25 yanvar tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında silsilə yaradıcılıq masterklassları uğurla keçirildi. Gün ərzində fərqli yaş qruplarından olan iştirakçılar həm yeni bacarıqlar qazandılar, həm də yaradıcı atmosferdə xoş vaxt keçirdilər.
Tədbirlər “Dilək bankası hazırlayaq” masterklassı ilə başladı. İştirakçılar öz arzularını simvolik şəkildə yazaraq fərdi dizaynda dilək bankaları hazırladılar.
Daha sonra keçirilən gips boyama masterklassında hər kəs öz zövqünə uyğun fiqurları rəngləyərək yaradıcılığını nümayiş etdirdi. Terrarium masterklassı isə xüsusilə böyük maraqla qarşılandı – iştirakçılar canlı bitkilərlə mini bağçalar yaradaraq təbiəti öz əlləri ilə formalaşdırdılar.
Günün ikinci yarısında tikiş və toxuma masterklassları keçirildi. Bu məşğələlərdə iştirakçılar əl bacarıqlarını inkişaf etdirməklə yanaşı, əl işi məhsullar hazırlamağın zövqünü yaşadılar.
Tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və hər kəs xoş təəssüratlarla günü başa vurdu.



