Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” romanı 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Azərbaycanın ucqar bir kəndində yaşayan ailələrin, xüsusilə gənc qızların həyatını əks etdirən güzgüdür. Əsər o dövrün sosial-mənəvi çətinlikləri ilə üz-üzə qalan gənclərin daxili dünyasına nüfuz edir, hadisələri dramatikləşdirmədən çılpaq həqiqəti göstərir.
“Qonşu evin işıqları” nə sevgi hekayəsi, nə özünüdərk, nə üsyandır. Roman iki gənc qızın gündəlik həyatının, arzularının, mübarizələrinin təbii, sünilikdən uzaq təqdimatıdır. Müəllif oxucularını həyatın gözəlliyini, ağrı-acısını kəşf etməyə, dünyanı gənclərin gözü ilə, daha aydın və təbii şəkildə görməyə çağırır.