28 iyun tarixində keçirilən görüşlərlə “Əli və Nino” kitab klublarının iyun ayı proqramı uğurla başa çatdı.
İlk olaraq Uşaq Kitab Klubunda Neil Gaimanın “Qəbiristanlıq kitabı” əsəri müzakirə olundu. Balaca oxucular kitabın qəhrəmanları, dostluq, cəsarət və seçimlər mövzusu ətrafında öz fikirlərini bölüşdülər.
Ardınca Azərbaycan dili Kitab Klubunda Nadia Vassefin “Qahirədə bir kitabçı” əsəri müzakirə edildi. İştirakçılar müəllifin şəxsi təcrübəsi, kitab mağazasının yaranma hekayəsi və Misirdə kitab mədəniyyəti haqqında maraqlı söhbətlər apardılar.
Rusdilli Kitab Klubunda isə Nadia Vassefin «Каирские хроники хозяйки книжного магазина» əsəri oxucular tərəfindən təhlil edildi. Görüş zamanı kitabın əsas ideyaları və müəllifin qaldırdığı sosial mövzular geniş müzakirə olundu.
Ayın son görüşü İngilisdilli Kitab Klubu çərçivəsində baş tutdu. Oxucular Freida McFaddenin The Housemaid romanını müzakirə edərək əsərin psixoloji gərginliyi, süjet xətti və gözlənilməz sonluğu ilə bağlı fikirlərini bölüşdülər.
Fərqli yaş qruplarını və dilləri bir araya gətirən iyun ayı kitab klubları yeni tanışlıqlar, maraqlı müzakirələr və unudulmaz oxu təcrübəsi ilə yadda qaldı.


