“Əli və Nino” kitab mağazalar şəbəkəsinin uşaq kitab klubu çərçivəsində isveçli yazıçı Astrid Lindqrenin məşhur “Mio, mənim Miom” əsərinə həsr olunmuş görüş keçirilib. İsveç Səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə uşaqlar əsərin qəhrəmanları, dostluq, cəsarət, sevgi və xeyirlə şərin mübarizəsi haqqında fikir mübadiləsi aparıblar.
Tədbirdə İsveçin Azərbaycandakı səfiri xanım Luis Morsinq da iştirak edərək uşaqlarla bir araya gəlib. Görüşün xüsusi məqamlarından biri isə İsveç Səfirliyinin uşaqlara hədiyyə etdiyi “Mio, mənim Miom” kitabının 15 nüsxəsi olub.
Bu təşəbbüs uşaqlarda mütaliəyə marağın artırılmasına, ədəbiyyat vasitəsilə fərqli mədəniyyətlərin tanıdılmasına və kitab ətrafında yaradıcı müzakirə mühitinin formalaşdırılmasına töhfə verib.