Gün Uşaq Kitab Klubu ilə başladı. Balaca oxucular Roald Dahlın “Dünya Çempionu Dənni” kitabı haqqında rəngarəng müzakirə apardılar, qəhrəmanların macəralarını canlandırdılar və öz təsəvvürlərini bölüşdülər. Səmimi atmosfer valideynlər tərəfindən də böyük rəğbətlə qarşılandı.
Ardınca İngilis Kitab Klubu məşhur “Ali and Nino” romanı ətrafında toplaşdı. Oxucular Şərq və Qərb mədəniyyətlərinin toqquşmasını, əsərin tarixi fonunu və romanın Azərbaycan identikliyini necə təqdim etdiyini müzakirə etdilər.
Günün növbəti görüşü Rus Kitab Klubunun seçimi olan “Глаза Моны” əsərinə həsr olundu. İştirakçılar kitabın sənət tarixi elementlərini, simvolizmini və psixoloji dərinliyini təhlil etdilər. Fərqli baxışların toqquşduğu maraqlı debat görüşü daha da canlandırdı.
Günün son görüşü isə Azərbaycan Kitab Klubunun seçimi — İrvin Yalomun “Nitsşe ağlayanda” romanı oldu. Oxucular əsərin fəlsəfi və psixoloji məqamlarını, insan şüurunun və daxili dəyişimin təsvir edilmə tərzini müzakirə etdilər. Zəngin fikir mübadiləsi ilə yekunlaşan görüş günün ən düşüncəli hissələrindən biri oldu.
Beləcə, 23 noyabr “Əli və Nino”da kitablarla yaşayan, oxu mədəniyyətini paylaşan və müxtəlif dildə danışan oxucuları bir araya gətirən unudulmaz bir günə çevrildi.



