“Rəvayətlər və Hekayətlər” adlı bu kitab 3 böyük kitabdan ibarət olan “Hikmətnamə” əsərinin birinci kitabıdır.12 fəsildən, 150 hekayətdən ibarət olan kitab fəlsəfi fikirlərlə zəngindir. Bildiyimiz kimi, elmi əsərlər insanın müəyyən sahədə biliyini artırır, fəlsəfi fikirlərlə zəngin olan əsərlər isə dünyagörüşünü artırmaqla yanaşı, həm də insanı yetkinləşdirir.
Rəvayətlər və Hekayətlər” kitabı qeyd etdiyimiz kimi on iki fəsildən ibarətdir. Kitabın 10 hekayətdən ibarət olan birinci fəsli Vətən və Vətənpərvərlik haqqındadır. Bu hekayətlərin hamısında vətənə sevgi və vətənpərvərlik duyğuları önə çəkilir. 15 hekayətdən ibarət olan ikinci fəsil hökmdarlar haqqındadır. Bu hekayətlərdə əsas etibarı ilə dövlət başçılarının xarakterlərindən və idarəçilik üslublarından bəhs olunur. Əxlaq və Tərbiyə haqqında olan üçüncü fəsil 10 hekayətdən ibarətdir. Buradakı hekayətlərin hamısının əsasında etik məsələlər durur. 15 hekayətdən ibarət olan dördüncü fəsil Peşmançılıq haqqındadır. Bu hekayətlərin, demək olar, hamısı insanın etdiyi səhvlər nəticəsində yaranan peşmançılıqdan bəhs edir. Beşinci fəsil Dostluq və Məhəbbət haqqındadır. On hekayətdən ibarət olan bu fəsildə hekayətlərin beşi dostluğa, digər beşi isə məhəbbətə həsr olunub. Ailə haqqında olan altıncı fəsil 15 hekayətdən ibarətdir. Hekayətlərin hamısı dövlət içində dövlət olan ailədən bəhs edir. 10 hekayətdən ibarət olan yeddinci fəsil Ədalət və Şəxsiyyət haqqındadır. Buradakı hekayətlərdən altısında ədalət mövzusuna, dördündə isə şəxsiyyət mövzusuna toxunulmuşdur. Səkkizinci fəsil Həqiqət və Yalan haqqındadır. Bu fəsildə olan 15 hekayətin hamısında həqiqətin yalan üzərində qələbəsindən danışılır. Əliaçıqlıq haqqında olan doqquzuncu fəsil 10 hekayətdən ibarətdir. Bu fəsildə olan bütün hekayətlər adından göründüyü kimi insanın ən gözəl xüsusiyyətlərindən biri olan əliaçıqlıqdan bəhs edir. 15 hekayətdən ibarət olan onuncu fəsil Böyüklər və Kiçiklər haqqındadır. Bu hekayətlərin hamısında böyüklərlə kiçiklərin münasibəti müxtəlif istiqamətlərdən önə çəkilir. Sağlamlıq həqqında olan on birinci fəsil 10 hekayətdən ibarətdir. Bu fəsildə olan bütün hekayətlərdə Sağlamlıq mövzusu başlıca yer tutur. 15 hekayətdən ibarət olan sonuncu – on ikinci fəsil isə müxtəlif mövzular haqqındadır ki, bunların da hamısı aktual mövzulardır.
Hər kitab ona görə yazılır ki, onun oxucusu olsun. Biz də ümidvarıq ki, Allah-Təalanın lütfilə bu kitabın oxucusu çox olacaq və insanlar bundan kifayət qədər faydalanacaq.Sonda bildirmək istərdik ki, 3 kitabdan ibarət “Hikmətnamə” əsəri indiyə qədər dünyada yazılmış 3 böyük nəzm əsərindən biridir.