Pərviz Arifin yaradıcılığına ötəri nəzər salmaq kifayətdir ki, onun necə parlaq istedada sahib olduğunu görəsən. O, həm əruz, həm heca, həm də sərbəst vəzndə olduqca gözəl, təsirli şeirlər qələmə almağı bacarır.
SONUNCU GÜNÜN DARIXMAĞI
Mən hələ bu qədər darıxmamışdım
Milyon il ayrılıq günündən keçib.
Lənətəgələsi bu qara pişik
Yenə taleyimin önündən keçib.
Bu nə darıxmaqdı, qurbanın olum?!
Mən hara,
bu qədər darıxmaq hara?!
Öpürəm gecənin qaranlığından
Yumuram gözümü Ay işığına
Deyəsən
gedirəm çox uzaqlara.
Siz ey uzaqlardan gələn adamlar
Siz ey uzaqlıqdan ölən adamlar
Orda da darıxmaq olurmu belə?
Orda da Günəşi qarşılayanlar
Gecələr əlacsız qalırmı belə?
Daş düşsün başına bu darıxmağın
Mən boyda adamın səsini kəsir.
Mən boyda adam da deyirəm,
amma
hələ də qonşunun qara pişiyi
Yanımdan ötəndə
dizlərim əsir.