Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Uşaqlıqda oxuduqlarımız kim olduğumuzu formalaşdırır

Bir çox insan səhvən düşünür ki, uşaq vaxtı oxunan ədəbiyyat böyüklük dövründə oxunan əsərlər qədər insanın şəxsiyyətinə təsir etmir. Yazıçı Mak Barnet isə bu fikirlə razılaşmır və Gizli qapı: Uşaq kitabları niyə çox ciddidir” adlı kitabında bunun əksini sübut edir. Forbes Young kitab sənayesi nümayəndələri, gənc oxucular və psixoloqlarla söhbət edərək uşaq ədəbiyyatının şəxsiyyətin formalaşmasında oynadığı rolu araşdırıb.

 

İnamdan könüllü imtina

 

“Gizli qapı: Uşaq kitabları niyə çox ciddidir” adlı “Alpina Publisher” nəşriyyatından çıxan kitabında Mak Barnet uşaq ədəbiyyatının guya ikinci dərəcəli sənət forması olması fikrinə meydan oxuyur. O, əmindir ki, uşaq ədəbiyyatı tamhüquqlu bir incəsənət növüdür və uşaqlar üçün təsəvvür, yeni mənalar və özünü tanıma dünyasına açılan gizli qapılardır. Yazıçı hesab edir ki, yaxşı kitab çox tədris yönümlü olmamalı, müəllifin vəzifəsi isə həm maraqlı, həm də səmimi hekayələr danışmaqdır. Belə əsərlər uşağın dünyagörüşünü genişləndirir, fərqli ideyalarla tanış olmağa və hisslərini dərk etməyə kömək edir. Uşaq kitabları insanın düşüncə və təxəyyülünü inkişaf etdirir, dünyanı anlamağı öyrədir, həm özünə, həm də başqalarına münasibəti uzun illər boyu formalaşdırır.

 

Mak Barnetin fikrincə, uşaq oxucu həm etibarlı, həm də minnətdardır: Yazıçı oxucuya deyir:

- İndi sənə yalan danışacağam.

Oxucu isə cavab verir:

- Əla, mən də sənə inanacağam.

 Böyük ingilis romantik şairi və tənqidçisi Samuel Kolridc bunu inamdan könüllü imtina adlandırırdı. Uşaqlar isə sadəcə guya deyirlər və inanırlar.

 

Ailə qədər təsirli

Psixoloqlar hesab edirlər ki, uşağın oxuduğu əsərlər onun üzərində ailəsi qədər təsir buraxır. Müxtəlif yazarlardan mənimsənilən ideyalar sonradan insanın daxili düşüncələrinin bir hissəsinə çevrilir. Klinik psixoloq Aliya Sabirzyanova qeyd edir: “Uşaq kitablarını biz adətən parlaq, isti xatirələr kimi xatırlayırıq — axşam işığı, yaxın birinin səsi, sevimli qəhrəmanlar. Amma bu nostalji pərdəsini qaldırsaq, aydın görünür ki, bu hekayələr sakit şəkildə bizim psixoloji təməlimizin bir hissəsinə çevrilir — ailə, məktəb, dostlar və ətraf mühitin təsiri ilə yanaşı.”

 

Qeştalt-terapevt Valentin Oskinin sözlərinə görə, insan yazıçı ideyalarını birbaşa qəbul etmir — onları öz reallığına uyğunlaşdırır. “Amma, əlbəttə, başqa hallar da olur,” — deyə o əlavə edir, — “insan yazılanı olduğu kimi qəbul edir və tənqidi düşünmür. Bu, gənclər üçün başadüşüləndir, lakin böyüklər üçün bəzən zərərli və məhdudlaşdırıcı ola bilər.”

 

Psixoloq bildirir ki, uşaq oxuduğu əsərdən nəticə çıxarmaqda hər zaman müstəqil olmur və böyüklərin köməyinə ehtiyac duyur. O həmçinin vurğulayır ki, oxu prosesi könüllü olmalıdır. Məcburiyyət çox vaxt gəncləri oxumaqdan uzaqlaşdırır və bu, böyüklükdə belə vacib məlumatların qəbulunu çətinləşdirə bilər.

 

Ehtiyat gedişlər

Valentin Oskin hesab edir ki, uşaq vaxtı oxunan ədəbiyyat yalnız insanın dəyərlərinə və yaxşı-pis anlayışına deyil, həm də gələcək peşə seçiminə təsir göstərir. Məsələn, fantastika oxuyanlar sonradan layihə təxəyyülünə, sistemli düşünməyə və elmi maraqlara meyl edirlər, klassik ədəbiyyat oxuyanlar isə daha incə sosial bacarıqlar qazanırlar.

 

Aliya Sabirzyanova əlavə edir: “Uşaq kitabları bizə ‘ehtiyat gedişlər’ qazandırır — hisslər lüğəti, qərar nümunələri, özümüz və başqaları ilə ünsiyyət yolları. Biz bu ‘gedişlərin’ hamısından istifadə etməyə borclu deyilik, amma onların mövcudluğu bizi azad edir — seçim imkanını genişləndirir, alternativlər yaradır.”

 

Əgər uşaq vaxtı formalaşan təsəvvürlər böyüklükdə məqsədlərə uyğun gəlmirsə, bunu ədəbiyyat vasitəsilə dəyişmək mümkündür. Psixoloq tövsiyə edir: “Bir vərəq götürün və uşaqlığınızdan üç-beş sevimli qəhrəmanı yazın — onlar çətinliklərin öhdəsindən necə gəlirdilər, qaydalara necə yanaşırdılar, məqsədlərinə hansı qiymətə çatırdılar. Sonra öz son qərarlarınızı yazın. Çox vaxt oxşarlıqlar heyrətləndirici olur. Bu, özünüzü qırmaq üçün deyil, yenilənməyə bir dəvətdir: köhnə ssenari mane olursa, onu yeni hekayələr, söhbətlər və təcrübə ilə — ailəvi oxu və ya terapiya vasitəsilə — dəyişmək olar.”

 

Forbes Young kitab sənayesi nümayəndələri və gənc oxuculardan soruşdu ki, uşaqlıqda oxuduqları kitablar onların həyatına necə təsir edib. Bu hekayələr bir şeyi sübut edir: uşaqlıqda oxuduqlarımız sonrakı oxu təcrübəmizdən daha vacibdir.

 

 

 

Artyom Roganov - yazıçı və ədəbiyyat tənqidçisi:

Ədəbiyyat dünyasına açılan öz gizli qapımı mənə Lidiya Şulginanın Çay içməyə gəlin kitabını oxuyub göstərdiklərində tapdım. Qəribə heyvanlar haqqında bu nağıl məni yarımçıq qalan məqamları ilə heyrətləndirdi — bu qəribə, ağıllı varlıqların haradan gəldiyini, onları harada tapmaq və bir-birləri ilə necə münasibətdə olduqlarını anlamaq mənim üçün çox vacib idi. Öz ehtimallarımı yazmağa başladım — elə kitabın içində, qabaq vərəqdə, əyri-üyrü hərflərlə. O vaxt hələ məktəbə getmirdim.

İbtidai məktəbdə artıq Üzüklərin hökmdarı, mumilər və Skandinaviya mifləri ilə tanış oldum, amma o ilk “bağlantı” məhz Şulgina nağılı ilə baş verdi. Hələ də elə kitabları sevirəm ki, orada az da olsa bir sirr qalır — oxucuya düşünmək və fərziyyə yürütmək imkanı verir.

 

Anna Laur -  redaktor və kitab icmalçısı

Yazıçının yaratdığı dünyaya tam şəkildə qərq olduğum ilk oxu təcrübəsini mən üçüncü sinfə keçəndə və cib xərcliyi almağa başlayanda yaşadım. O pulları böyük sevinclə kitab mağazasında xərcləyirdim — Vladislav Krapivinin “Tsentropoligraf” nəşriyyatı tərəfindən buraxılmış əsərlər toplusunu alırdım. Niyə məhz onu seçdiyimi indi xatırlamıram. Yəqin ki səbəb onun mənim kimi Yekaterinburqlu olması və kitablarının yerli mağazalarda asanlıqla tapılması idi.

Məktəbdən gələndən sonra axşama qədər oxuyurdum — Karronad meydanından üçlük”, “Qılınclı oğlan”, “Sarı çəmənlikdə göyərçin yuvası”... Bu kitabların içində mənimkindən tam fərqli bir uşaqlıq var idi — oğlan uşaqlarının müharibədən sonrakı kasıb, ac, amma dəniz havası və dəniz ləqəbləri ilə dolu həyatı. Ümumilikdə bu uşaqlıq xoşbəxt idi, amma qəhrəmanın anasının işdən hələ qayıtmamasına duyduğu həsrət və itirilmiş dostluğun kədəri ilə dolu idi. Və bu dünyadan ayrılmaq mümkün deyildi.

O vaxt ilk dəfə kitab sayəsində başqa bir insanın həyatını yaşamağın nə demək olduğunu anladım. Bəlkə, bir az pafoslu səslənir, amma düşünürəm ki, Krapivinin kitabları olmasaydı, mən tamam başqa bir insan kimi böyüyərdim — daha yaxşı, ya da pis, bilmirəm, amma mütləq başqa cür.

 

Polina Xodus -  tələbə, 21 yaş

Bəlkə də adını çəkəcəyim kitab çoxlarının ağlına gələcək, amma mən səmimi olacam — Harry Potter seriyası. Mənim yaşıdlarımın çoxu üçün bu kitablar şəxsiyyətin formalaşmasında və inkişafında mühüm mərhələ olub. Sehrli Hoqvarts, möhkəm dostluq, ilk sevgi — bunlar romanlarda toxunulan mövzuların yalnız kiçik bir hissəsidir.

 

Uşaqlıqda oxuduqlarımız bizim zövqlərimizi və maraqlarımızı bütün həyat boyu formalaşdırır. Bu kitablar təkcə əyləndirmirdi, həm də dözümlü olmağı, çətinliklər qarşısında cəsarəti, etdiyin hərəkətlərə görə məsuliyyət daşımağı, sədaqəti və yaxın insanları dəstəkləməyi öyrədirdi. Düzünü desəm, indi artıq fantastik əsərlərə o qədər marağım yoxdur, amma Harry Potter”i  yenidən oxuyanda tez-tez düşünürəm ki, bəzən bu kitabda “həqiqi həyat” haqqında olan bəzi klassik romanlardan daha çox realizm var. Qəhrəmanlar qorxularla üzləşir, mənəvi seçimlər edirlər, sınaqlar vasitəsilə böyüyürlər — bütün bunlar ilk baxışda göründüyündən daha çox gerçəkliyə yaxındır.

 

Bəlkə də elə buna görə indi ən çox o kitablar mənə maraqlı gəlir ki, orada fantaziya dərin insani mövzularla birləşir. Şüuraltı olaraq əlim hələ də macəra dolu hekayələrə, hərəkət və daxili inkişaf olan əsərlərə uzanır. Düşünürəm ki, məhz uşaqlıqda oxuduğum kitablar mənə əsərlərdə janrı deyil, mənanı və özünə qarşı səmimiyyəti axtarmağı öyrədib.