Oxu mədəniyyətini təşviq edən “Əli və Nino” Kitab Klubu bu dəfə oktyabr ayı üçün dörd maraqlı kitab seçib. 26 oktyabr tarixində Crescent Mall filialında keçiriləcək kitab klubu görüşləri oxuculara ədəbiyyatı dərinliklə dərk etmək, müəllif fikirləri və obrazlar üzərində maraqlı müzakirələr aparmaq imkanı yaradacaq.
Görüşlər gün ərzində fərqli saatlarda baş tutacaq və müxtəlif janrları əhatə edəcək: yerli müəllifdən psixoloji roman, müasir Amerika ədəbiyyatından sosial tənqidi əsər, həmçinin satirik və fantastik janrda beynəlxalq bestsellerlər.
Tədbir proqramı:
-
11:30 – Barbara Kinqsolver, “Demon Copperhead”
Pulitzer mükafatına layiq görülmüş bu əsər sosial problemləri, kasıblıq, mübarizə və həyatın sərt reallıqlarını dərin bədii dillə əks etdirir. Oxucular əsərin insan talelərinə dair verdiyi mesajları birgə müzakirə edəcəklər. -
13:00 – Rebekka Kuang, “Йеллоуфейс (Yellowface)”
Müasir ədəbiyyat dünyasının səs-küylü romanlarından biri olan “Йеллоуфейс” müəlliflik, kimlik və mədəni mənsubiyyət mövzularını satirik dillə araşdırır. Rebekka Kuang oxuculara həm ədəbiyyatın görünən, həm də görünməyən tərəfləri haqqında düşündürür. -
14:30 – Mürşüd Mehdi, “Evdəki yad”
Yerli yazıçı Mürşüd Mehdi bu romanında ailə münasibətləri, sirr və yadlaşma kimi mövzuları dərin psixoloji tonla təqdim edir. Oxucular müəlliflə birbaşa görüşərək əsərin yaranma prosesi və ideyası haqqında daha çox öyrənə biləcəklər. -
16:30 – Mixail Ende, “Sonsuz hekayə”
Fantastika janrının klassik nümunəsi sayılan bu əsər həm uşaqlar, həm də böyüklər üçün unudulmaz bir səyahətdir. “Sonsuz hekayə” oxucuları xəyal gücünün və inamın gücünə inandırır, onları fantaziya və reallıq sərhədində bir macəraya aparır.
Günün sonunda oxucular bir-birindən fərqli ədəbi dünyaları kəşf edəcək, müzakirələrdə iştirak edərək yeni baxış bucaqları qazanacaqlar. “Əli və Nino” Kitab Klubu bu dəfə də oxucular üçün ədəbiyyatı paylaşmaq və birgə yaşamaq üçün isti və yaradıcı bir mühit təqdim edir.