Böyüklərə nisbətən uşaq beyni, uşaq dünyası daha həssas, nisbətən təcrübəsiz, saf və zəifdir. Oxuduğu hər kitab, eşitdiyi, şahidi olduğu hər xırda hadisə, hər əhvalat onların düşüncəsinə təsir edərək saf dünyalarının hətta yönünü belə dəyişmək iqtidarındadır.
Hər bir uşağın daima can atdığı və bitməyən, hər zaman parlaq hesab etdikləri bir istək vardır – böyüklərin dünyası! Bu istək bəzən onların kitab seçimində də öz yanlış təsirini göstərə bilir.
Bəs uşaqlar nə oxumalıdır?
Uşaqların oxumalı olduğu kitablarda diqqət yetirilməsi gərəkən başlıca amil kitabın ana xətti, oxucuya ötürmək istədiyi əsas fikirdir. Çünki xəyal dünyaları xeyli geniş və xeyli inkişaf etmiş olan uşaqlara kitabdakı əhvalat və hadisələrdən daha çox, bu əsərlərin şüurun alt qatında qoyduğu izlər təsir edir.
Hazırkı dövrdə kitabların cəlbedici üz qapaqları, sosial şəbəkələrdə yanlış aparılan təbliğatlar və s. Uşaqların kitab seçimində tərəddüdlərə, bəzən hətta yanlışlara da yol aça bilir. Bu səbəbdən də, uşaqların oxuyacaqları kitabları seçiməkdə düzgün istiqamətə yönləndirilməsi olduqca əhəmiyyətlidir.
Bəs elə kitablar varmı ki həm böyüklər, həm də uşaqların marağını eyni dərəcədə cəlb etsin? İllərdir yalnız yetkinlər üçün uyğun hesab edilən, lakin uşaqların da mütləq oxumalı olduqları kitablar hansılardır?
Bu istiqamətdə kiçik bir araşdırma aparıb uşaqların kiçik yaşlarda oxumalı olduğu 10 böyük əsəri topladıq.
1. Çovdarlıqda uçurumdan qoruyan - C.D.Selincer
Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı mənfi təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta əsərin təsirindən intihar edən bir neçə gəncə belə rast gəlinmişdir. ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır.
sifariş et
2. Ceyn Eyr - Şarlotta Bronte
Həyat gözəldir, amma onun sərt üzü də var. Yaşamaq təkcə həyatdan zövq almaq deyil, həm də onun uğrunda mübarizə aparmaq, bu həyatda təsadüfi olmadığını sübuta yetirməkdir. XIX əsr İngiltərə yazıçısı Şarlotta Brontenin qəhrəmanı ən ağır sınaqlardan ləyaqətlə çıxaraq öz təmiz adını qoruyub saxlayır. Onun adı Ceyn Eyrdir. Yüzillər gəlib keçir, dünya dəyişir, amma hər gələn nəsil bu sadə, kimsəsiz qızın amansız taleyinə tabe olmaması, ağır sınaqları dəf edərək səadətə yetməsi haqqında özünün danışdığı həyat hekayətini sevə-sevə oxuyur. O hər bir oxucunu özünə sirdaş edir. Onun həyat yolu insanın mənəvi və əxlaqi qələbəsinin rəmzidir. “Ceyn Eyr” romanı dünya ədəbiyyatının qızıl fonduna daxil olmaqla bərabər ən çox ekranlaşdırılan əsərlərdən biridir. Lakin heç bir film, hətta onun ən uğurlu ekran təcəssümü belə kitab qədər maraq və həyəcan doğurmur, qəhrəman və oxucu arasında məhrəm, səmimi münasibəti əvəz edə bilmir.
sifariş et
3. Bülbülü öldürmək - Harper Lee
Çox təsirli, dramatik romandır. “Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub, dünyanın 40 dilinə tərcümə edilib. Harper Lee həmişə öz kitabını sadə sevgi hekayəsi adlandırıb. Kitab Amerika ədəbiyyatının şah əsəri hesab olunur.
“Bülbülü öldürmək” romanında müəllif uşaqlıq illəri ilə bağlı unudulmaz xatirələrini qələmə alıb. Roman ilk dəfə 1960-cı ildə nəşr olunub, elə həmin ildə də bestsellerə çevrilib, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 1961-ci ildə Pulitzer mükafatına layiq görülüb, daha sonra kitab əsasında film çəkilib.
sifariş et
4. Ağ diş - Cek London
Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Yəni heyvanda insan kimi şüura sahibdir, düşünür və hər bir hissi duya bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir.
5. Oliver Tvistin macəraları - Çarlz Dikkens
Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan "Oliver Tvist" romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarı ilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir.
6. Üş muşketyor - Aleksandr Düma
Aleksandr Dümanın “Üç muşketyor” romanı fransız ədəbiyyatının ən gözəl əsərlərindən biridir. Az qala iki əsr bundan əvvəl yazılmasına baxmayaraq bu əsər müasir dövrdə də öz populyarlığını itirməyib. Maraqlı, dinamik süjet, macəra axtaran gənclərin dolğun obrazları, onlardakı şücaət göstərmək yanğısı, hisslərin romantikası – bütün bunlar təkcə Fransada deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da oxucuları valeh edir. Bu roman əsasında 1911-ci ildən etibarən onlarla film çəkilib və yenə də çəkilməkdə davam edir. “Üç muşketyor” elə bir ədəbi-bədii xəzinədir ki, zaman bu xəzinəni daha da zənginləşdirir, yeni ədəbi nəsillərin tükənməz sərvətinə çevirir.
7. Zəncirotu şərabı - Rey Bredberi
1928-ci ilin yayı 12 yaşlı oğlan üçün şərab hazırlanma ili idi. Yaşıl almaların, biçilmiş otların, yeni idman ayaqqabılarının ili idi. Həmin il o işıldaquşları bankaya doldurub gecələr onların işığında gün ərzində gördüklərini yazırdı. Həmin il nənəsinin dadlı yeməklər bişirdiyi il idi. Eyni zamanda bu yay kədər dolu bir yay idi. 12 yaşlı Duqlas Spauldinqin həyatının bir yayına Ray Bradbury əbədi həyat verib.
“Zəncirotu şərabı” romanına Ray Bradbury-nin avtobioqrafik romanı da demək olar. O uşaqlığını keçirdiyi şəhəri bu romanda “Yaşıl şəhər” adlandırıb. Bu romandan qabaq Ray Bradbury “Zəncirotu şərabı” adlı hekayə yazmışdı. 1953-cü ilin iyun ayında işıq üzü görən hekayəni sonralar genişləndirib roman etdi.
Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb: təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Kiçik Prins” povesti o ədəbiyyat örnəklərindəndir ki, həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla oxunur.
9. Tufanlı yoxuşlar - Emili Bronte
Artıq oturuşmuş düzəni yerli-dibli dəyişdirəcək bir dövrün, bütövlükdə gərdişi-dövranı kökündən silkələyəcək yeni bir eranın başlanğıcı ərəfəsində qosqoca Ernşolar ailəsinin başçısı kənddən şəhərə yola düşür və üç gündən sonra doğma balalarına vəd etdiyi hədiyyələr əvəzinə, hansısa yolayrıcından tapdığı yabançı bir uşaqla geri dönür. “Atılmış cılız döl olub, pis yetişən bu düdəməni” o özünün iki ciyərparası ilə birlikdə boya-başa çatdırmağa qərar verir. “Bicəngə”ni “Hitsklif” adı ilə xaç suyuna çəkirlər və elə o vaxtdan bəri bu onun həm xristian adına, həm də soyadına dəlalət edir. Ev sahibi Hitsklifə çox qəribə yanaşır, hər sözünə mömincəsinə inanır, onu fövqəl-mübarək mirastək əzizləyib ərköyünlüyə alışdırır ki, bu da Hitsklifi get-gedə arxayınlaşdırır- böyüdükcə hər şeyin ən yaxşısını ələ keçirməyə ruhlandırır və ağlı kəsməyə başlayandan dəlicəsinə gözəl Ketrinə vurulur. Fəqət günlərin bir günü istəklisinin onu sevməyinə rəğmən, kübar əsilli birisinə ərə getməyə hazırlaşdığını eşitcək, baş götürüb mahaldan qaçır və bir də üç il sonra – qiyafəsini dəyişmiş, zahirən əsilzadəyə çevrilmiş halda geri qayıdır. Beləliklə, ailə qurmuş nazəninin də, nakam aşiqin də qəlbində köhnə sevgi yenidən alovlanır, hissləri əndazəni aşaraq ilahi mahiyyət alır və bu sevda bütün eli-obanı vəlvələyə salır. Sağlığında Ketrinə sahiblənə bilməyən Hitsklif, intiqamını yaxınlarından alır- ilahi sevgisinə – sevgilisinə isə yalnız məzarda qovuşur – özü də ruhən yox, cismən…
10. Ağ zanbaqlar ölkəsi - Qriqori Petrov
“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Rusiyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Finlandiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.
Müəllif: Lalə Rəhmanova