Hər yanı yandırıb-yaxan I Dünya müharibəsi Ərzurumun Pinaduz kəndindən də yan keçmir. Qaniçən rus və erməni çətələri kənd əhalisinə divan tutur. Ömrünün baharında əsarətin qışını dadan Bəkir dəhşətli işgəncələrə, aclığa, soyuğa məruz qalarkən bir tərəfdən də həyatı, insanlığı sorğulayır. Bu əsarət dastanına ölümün və yoxluğun zülməti arasından gözlənilməz bir eşqin işığı sızır. İndi o bu eşqin işığına sığınıb evə qayıdan yolları tapmalıdır.
Türkiyəli tanınmış şair, yazar Nurullah Gəncin öz babasının həyatından qələmə aldığı bu roman insanın ən çətin anlarında onu ayaqda saxlayacaq, mübarizəyə davam etdirəcək səbəbləri, dəyərləri göz önündə canlandırır. Bu kitab həyatda yaşadığı bütün iztirablara rəğmən məğlub olmayanların hekayəsidir.