Səfillik, aşiqlik, müəllimlik, rahiblik və kitab satıcılığından dəliliyə və dahiliyə uzanan yol!

O, cəmi 10 il rəsm çəkməsinə baxmayaraq, sənət dünyasının dahilik zirvəsinə öz adını yazdırmağı bacardı. Lakin, çox təəssüf ki, Vinsent Van Qoq bu zirvəni vəfatından sonra yalnız səmalardan seyr edə bildi.

30 Mart 1853-cü ildə Hollandiyada dünyaya gələn Vinsent Van Gogh atası tərəfindən qonşu kənddəki məktəbə göndərilsə də zəif və bacarıqsız olduğundan təhsilini yarıda buraxmalı olur. 16 yaşında “Goupil” qalereyasında satıcı kimi işə başlayan Vinsent daha sonra Londona köçür. Həyatını daim təqib edən kədərlə də ilk olaraq elə orada tanış olur.

Kirayə qaldığı evin qızına aşiq olan Vinsent ilk yarasını da elə bu sevgidən gördü. Cəmi 22 yaşı vardı.  Bütün qanını riqqətə gətirən, ruhunu əsarətdə saxlayan bu sevgidə rədd cavabı alan Vinsent dünyada artıq onun üçün heç bir ürəkaçan halın olmayacağını anladı. Bütün ümidləri tarimar olmuş, nə edəcəyini bilmirdi. Bu psixoloji gərginliklə orada qala bilməyən Vinsent Londonu tərk edib Parisə - “Goupil” qalereyasının buradakı şöbəsinə gəldi. Lakin hara getsə də qəlbindəki bu məngənədən xilas ola bilmirdi. Daimi davam edən əsəb gərginliyi, müştərilərlə davranış və iş mühitində nümayiş etdirdiyi qəzəb və anlaşılmaz davranışlar onu yenidən geriyə - evinə qayıtmağa məcbur etdi.  Həyatının bütün mərhələsində onun himayəsini özünə sanki müqəddəs  vəzifə sayan qardaşı Teo onu evinə geri gətirdi.

Hisslərinin dərin boşluğuna düşən Vinsent bəzən günlərlə şəhərin boş küçələrində səbəbsizcəsinə gəzdi, bəzənsə muzey və böyük rəsm qalereyalarında gününü sona yetirdi. O, içindəki rəsm ehtirasının baş qaldırdığından və yalnız bu istəyin onun ən böyük yarasına məlhəm ola biləcəyinin fərqindəydi. Beləliklə, Von Qoq özünü rəsmə verdi...

Onun üçün rəsmdə mövzuya gərək yox idi və Van Qoq sənətin mövzulara bölünməsini qəbul etmirdi. Sadəcə əlinə boyanı alıb, bəzən heç fırçaya belə gərək duymadan boyanı birbaşa kətanın üzərinə axıdıb barmaqlarını işə salırdı.

Lakin yenə də onun ruhunda nəsə çatmırdı. Bu boşluğu doldurmaq və ruhi axtarışlarına son vermək üçün Vinsent şəhərləri, ölkələri gəzdi. Bəzən dil öyrədən bir müəllim oldu, bir dönəm kitab satmağa başladı,  bəzən bir kənddə rahibliklə məşğul oldu, bəzən isə mədənçi kəndlilərin halına yanan, onların rifahı naminə mübarizə aparan “İsa” oldu. Bu, dəlilik idi. Ya da bəlkə, öz daxilindəki çarpışmaların boğmaq istədiyi iç səsi!

Artıq fiziki cəhətdən belə tamamən əldən düşmüş, kəndlilərin sədəqəsinə möhtac qalmış və Tanrıya belə inamını itirmiş  Van Qoqun köməyinə yenidən qardaşı Teo yetişdi.

Vinsent ailəsinin yanına qayıtdı. Lakin məhəbbət bəlası ondan əl çəkmədi. Uzun illər sevgidən məhrum qalmış qəlbi nəhayət ki dul qohumu Kateə aşiq olanda Visent yenidən ümidləndi. Lakin bu sevgi də rədd cavabı alıb daşa dəydi.

Daha sonra o,  qohumu Anton Mauvedən rəsm dərsləri alaraq ilk yağlı boya tablosunu ərsəyə gətirdi.

Artıq dərin məhəbbətdən əlini üzmüş Vinsent bir müddət Sien adlı fahişəylə birlikdə yaşadı. Buna eşq demək olmasa da o, xoşbəxt idi, içindəki böyük insan sevgisini həm rəsmə, həm də Sienə qarşı göstərməkdən məmnun idi. Lakin, bu münasibət Teonun ürəyincə deyildi.

Ailəsinin yanına qayıtdıqdan sonra Vinsent qonşuları Marqot Begemann ilə sevgi macərasına başladı. Onunla evlənmək qərarına gələndə Vinsentin ailəsi bu evliliyə qarşı çıxdı. Bu etiraz Marqotun intihara cəhd etməsi və Vinsentin yenidən dərin sarsılmasıyla nəticələndi.

Atasının vəfatı və Marqotla münasibətin pozulmasından sonra artıq Vinsentin burada qalmağa heç bir səbəbi yox idi. Beləliklə, o, Teonun maddi və mənəvi dəstəyilə Parisə yollandı. Nəhayət ki taleyin onun payına yazdığı əsl sənətinə ruhunu verərək rəssam Kormonun emalatxanasında işə başladı.  Burada o, impressionist rəssamlarla - Lotrek, Pissarro, Sinyak, Pyer-Söra və Pol Qogen ilə tanış olmaq fürsəti qazandı. Parisdə yaşadığı bu bir il ərzində Van Gogh 200-dən çox tablo yaratdı. Bu əsərlər onun yaradıcılığının ən şah əsərləri hesab edilə bilər.

O, Fransanın cənubundakı Arl qəsəbəsinə çox vurğun idi. Buranın yandırıcı günəşi və dənizinin mavisi Vinsenti məftun eləmişdi. Sanki həyatı elə bu qəsəbədən başlamışdı. Burada o həm fiziki olaraq çalışır, həm də çox sevdiyi sənətinin ağuşunda dincəlirdi. Rənglərdən doymayan Van Qoq bəzən hətta boyanı ağzına da aparır, dadına baxıb rənglərlə doymaqdan çəkinmirdi.

Lakin getdikcə bu qızmar günəş Vinsentin əsəblərini gərmişdi. Üstəlik daima narazı və yolagetməz olan Qogen onun həyatını dözülməz hala gətirmişdi. Belə şiddət dolu gərgin gecələrdən birində Vinsent qəzəblənərək boyalarının yanındakı ülgücə əl atdı və Qogenin boğazına dirədi.  Lakin Qogen xilas ola bildi. Dəhşətdən gərilən, hirsi hələ də soyumayan Van Qoq o an heç bir saniyə belə düşünmədən ülgüclə öz qulağını kəsdi. Qogen isə elə həmin gecə onun yanından qaçdı.

Köməyə həmişəki kimi yenə də Teo yetişdi və artıq psixoloji durumunda ciddi problemlər yaranan bu “dəli” dahini ruhi xəstəxanaya yerləşdirdi.

Xəstaxanadan çıxdıqdan dərhal sonra Vinsent yenidən boyalarını və molbertini götürərək tarlaya rəsm çəkməyə getmişdi. Ömründən hələ 37 bahar keçmişdi. Lakin, həyat onu tamamən yormuş, taqətini və həvəslərini öldürmüşdü.  Yaşadığı ruhi sarsıntılar səbəbindən özüylə birgə tarlaya gətirdiyi silahla qarnına atəş açıb sonuncu dəfə qızmar günəşə gözlərini qapadı.

 

Vəfatından sonra Parisdə təşkil olunmuş sərgidə Van Qoqun əsərləri gözlənilməz maraq və şöhrət qazandı. Lakin təəssüf ki bütün ömrünü səfalət və qüssə içində keçirən, dəlilikdən dahiliyə yüksələn böyük rəssam sənətilə yeni bir istiqamət yaratdığını öz gözlərilə görə bilmədi.

Dahi rəssamın əsərləri ( “Ulduzlu gecə”, “Gecə Cafe Terrace”, “Arldakı yataq otağı”, “Sarğılı qulaqlı avtoportret” və s.), həyatı və şəxsiyyəti bu gün də bütün dünyada maraqla qarşılanır və araşdırılır. Bugünədək haqqında çoxsaylı filmlər çəkilmiş, kitablar yazılmışdır.

 Van Qoqla bağlı bütün məhsulları alinino.az saytından əldə edə bilərsiniz.

 

Müəllif: Lalə Rəhmanova