«Getmə» romanını müəyyən mənada «həyatın protokolu» kimi səciyyələndirmək olar. Amma əsəri ictimai həyatın, sosial hadisələrin, ayrı-ayrı epizodların xronikası kimi qəbul etmək doğru olmazdı, roman – insan bioqrafiası ilə tarixin kəsişməsində yaşananların, bir-biri ilə çulğaşmış insan talelərinin polifonik səlnaməsidir. İnsan və zaman, xeyir və şər, insan müsibətləri və xoşbəxtlik, həyat və ölüm – bütün bunlar iki müstəvidə öz əksini tapır – gerçəklik bəzən mistik auraya bürünür, simvolik xarakterli lövhələr isə, xəyali ümumiləşdirmələrdə bütöv bir tablo yaradır. «Getmə» romanı zövqlu oxucuların üstünlük verdiyi əsərlərdəndir.
Bu kitabı çox təsadüfi şəkildə əldə etmişdim. Bir dəfə kitab mağazında kitab alanda əlimdə bir neçə kitab vardı, vərəqləyib məzmunlarına baxırdım. Qəfildən bir cənab yaxınlaşıb soruşdu ki "Neçə kitab almısan?". Hələki 5 kitab aldığımı dedim. Sonra anidən aldığım kitabların üstünə bu kitabı qoyub dedi "Bu da 6-cı məndən sənə hədiyyə. Get oxu, əgər bəyənsən, sənə kiçik də olsa təsiri olsa, imzaladarsan". O an çaşqınlıq içərisində kimliyini, bu kitabı niyə mənə verdiyini soruşa bilmədim, sadəcə nə baş verdiyini anlamağa çalışaraq təşəkkür etdim. Kitabı götürəndə açığı öz-özümə fikirləşdim ki, yəqin ki diqqətimi cəlb etməz, mən oxuduğum tərz kitab deyil. Saxladım ki, nə vaxtsa elə-belə nəzərdən keçirərəm. Bir gün təsadüfən kitablarımı yığanda qabağıma çıxdı. Əlimə aldım ki 1-2 səhifəsinə baxım, görüm məğzi nədir. Birdə fərqinə vardım ki, o "1-2 səhifə" məni kitabın sonuna gətirib. Kitabı bitirəndə həmin kitabı mənə verən adam yadıma düşdü, deməli mənə boşuna verməmişdi. O an içimdə ona minnətdarlıq duydum ki, məni bu kitabla tanış edib. Həqiqətən oxuduqca özümü kitabın içində hiss edirdim. Sanki orada olanları yaşayırdım. Hər şeydən əlavə kitab mental, mənəvi və elmi olaraq o qədər gözəl təsir bağışladı ki, əminəm ki, hər kəsə tövsiyə edəcəyim kitablardan olacaq.
Bəlkə də dünyada neçə-neçə Əsmərlər, Həmidlər vardır, kimlər ki, biz oxucuları zamanın, sevdiklərinin dəyərini daha yaxşı anlamağa sövq edir.
Bilmirəm, bəlkə də, bunu hədiyyə edən şəxslə yenə qabaqlaşacam. Amma qabaqlaşa bilməsəm də, söz verirəm ki, kitabı imzaladacam!