5 oktyabr 2025-ci il tarixində “Əli və Nino”nun Crescent Mall filialında litvalı yazıçı Evelina Daçiute və illüstrator Ausra Kiudulaite ilə canlı görüş və seminar baş tutdu. Tədbirin əsas mövzusu onların beynəlxalq aləmdə tanınan “Xoşbəxtlik bir tülküdür” (Laime yra lapė) adlı məşhur uşaq kitabı və bu əsərin arxasında duran yaradıcı proses oldu.
Görüşdə müəlliflər kitabın ideyasının necə yarandığını, uşaqlar üçün yazmağın özəlliklərini və litva uşaq ədəbiyyatının müasir vəziyyətini iştirakçılarla bölüşdülər. Seminar həm müəllimlər, uşaq ədəbiyyatı mütəxəssisləri, valideynlər, həm də bu sahəyə maraq göstərən gənc yazarlar üçün faydalı müzakirələrlə yadda qaldı. Qonaqlar iştirakçıların çoxsaylı suallarını cavablandıraraq, yazı prosesinin incəliklərini və beynəlxalq uğurun sirlərini açıqladılar.
Tədbir interaktiv və səmimi atmosferdə keçdi və iştirakçılar üçün motivasiyaedici bir ədəbi görüşə çevrildi. Görüşün sonunda müəlliflər tərəfindən imzalanmış kitablar oxuculara təqdim olundu.