın ilk qadın bəstəkarı – Ağabacı Rzayeva

Uzun  illər  uşaqların sevimli mahnısına çevrilən  “Kukla”  Azərbaycanın ilk qadın  bəstəkarı  Ağabacı  Rzayevanın   musiqi  xəzinəsinə  bəxş  etdiyi  bənzərsiz  nümunələrdən  biridir.Xoş  melodiyalı,qəlblərə  yatan  mahnıların  müəllifi  olan  Ağabacı  Rzayeva   Azərbaycan musiqi tarixində  özünəməxsus  iz  qoyub. O, 1912-ci  ildə  Bakıda  ziyalı  ailəsində  anadan  olub. Ağabacı   Rzayeva həm, Azərbaycanda, həm  də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın bəstəkardır. Ölməz Ü.Hacıbəyov sənətinin güclü təsiri ilə A.Rzayeva Azərbaycan  şairlərinin – Nizaminin  “Könlüm”, Füzulinin  “Afəti-cansan”, Sabirin  “Zülfi  pərişan  olmasın”  qəzəllərinə  musiqi  bəstələyir. Ağabacı Rzayeva yaradıcılığından danışarkən onun “Höcət eləmə” musiqili komediyasını, “Ögey ana” dramını, variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyeslərini, xalq çalğı alətləri üçün “Şənlik” süitasını da mütləq qeyd  etmək  lazımdır.
Xalq  çalğı  alətləri orkestrinin  tərkibinə  klarnet  alətinin   salınması  da  Ağabacı  Rzayevanın  adı  ilə bağlıdır. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin deputatı olub. “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə  təltif  olunan bəstəkara 1960-cı  ildə Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.

 

Azərbaycanın ilk qadın mexanizatoru – Sevil Qazıyeva

Sevil Qazıyeva — Azərbaycan SSR-də ilk qadın mexanizator, Azərbaycan SSR Ali Sovetinin deputatı. O, 1940-cı ildə Zaqatala rayonunda dünyaya gəlib. Kasıb ailənin zəhmətkeş qızı Sevil Tibb universitetinə qəbul olmasa da əzmini itirmir.   Sovet İKP Mərkəzi Komitəsinin 1959-cu il dekabr plenumu Sevilin həyatında ciddi dəyişikliyə səbəb olur. Mətbuat vasitəsilə plenumun materialları ilə tanış olan mütərrib-tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə, sürücü mexanik olmağa qərar verir. 

Sevil bir neçə rəfiqəsi ilə birgə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə  məktub yazıb, ondan Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edir. Sevil Qazıyevanın və rəfiqələrinin bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Sevil və rəfiqələri bu kursda sürücü-mexanik peşəsinin sirlərini öyrənməyə başlayırlar.

Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir. 1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının ümumrespublika toplanısında Azərbaycan nümayəndə heyətinin tərkibində Sevil Qazıyeva da iştirak edir. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olur, Beyləqanda Tursunoy Axunova kimi kompleks-briqada yaradır və həmin briqadaya başçılıq edir. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. 1962-ci ildə onu Azərbaycan LKGİ-nin XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Sevilin başçılıq etdiyi briqada "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilir. Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Deputat seçilməsi Sevilin qayğılarını daha da artırır. O, eyni vaxtda həm başçılıq etdiyi briqadanın işlərinə nəzarət edir, həm də seçicilərinin problemləri ilə məşğul olur. Tələbə-deputat boş vaxtlarında isə imtahanlara hazırlaşır. Bütün imtahanlardan əla qiymətlər aldığı üçün müəllimləri onu əyani şöbənin tələbələrinə nümunə göstərirmişlər.

Sevil traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü, Mil düzündəki sovxozlardan birinin traktorçular briqadiri işləmişdir. 

 

 

Azərbaycanın ilk qadın kimya alimi və ilk kino aktrisası -  İzzət Orucova

1909-cu ildə Bakıda dünyaya gəlmişdir. Azərbaycan Sənaye İnstitutunun neft texnologiyası fakültəsini 1932-ci ildə bitirmiş, elə həmin ildən Neft Emalı Elmi Tədqiqat İnstitutunda laborant vəzifəsində fəaliyyətə başlamış və laboratoriya rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. İzzət xanım 1947-ci ildə namizədlik,1962-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edərək texnika elmləri doktoru adını almış, həmin ildə də professor adina layıq görülmüşdür. İ.Orucova təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında neft texnologiyası üzrə elmlər doktoru dərəcəsi almış ilk qadındır. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olmuşdur.1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüş, bir sıra orden və medallarla təltif edilmiş, o cümlədən dörd dəfə deputat seçilmişdir. Akademik İzzət xanım Orucova Kanada, Almaniya ,Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil etmişdir. O, neft kimyasının müxtəlif problemlərinə dair 200-dən artıq elmi məqalələrin, 30-a qədər müəlliflik şəhadətnaməsinin və bir cox monoqrafiyaların müəllifidir.

 

 

 

 

 

 

 

İzzət Orucova həmçinin ilk azərbaycanlı kinoaktrisa olmuşdur. Bu, insanların cəmiyyətdə qadınların sosiallaşmasına, xüsusilə, səhnədə görünməsinə alışmadığı zamanlar idi. Belə bir dövrdə kinoya çəkilmək gənc tələbə qızdan böyük cəsarət istəyirdi. İzzət xanım hələ tələbəlik illərində “Azərbaycanfilm” ilə əməkdaşlıq etmiş, 1929-cu ildə C.Cabbarlının pyesləri əsasında lentə alınmış "Sevil ", 1936-cı ildə isə "Almaz "filmlərində baş rollarda çəkilmişdir.

 

 

 

 

 

 

 

 

 

Azərbaycanın ilk qadın snayperçisi - Ziba Qəniyeva

Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir. O, 1923-cü ildə dünyaya gəlmişdir.  1940-cı ildə  Moskvada Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olsa da, müharibənin başlaması ilə onun planları dəyişir. Tibb bacısı kimi könüllü olaraq cəbhəyə yazılan Ziba Qəniyeva sonradan qısamüddətli atıcılıq kursuna göndərilir, pulemyotla işləməyi və snayperçiliyi öyrənir, kəşfiyyat sənətilə tanış olur və cəbhəyə yollanır. 1941-ci il oktyabrın 16-da Fəhlə-Kəndli Qızıl Ordusuna qoşulur. O, Leninqrad və Şimal-Qərb istiqamətində döyüşüb. Taburda ratsiyaçı-kəşfiyyatçı kimi düşmən arxasına keçərək, ratsiya ilə vacib məlumatları ötürürdü və düşmən haqqında xəbərlər verirdi. Diviziyasının ən yaxşı snayperi hesab edilirdi.

Ziba Qəniyevanın cəbhədəki hünərləri həm müharibə illərində, həm də ondan sonrakı illərdə dəfələrlə qəzet materiallarının mövzusu olmuşdur. Tanınmış yazıçı və jurnalist Boris Polevoy onun haqqında "Pravda" qəzetində yazmışdı. Bütün mərkəzi və yerli qəzetlərdə Ziba Qəniyevanın fotoşəkili yerləşdirilib və onun 20 faşisti snayperlə vurulması qürurla qeyd olunurdu.

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycanın ilk qadın dramaturqu - Səkinə Axundzadə

Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuşdur. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmişdir. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görmüş, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərmişdi. Səkinə Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlamışdı. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qaynana" komediyasını yazıb. Milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə almış, bu əsər əsasında isə eyniadlı opera librettosu işləmiş, məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında "Zülmün səmərəsi" adlı dram əsərini yazmışdı. Səkinə xanım Axundzadə “Elmin bəhrəsi”, “Gəlin və qaynana”, “Bəxtsiz bala”, “Zülmün səmərəsi”, “Haqq söz acı olar”, “Şahzadə Əbülfəz” və bir çox pyeslərin müəllifidir. “Zülmün bəhrəsi”ni Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda tamaşaya qoyublar. Əsas rollarda özləri və Kazım Ziyaİsmayıl TalıblıYeva OlenskayaYunis Nərimanov oynayıblar. “Bəxtsiz bala” da bu dəstələrin, digər əsərlər isə qız gimnaziyası tələbələrinin iştirakı ilə göstərilib

 

 

 

 

 

 

 

Azərbaycanın ilk ali təhsilli həkim qadını - Sona Vəlixan

Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur.

1923-1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939-1971-ci illərdə isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946-1960-cı illərdə S.İ.Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur.

Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunmuşdur. S. Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur.

Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi ilə Nobel Komitəsinin diqqətinin özünə cəlb etmişdir. S. Vəlixan ömrünün böyük hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr etmiş, onun rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Prof. S.İ.Vəlixan kliniki işlə bərabər geniş konsultativ işi də aparır, elmi-pedaqoji, müalicə fəaliyyəti ilə yanaşı ictimai problemlərə də böyük məsuliyyətlə yanaşırdı. 1945-1950-ci illərdə o, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.

Professor Sona xanım Vəlixan Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.

 

 

 

Azərbaycanın ilk qadın heykəltəraşı  - Həyat Abdullayeva

Həyat xanım 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olub.  O, Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən “Tutu xanım” və “Həsən bəy Zərdabi” kimi əsərlər yaradır. Daha sonra Bakıya qayıdıb Rəssamlıq Texnikumunda dərs deyir.

Azərbaycanın dəzgah heykəltəraşlığı sahəsi üzrə ilk ali təhsilli heykəltəraş qadını olan Həyat Abdullayevanın  ilk əl işi “Gənc oğlan“ın portretidir. Bundan əlavə, 1950-ci ildən heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin – “Ana” (1955), “Yeddi gözəl” (1957) heykəlcikləri, “Həcər” (1959), “Gənclik” (1960), “Lay-lay” (1963) heykəl-kompozisiyaların, Molla Pənah Vaqifin abidəsi (1957), “İki qız” (1967), “Vəcihə Səmədovanın portreti” (1970), “Sənsiz” (1972) , “Şah İsmayıl”, “Natəvan” və s. müəllifidir.

1950-ci ildə Nizami Gəncəvinin “7 gözəl“ əsərinin motivləri əsasında işlədiyi kompozisiya (farfor) tətbiqi sənət sahəsində ən baxımlı işlərdən biridir.

M.F.Axundov adına Milli Kitabxananın fasadında qoyulmuş Sovet ədəbiyyatının banisi Maksim Qorkinin heykəlini də o yaradıb.

Qeyd edək ki, görkəmli heykəltəraş Həyat Abdullayeva 1964-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 

 

 

 

 

Azərbaycanın ilk peşəkar qadın rejissoru - Gülcahan Güləhmədova-Martınova

Gülcahan  Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan teatr və televiziya rejissoru, Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, professor olmuşdur.

30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatıdır.

Tələbələri arasında" Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistləri, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.

Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulmuşdur: Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov.

 

 

 

 

 

 

 

 

 

06.03.19