“Uzaq adamlar” bədii intonasiya etibarilə şeir-romandır.
Bu hansısa tanış əhvalı, qoxunu, səsi xatırladan
nostalji, atmosfer romanından nə vaxtsa ətraflı bəhs
etmək imkanım olsa, yaddaşın əsas reseptoru olan qoxuların\
ətirlərin üzərində xüsusi dayanacağıma inanıram.
Romanın mərkəzində bütün yönləri ilə insandır – bu gününü
idarəedən keçmişi, kağız gəmi kimi suya qərq olan
arzuları, təəssüf və təzadları, gerçəkləşən və doğrulmayan
gözləntiləri, təbəddülatları ilə həm hamıdan fərqli,
həm adidən adi – özünütəsdiq və sınaq ideyasının daşıyıcısı
olan yad adam. İnsanın mahiyyəti və emosional
təbiətinin dərinliyinə xüsusi vurğusu ilə seçilən “Uzaq
adamlar” varlığın unikallığının fərqində olan, özünə
yaxınlaşdıqca hamıya yadlaşan, uzaqlaşan insanın yaxından
müşahidələri, ekzistensial ağrı və təlaşlarıdır...
Mətanət Vahid
(Ədəbiyyatşünas, esseist,
filologiya üzrə fəlsəfə doktoru)
Üstünlüklər:
“Uzaq adamlar”dan uzaq olmayaq
Son kitab sərgisindən bu dəfə yalnız yerli müəlliflərin on iki kitabını aldım. Kitabların içində müəllifi qadın olan yeganə əsər Hədiyyə Şəfaqətin “Uzaq adamlar” romanı idi və oxumağa ondan başlamaq qərarına gəldim.
Kitabı ikicə günə su kimi içdiyimi deyə bilərəm. Dərhal da fikirləşdim: Bu əsər niyə Azərbaycan ədəbiyyatında hadisəyə çevrilmədi? Axı dünya ədəbiyyatında bundan qat-qat zəif əsərlər bestellerə çevrilir, ədəbi mühitdə aylarla müzakirəsi gedir. Biz də o əsərləri bəh-bəhlə alıb oxuyur, ağız dolusu tərifləyirik. Mən isə bu əsəri oxumağa bir ildən çox gecikmişəm. Təsadüfən almasaydım bəlkə heç vaxt bu gözəl mətndən xəbər tutmayacaq, zövq almayacaqdım. Çünki heç kim roman haqqında normal bir paylaşım etməyib. Hansı ki, bəzi içi boş əsər və yazarları ancaq reklama görə oxuyur və sonda sərf etdiyimiz vaxta təəssüflənməkdən başqa əlimizdən heç nə gəlmir.
Keçək roman barədə fikirlərə. Ədəbiyyat tənqidçisi deyiləm, olsa-olsa təcrübəli oxucyam, amma bu kitabda çox şey mənə əziz gəldi, ruhumu oxşadı. Səksənlərin sonlarından günümüzə səyahət, yuxu ilə gerçəkliyin qarışığı, mistika, bədii dolanbaclıq burda elə ustalıqla verilib ki, nəyin yuxu, nəyin gerçək, nəyin başlanğıc, nəyin son olduğunu tutmaq olmur. Usta sənətkarlıq sayəsində bu oxucunu heç maraqlandırmır da.
Hədiyyə xanımın söz sərraflığı, cümlə qurmağı, bənzətmələri də bir ayrı aləmdir. Əsər əvvəlində verilmiş peşəkar rəyləri təsdiqləyir, şeir kimi rahat oxunur.
Mən bu əsərdə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərindəki roman içində romanları, Albert Kaamyunun “Yad” əsərindəki hiss içərsində hissizliyi, sevginin ortasında yadlığı, Paolo Koelonun “Kimyagər” əsərindəki öz yolunu tapmaq istəyən insanın başlanğıca qayıtmasını tapdım. Müəllifin ustalıqla və özünəməxsus şəkildə ortaya qoyduğu bu roman yuxarıda sadaladığım böyük əsərlərin hamısını özündə udmaqla daha ritorik və bizə daha doğmadır.
“Uzaq adamlar”da heç bir personajın adı yoxdur. Bu barədə oxucu heç fikirləşmək belə istəmir. Yazar məsələni elə ustalıqla işləyib ki, oxucu bəzi personajları özününküləşdirir və sonda bütün personajlar o, özü olur. Qapını örtüb çıxır.
Mənim üçün ilk sırada yer alan xarici yazar Qabiel Qarsia Markez “100 ilin tənhalığı” əsərində adların məharətlə bir birinə çox yaxın seçilməsi ilə oxucunu personajlar barədə yox, ideya haqqında düşünməyə məcbur edir. Hədiyyə xanım ümumiyyətlə addan istifadə etməməklə öz soyuqqanlı roman üslubunu yaratmış olub. Sanki oxucusuna bələdçilik etmək qayğısına qalmadan deyib: Get, özün özünü axtar!
Yenə əvvələ qayıdaraq deyirəm, bu əsər Azərbaycan ədəbiyyatında hadisədir. Hazırlıqlı oxucu üçün nəzərdə tutulsa da istənilən ədəbiyyatsevəri ovsunlayacaq “Uzaq adamlar”ı bu vaxtadək oxuduğum yerli yazarların əsərləri arasında ön sıralara qoydurm.
Sonda hər bir ədəbiyyatsevərə israrla tövsiyə edirəm. Yazdıqlarım çox azdır!
Mətni nəzərdən keçirin:
Mütləq oxunmalılardan
Möhtəşəm bir əsər! Həm emosional, həm də dərin mənalı idi. Kitabı əlimdən buraxa bilmədim.