Sentyabr ayı kitabsevərlər üçün əsl ziyafətə çevrilir! “Əli və Nino” Crescent Mall filialında baş tutacaq kitab klubu görüşləri hər yaşda oxucunu əhatə edən seçkilərlə qarşımızdadır. Dörd fərqli görüş, dörd fərqli kitab və bol müzakirə! Bu dəfəki klub görüşləri 28 sentyabr tarixində keçiriləcək və həm uşaqlar, həm gənclər, həm də böyüklər üçün maraqlı müzakirələr və oxu təcrübələri vəd edir.
Günə səhər saat 11:30-da Uşaq Kitab Klubunun görüşü ilə start veriləcək. Görüşdə alman yazıçı Michael Ende-nin məşhur “Momo” əsəri müzakirə olunacaq. Vaxtın əsl mənasını və həyatın dəyərini uşaqlara sadə və sehrli dillə anlatmağı bacaran bu kitab, həm balacaları, həm də valideynləri düşündürəcək.
Saat 13:00-da isə ingilisdilli oxucular üçün xüsusi olaraq təşkil edilən “Ali and Nino” Book Club-un seçimi ilə tanınmış yapon yazıçısı Haruki Murakaminin “Pinball” əsəri müzakirəyə çıxarılacaq. Bu roman Murakaminin erkən dövr yaradıcılığına aiddir və oxucunu onun tanınmış magik realizm dünyasına ilk addımlarla aparır.
Daha sonra, saat 14:30-da keçiriləcək “Əli və Nino” Kitab Klubunun Azərbaycan dilindəki görüşündə klassik alman ədəbiyyatının incisi olan “Gənc Verterin iztirabları” əsəri oxucularla birlikdə analiz olunacaq. Yohan Volfqanq Götenin bu romanı romantizmin ən güclü ifadələrindən biri hesab olunur və sevgi, itki və duyğuların təsir gücünü ustalıqla əks etdirir.
Günün son görüşü isə saat 16:00-da rusdilli oxucular üçün nəzərdə tutulub. Donna Tarttın məşhur “Taynaya istoriya” (Gizli tarix) əsəri intellektual və sirli süjet xətti ilə seçilir. Bu roman gərgin psixoloji hadisələri, cinayət və günah mövzularını dərindən işləyərək oxucunu daim gərginlikdə saxlayır.
Bütün bu görüşlər “Əli və Nino” kitab evinin Crescent Mall filialında, 4-cü mərtəbədə keçiriləcək. Qeydiyyatdan keçmək üçün +994 51 716 59 11 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Kitablar bizi bir araya gətirir, fikirlərimizi zənginləşdirir və yeni dünyaların qapısını açır. Sentyabrın 28-də “Əli və Nino”da bu dünyaları birgə kəşf edək!