Kon Fu Dzı (daha çox bilinən adı Konfutsi qədim dövr Çin filosofu və mütəfəkkiri. Kun Tsı da adlanır. Çin fəlsəfi sisteminə onun qədər təsir göstərmiş başqa filosof tapmaq çətindir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona "Yüz min nəslin atası" kimi görkəmli bir adın verilməsi də bunu göstərir.
Dahi Çin mütəfəkkiri Konfutsinin siyasi və etik görüşləri şagirdləri tərəfindən tərtib edilmiş "Lun yuy" ("Söhbətlər və mülahizələr") kitabında ifadə edilmişdir. Konfutsiçilik e.ə. II əsrdə Çində rəsmi ideologiya kimi qəbul olunmuş, dövlət dini rolunu oynamış, çinlilərin dünyagörüşünə və həyat tərzinə əsaslı təsir göstərmiş və indi də göstərməkdədir.
Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına 5-ci və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 81-ci şəxs olaraq daxil edilib.
Konfutsinin aforizmləri əxlaq və dürüstlükdən doğur. Keçmişin dərinliklərinə dalır, oradan cürbəcür hikmətlər çıxarır. Ən başlıcası, pozitiv duyğular aşılaması, yaşamaq enerjisini artırmasıdır. Hikmətli sözlər insanı ali dəyərlərin mövcudluğuna inandırır. Bu səbəbdən yüz illərdir bəşəriyyətin yanında – onun düşüncəsində və məişətindədir. Günün istənilən vaxtında, istənilən işin ortasında bu kitabı açıb göz atmaq yetərlidir ki, içinizdə bir işıq parlasın...