18 yanvar “Əli və Nino” Crescent Mall filialında kitabsevərlər üçün əsl ədəbiyyat gününə çevrildi. Gün ərzində ard-arda keçirilən dörd görüşdə oxucular müxtəlif yaş və dil qruplarında seçilən əsərləri birlikdə müzakirə etdilər.
Uşaq Kitab Klubunda “Harri Potter və Fəlsəfə Daşı” kitabı ətrafında maraqlı söhbətlər aparıldı. Balaca oxucular həm süjet xəttini, həm personajları, həm də dostluq, cəsarət və özünü kəşf etmə mövzularını müzakirə etdilər. Görüş interaktiv formatda keçdi və uşaqlar böyük həvəslə fikirlərini bölüşdülər.
Rusdilli qrupun görüşündə Abraham Vergezənin “Завет воды“ romanı dərin analiz olundu. İştirakçılar əsərin ideya yükünü, insan taleyi, seçimlər, vicdan, tarix və ailə bağları kimi mövzuları geniş şəkildə şərh etdilər. Müzakirə çox zəngin və intellektual atmosferdə keçdi.
İngilisdilli oxucu qrupunda Marcus Aureliusun “Meditations” əsəri müzakirə edildi. Stoik fəlsəfənin əsas prinsipləri, özünüidarə, emosiyalarla işləmək, həyatın çətinliklərinə münasibət və daxili intizam kimi mövzular xüsusi diqqət mərkəzində oldu.
Günün yekun görüşündə isə ümumi kitab klubunun seçimi olaraq Çiməmanda Nqozi Adiçinin “Sarı Günəşin Yarısı” romanı müzakirə edildi. İştirakçılar müharibənin insanlara təsiri, sinfi fərqlər, sevgi və kimlik mövzularını personajların taleyi üzərindən dəyərləndirdilər. Oxucuların emosional reaksiyası və fərqli interpretasiyaları görüşü daha da təsirli etdi.
“Əli və Nino” Kitab Klubu növbəti görüşlərdə də kitabsevərləri bir araya gətirməyə davam edəcək.


