Alexandra Laurensiçin 12 hekayədən ibarət “Ağla gəlməyən gün” kitabı həyatın gerçəkliklərini, ictimai və bəzən də siyasi reallıqları əks etdirən əhəmiyyətli ədəbi-bədii nümunədir.
Hekayələrdə ananın oğluna istədiyi imkanları vermək üçün qurduğu dolaşıq strategiya, qızcığazın öz nüfuzundan sui-istifadə edən azğın həkim qarşısında çarəsizliyi, anaları sağ olarkən möhkəm bağlarla bir-birinə bağlı olan övladların miras üstündə davaları, həyata fərqli gözlərlə baxan doqquz yaşlı əkiz bacıların kitab oxuyarkən özlərini göyün yeddinci qatında hiss etmələri, sosial şəbəkə aludəçisinə çevrilmiş qadının yeni doğulmuş körpəsinin taleyinə laqeydliyi, atılan böhtan və yalanın ləyaqətli ömür sürmüş bir qadının həyatını alt-üst etməsi və s. kimi məharətlə təsvir edilmiş insan duyğuları qəlbi riqqətə gətirir.