Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

25 ən yaxşı “payız kitabı”!

Çoxları hesab edir ki, yay tətilini kitabsız təsəvvür etmək qeyri-mümkündür. Amma məncə əksinə, məhz payız əsl mütaliə fəslidir.

Yayın qızmar günəşi artıq yavaş-yavaş əl-ayağını yığışdırıb öz evinə geri dönür. Əvəzində isə bizi sanki boynumuzu qıdıqlayan, köynəyimizin yaxasından dolub sanki sığal çəkirmiş kimi oxşayan mehriban küləklər qarşılayır. Düzdür, bəzən bu küləklər də qəzəblənir, hirsini bizə tökür, göz yaşlarını yağış edib üstümüzə axıdır, bütün şıltaqlığını nümayiş etdirib sevgimizdən pay alır. Yarpaqlar belə ağaclarından küsüb inciyirlər... Belə havalarda pişiklər belə insanların ayağına qısılaraq isti bir qucaq axtarırlar.

Bax beləcə, payız bizə qonaq gəlir...

Belə nisgil dolu havada adama yalnız təbiəti seyr edə biləcəyi geniş bir pəncərə önü, bir fincan isti qəhvə və oxumaqdan həzz alacağı bir kitab yetərlidir. Alırsan əlinə kitabını və bütün dünyadan, şəhərin səs-küyündən, yağışından-küləyindən “gizlənirsən".

Bu topluda sizə oxuduqca qəlbinizə hərarət yayacaq, payız kimi bir az mehriban, bir az sərt, bir az qayğıkeş, bir az romantik olan  “payız kitabları”nı təqdim edirəm. Nə az, nə çox. Düz 25 ən yaxşı “payız kitabı”!

 

P.S. Kitabları əldə etmək üçün fotoya tıklamağı unutmayın.

 

  1. Anam sənə əmanət (Şin Qyonq-Suq)

İncə və dərin düşüncələrin tərənnümçüsü, yazıçı Şin Qyonq-Suqun şah əsəri hesab edilən ana hekayəsi, ana vasitəsilə danışılan ailə hekayəsi, ən böyük sevgi hekayəsi...

Park Sonyo – ərinə sadiq, övladlarını sevən, dörd uşaq­lı anadır. Bəzən sevilən, bəzən nifrət edilən, bəzən minnətdarlıq hissi duyulub, bəzən də şikayət edilən, ancaq torpaq kimi saf və möhkəm bir ana. Bir gün ehtiyatsızlıq ucbatından itkin düşür. Artıq yaşlı və xəstə olan ana. Seulda yaşayan övladlarına rahat olsun deyə, atalarının ad gününü qeyd etmək üçün kənddən gələrkən, Seul metro stansiyasında ərinin əlini buraxdıqdan sonra heç var olmamış kimi yox olur. Bütün üsullardan istifadə edərək övladları onu axtarmağa çalışır. Yalnız bu hadisədən sonra qədrini bilmədikləri varlığın əslində həyatlarında ən əhəmiyyətli varlıq olduğunu, həmişə onlarla birlikdə olan ananın dəyərini onun boşluğu vasitəsilə başa düşürlər.

Anasına verdiyi sözü tutmayıb arzusunu ürəyində qoyan böyük oğlu, dost kimi güvənsə də, ona qarşı laqeyd olan böyük qızı, istədiyi kimi böyüdə bildiyi kiçik qızı, bütün ömrünü həsr edib qulluğunda durduğu əri ana itdikdən sonra onunla olan acı xatirələri yada salır, danışarkən peşmançılıq çəkirlər. Bir insan, bir qadın. Arzu və ümidlərinə sarılan, gülən, ağlayan, sevinən, sevən, övlad dünyaya gətirib əlindən gələn hər şeyi edərək onları böyüdən insan. Uşaqları utanmasın deyə, başqasına olan sevgisini qəlbində gizlədən bir qadın, bir ana. Nəhayət, ana evə, geri gələ biləcəkmi? Ana geri gəlmək istəyirdimi? Görəsən ana həyatda qalmağı bacarmışdımı? Qəlbinizdə yatan ən dərin hisslərə toxunan dəyərli bir roman.

 

 

 

  1. Tikanlıqda şərqi deyənlər (Kolin Makkalou)

Bir quş haqda əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə, gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir…

 

 

 

 

 

 

 

 

  1. Əlində kitab olan qız (Malala Yusəfzay)

 

 

Malala Yusəfzay Pakistanın şimalında yerləşən Svat dərəsi rayonundan olan bir yeniyetmədir. 2012-ci ilin oktyabr ayında normal dərs gününün sonunda Malala yenə də məktəbdən çıxdı. İmtahan həftəsi idi, Malala test haqda düşünürdü. Testin mövzusu Pakistan təhsili idi. Test çox yaxşı keçmişdi. O məktəbin qapısı ağzında gözləyən məktəb avtobusuna mindi, dostları ilə yanaşı oturacaqda oturdu. 
Avtobus yola düşdü, amma məktəbdən heç 100 metr aralanmamışdı ki, silahlı iki kişi avtobusu saxlatdı. Silahlı kişilər avtobusa girib bağırdı:
– Burda Malala kimdir?
Malalanın  dostları dönüb onun üzünə baxdılar. Kişilərə Malalanın hansı qız olduğunu deməyə ehtiyac olmadı. Onlar onu tanıdılar. Onlardan biri dərhal Malalaya atəş açdı, onu başından vurdu. Silahlılar Malalanın ən yaxın rəfiqələrini – Monibanı və onun məktəb yoldaşları Şazia və Kainatı da yaraladılar.

 

 

 

 

 

  1. Əli və Nino (Qurban Səid)

 

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğründa həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.

Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.

Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır.

 

 

 

 

 

  1. Köhnə bakı (Hüseynqulu Sarabski)

 

 

«Köhnə Bakı» kitabı həyatın hər üzünü görmüş, min-min əzab-əziyyətə mərdliklə sinə gərmiş mübariz bir sənətkarın yanar qəlbinin əks-sədasıdır. H.Sarabskinin xa­tirələri Azərbaycan səhnəsinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq ucbatından bir çox arzularına yetə bilməyən, ancaq özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub getmiş neçə-neçə sənət fədaisi barədə qiymətli, nadir faktlarla zəngindir.
«Köhnə Bakı» adlı bu əsərdə keçmiş Bakının adət-ənənələri, məşğələ və  oyunları, «qəhrəmanları»,  Azərbaycan teatrının o dövrdəki vəziyyəti, ayrı-ayrı sənətkarlar haqqında qiymətli məlumatlar öz əksini tapmışdır.

 

 

 

 

 

  1. Altay və Umay (Niyazi Mehdi)

 

 

 

«Altay və Umay»  68 yaşlı professor Niyazi Mehdinin birinci və özünün dediyinə görə, bəlkə də axırıncı romanıdır. O bu melodramı qəsdən çağdaş «şirin nağıl» janrında yazıb. Müəllif əsəri ilə çox istəyərdi, indiki gəncliyə hansı ideallarla, hansı dəyərlərlə yaşamaq, necə və nədən söhbət etmək üzrə örnəklər göstərsin. Romanda ədəbsizliklə oynayan gənclərin, ateist və dini düşüncəli, millətçi və kosmopolit oğlan və qızların aralarındakı gərginlik göstərilib.  

 

 

 

 

 

  1. Böyük evin kiçik xanımı (Cek London)

 

Cek Londonun “Böyük evin kiçik xanımı” romanı, yazıçının şah əsəridir. Romanın əsas qəhrəmanları – Dik Forrest, Paola və İven Qrehem möhkəm iradəli, hərtərəfli və zahirən gözəl insanlardır. Romanın birinci hissəsində Dikin uşaqlıq illəri, onun şəxsiyyət kimi formalaşması, həyatın çətinlikləri ilə üzləşməsi təsvir olunur. Əsas hissədə zəngin və uğurlu, lakin sadə xasiyyətli Dikin, sevdiyi Paola ilə daha rəngarəng olan həyatından bəhs edilir. Onlar, həyatlarını geniş təsərrüfatlarını idarə etməklə və “Böyük ev” adlandırılan malikanələrində qonaqlar qəbul edib, əyləncələr içində keçirirlər. Lakin Paolanın həyatında məşum görüş baş tutacaq. Artıq bütün qəhrəmanların həyatı əvvəlkindən fərqli məcrada axacaq…
Xəyanət və dürüstlük, ehtiras və sədaqət, sevgi atəşi və dərrakə bir-biri ilə əlbəyaxa olur... Qəlblərin savaşı başlayır...

 

 

 

 

 

  1. Qafqaz günləri (Banin)

 

Fransada yaşayıb-yaradan Banin Bakı milyonçuları Musa Nağıyevlə Şəmsi Əsədullayevin nəvəsidir. 1923-cü ildə ailəsi ilə birlikdə Fransaya köçmüş və orada yaşa­yıb-yaratmışdır. Banin fransızca qələmə aldığı “Qafqaz günləri” əsərinin süjet xəttini tərcümeyi-halı ilə bağlı faktlar əsasında qurmuşdur. 
Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır.  
Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların “milyonçuluğunun” çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.
Bu kitab “Qafqaz günləri”nin tam versiyasıdır.

 

 

 

 

 

 

 

  1. Əcəl zəngi (Ernest Heminquey)

 

 

Ernest Hemingwayin romanları hər zaman bütün dünyanın diqqət mərkəzində olub. "Əcəl zəngi" İspan vətəndaş müharibəsi zamanı dağlarda mübarizə edən bir qrup partizandan bəhs edir.Əvvəllər kilsə zəngləri, toy, xaç suyuna salınma və dəfn mərasimlərilə yanaşı döyüşdə qalibiyyət kimi əhəmiyyətli hadisələri elan etmək üçün istifadə edildi.Əsərdə həmçinin, Heminqueyin öz həyatından müxtəlif elementlərə də rast gəlinir.

 

 

 

 

 

  1. Əbədi ər (Fyodor Dostoyevski)

 

 

 

Dostoyevskinin bu əsəri ilk dəfə 1870-ci ildə “Zarya” jurnalında dərc olunub. Əsərin əsas mövzusu Velçaninovla onun mərhum sevgilisinin sonradan evləndiyi Pavel Pavloviçlə olan qarışıq münasibəti üzərində qurulub. Pavel Pavloviç mənəviyyatca zəif, arvad sözüylə oturub-duran, müəllifin təbirincə desək, işi-peşəsi yalnız kiminsə “əbədi ər”i olmaqdan ibarət olan bir obrazdır. Kitabın əsas tragik qəhrəmanı isə balaca Lizadır. Əslində atası bildiyi Pavloviç qıza hər baxışında arvadının onu başqa kişiylə necə aldatdığını xatırlayır.

 

 

 

 

 

 

  1. Həzz markası (Çak Palanik)

Biz hamımız öz instinktlərimizin köləsiyik. Bunu bilən siyasətçilər, jurnalistlər, marketoloqlar bizi asanlıqla manipulyasiya edirlər. Linus Maksvell belə manipulyatorlardan biridir. Bu çoxüzlü adam kimdir – sənayeçi, alim, filantrop, seks ustası? Dünya bazarlarına ixrac etmək üçün “Həzz markası” seriyasından seks oyuncaqlarının istehsalına başlamaqla o, ictimai ideallara qarşı çıxır, hedonizmi təbliğ və təşviq edir. Hedonizm (həzçilik) təliminə görə, həzz hissi həyatda ən ali məqsəddir. Maksvell erotik həzzi ən yüksək səviyyəyə qaldırıb bu aludəliyini təkmilləşdirir, elmin son nailiyəti olan gözəgörünməz nanohissəciklərdən – nanobotlardan istifadə edib qorxulu layihələrə rəvac verir... 
Kitabda insan anatomiyasının qeyri-adi təfsilatları, intim həzzin böyük spektrdə təsviri sürrealizm səviyyəsində, az qala, qrotesk yanaşma ilə təqdim edilir. Müasir Qərb dünyasının əsaslarını inkar edən Amerika yazıçısı Çak Palanik hər şeyi şübhə altına alır. Amma bu dəfə ən qadağan olunmuş bir mövzuya müraciət edir.

 

 

 

 

 

 

  1. Hippi (Paulo Coelho)

“Kitabda nəql edilən hadisələr mənim də başıma gəlib, özü də dəfələrlə”. Bu gün dünyaca məşhur olan yazıçı Paulo Coelhonun romanı bu sözlərlə başlayır. O vaxt – 70-ci illərdə isə o hələ yazıçı olmağı arzulayırdı, təhlükəli səyahətlərə çıxır, öz qorxuları ilə mübarizə aparırdı, bütün dünyada yayılan hippi hərəkatının azadlıq ruhunu canına çəkirdi. “Gözəgörünməz poçt” möhtəşəm hərəkatlardan və marşrutlardan xəbər verirdi. Yeni biliklər axtarışında olan gənclər mənəvi müəllimlərinin sorağına çıxır, “Hippi cığırları” ilə Maçu-Pikçuya (Peruda qədim şəhər), Tiauanakoya (Boliviyada qədim, sirli şəhər), Lxasaya (Tibetdə vilayət, Lxasa – “Allahların məskəni”) yol alırdı. Romanın qəhrəmanları Paulo və Karla 70 dollara yeni bir “Hippi cığırı” ilə Amsterdamdan (Niderland) Katmanduya (Nepal), macəralarla dolu çox qorxulu bir səfərə çıxırlar. Nədir bu cəsur gəncləri belə uzaq səfərə səsləyən? Başsız bir qəbilə nələr arzulayır? Doğma evlərindən ayrılmağa bunları nə vadar edir? “Əziz ata, mən bilirəm ki, sən istəyirsən, mən oxuyub diplom alım, amma bunu hər vaxt etmək olar, indi isə mənə həyat təcrübəsi lazımdır” – bu həmin gənclərin valideynlərinə yazdığı məktubdur. Gəlin, biz də onlara qoşulub arzuların arxasınca gedək. Uşaqlara xas olan sevinclərin ardınca, o yerlərə gedək ki, orada sən özünü xoşbəxt hiss edirsən, o yerdə ki, hər şey mümkündür, qəlbin də sevgi ilə doludur! 

 

 

 

 

 

 

  1. Dayə (Leila Slimani)

 

 

İki uşaq anası Miryam ərinin narazılığına baxmayaraq, vəkil kabinetində işə başlamaq qərarına gələndə cütlük dayə axtarmağa başlayır. Namizədləri sərt şəkildə ələkdən keçirəndən sonra Luizi işə götürürlər. Dayə tezliklə uşaqların sevgisini qazanır və onların ailə ocağında yavaş-yavaş mühüm yer tutmağa başlayır. Sonradan qarşılıqlı asılılıq tələsi tədricən böyüyərək əsl faciəyə çevrilir.

Gənc cütlüyün, heyrətamiz və müəmmalı dayə personajının təsvirinin altında əslində dövrümüzün özü, onun sevgi və təhsil konsepsiyası, dominantlıq və pul əlaqələri, sinfi və ya mədəni qadağaları yatır. Leyla Slimaninin bəzən örtülü şəkildə poetik çalarlarla işlənmiş quru və kəskin yazı tərzi ilk səhifələrdən oxucuda ovsunlayıcı və intizar dolu gərginlik doğurur.

 

 

 

 

 

 

  1. İnsan vücuduna səyahət (Gavin Francis)

Vücudumuzu yaxından tanıdığımızı zənn etsək də, insan bədəni əslində, çoxumuz üçün kəşf edilməmiş ərazidir. Hansımız qəlbin insan rifahı ilə necə bir bağlantısı olduğunu bilir? Ya da epilepsiya tutmaları beyinə necə təsir edir? Və ya ayaq insanlıq nöqteyi-nəzərindən niyə mühüm rol oynayır? Təltiflərə, mükafatlara layiq görülmüş “İnsan vü­cuduna səyahət” kitabı oxucuları bədənin gizli qalmış cığırlarıyla sirli bir səyahətə çıxararkən, orqanlarımızın möcüzəli iş prinsipini dərk etməyimizdə bizə yol göstərir, istiqamət verir.

Cərrah, təcili tibbi yardım mütəxəssisi və ailə həkimi kimi qazandığı təcrübələrdən yola çıxan Fransis xəstələrinin başına gələnləri tibb tarixi, fəlsəfə və ədəbiyyatla əlaqə­ləndirərək, insan vücudunun xəstəlikdə və sağlamlıqda, ya­şayarkən və ölərkən necə olduğunu izah edir. “İnsan vücuduna səyahət” vücudunuza baxış bucağınızı dəyiş­dirəcək poetik və təsirli bir kitabdır.

 

 

 

 

 

 

 

 

  1. Kimyagər (Paulo Coelho)

Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.

Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.

Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.

 

 

 

 

 

  1. Təhminə və Zaur (Anar)

Bu kitab xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçündür. “Təhminə və Zaur” və ya “Beşmərtəbəli evin altıncı mərtəbəsi” təsirli bir sevgi hekayəsidir. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi...

Azərbaycan Xalq yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rzayev 1938-ci ildə Bakıda anadan olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. 

Yazıçının ən məşhur əsərlərindən biri “Beşmərtəbəli evin altıncı mərtəbəsi”dir. Bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr edilmişdir.

 

 

 

 

 

  1. Mikayıl Müşfiqin Bütün əsərləri

 

Müşfiq çox gənc yaşlarından yaradıcılıq alәminә gəlmiş, hәyatını, taleyini şeirlә bağlamış vә ömrünün sonuna kimi ondan ayrılmamışdır. Çox az da­vam edәn yaradıcılığı әrzindә şairin yazdıqlarını nәzәrdәn keçirdikdә onun mәhsuldarlığına, әmәksevәrliyinә heyrәt etmәyә bilmirsәn. Şeir onun hәyatına elә bil hakim kәsilmişdi. O, bir gün belә olsun bu hakimin iradәsindәn kәnara çıxa bilmir, bir şey yazıb yaratmamış rahat olmur, olmaq istәmirdi.

Müəllifin bir-birindən maraqlı və oxunaqlı şeirləri, poemaları bu külliyyatda öz əksini tapmışdır.Bu kitab Azərnəşr Dövlət nəşriyyatı tərəfindən əvvəllər buraxılmış kitablar əsasında nəşrə hazırlanmışdır.

 

 

 

 

 

 

 

 

  1. Kreyser sonatası (lev Tolstoy)

 

 

 

"Kreyser sonatası" əsərində hadisələr bir qatar səyahətinin təsviri ilə başlayır. Əsərin qəhrəmanı Pozdnışev qatarda olan sərnişinlərin sevgi haqqındakı ümumi söhbətinə qarışır. Özünün gənc qayğısız illərindəki əyləncələrindən, qadınların geyimlərinin kişi istəklərini əldə etmək üçün nəzərdə tutulduğundan, onları ehtiras aləti kimi gördüyünü və eyni zamanda bununla da kişilərə hökm etdiklərini dilə gətirir. Povestin daha sonrakı hissələrində Pozdnışev Tolstoyun haqqında heç bəhs etmədiyi bir sərnişinə həyat hekayəsini danışması ilə davam edir.

 

 

 

 

 

  1. Düşüncə və hissiyyat (Ceyn Ostin)

Britaniya klassik ədəbiyyatının tanınmış simalarından olan Ceyn Ostin realizm janrında yazdığı sadə süjetli, qəhrəmanların qəlbinə dərin psixoloji təması və yüngül ironiyası ilə seçilən əsərlərin müəl­lifidir. 

Bir-birinə qətiyyən bənzəməyən, biri hissləri, digəri isə düşüncə­ləri ilə yaşayan iki bacının qarışıq sevgi münasibətləri və yaşadıqları səs-küylü hadisələrdən bəhs edən «Düşüncə və hissiyyat» o dövrdə də gənc qızların, qadınların marağına səbəb olur və bundan sonra da hələ neçə-neçə nəsillər boyu qadınların bu kitaba marağı itmir. Zadəgan dəvətlərində, ədəbiyyat salonlarında, hətta kənd yerlərində bu roman dillər əzbəri olur.

 

 

 

 

 

 

  1. Həyata HƏ demək (Viktor Frankl)

Dünya şöhrətli alim, avstriyalı həkim psixoterapevt Viktor Franklın bu əsəri ilk dəfə 1946-cı ildə çap edilib, 30 ildən bir qədər çox müddət ərzində 9 milyondan çox nüsxə ilə nəşr olunub. O, ABŞ-da 5 dəfə “ilin kitabı” elan edilərək, 90-cı illərin əvvəllərində, ABŞ-da insanların həyatına ən güclü təsir göstərmiş kitabların siyahısına daxil olub. Əsər Viktor Franklın II Dünya müharibəsi zamanı düşdüyü, qeyri-insani mövcudluğun hökm sürdüyü və sağqalma ehtimalının cüzi olduğu nasist konslagerlərindəki müşahidələri və təəssüratlarından bəhs edir. 

“Psixoloq konslagerdə” – bu kitabın altbaşlığı belədir. Bu hekayə, real hadisələrdən daha çox, təəssüratlar haqqındadır. Kitabın məqsədi – milyonlarla insanın başına gələn­ləri açmaq və göstərməkdir. Əsərdə konslager, burada bəhs olunanların hamısını şəxsən öz üzərində təcrübədən keçirmiş bir insanın nəzər nöqtəsindən göstərilir. Bu kitab konslagerlərin yetərincə danışılmış qlobal dəhşətlərini deyil, əzab dolu düşərgə həyatının məhbusun mənəvi vəziy­yətinə təsirini əks etdirir. 

Kitaba həm də Franklın “Birkenvaldda sinxronlaşdırma” adlı fəlsəfi pyesi də daxil edilib.

 

 

 

 

  1. Quyucaqlı Yusuf (Səbahəddin Əli)

 

 

 

 

Bu mənasız həyatda tək bir şeyə həqiqətən inanırdı, bu da həyat yoldaşı idi. Müəzzəzin varlığı Yusif üçün böyük, boşluqları dolduracaq qədər mahiyyət kəsb etmirdi, amma yoxluğu təsirli idi. Onun bu qədər səbəbsiz yerə, insafsızcasına Yusifə əziyyət verməsi Yusif üçün acı idi. Həyatında axtardığı əsas şeyin Müəzzəz olmadığını bilirdi, amma Müəzzəz olmadan da təkbaşına mümkünsüz olduğunu düşünürdü . Quyucaqlı Yusif Türk ədəbiyyatının bəlkə də ən romantik qəhrəmanıdır. Əsər ilk dəfə 1937- ci ildə çap edilmişdir.

 

 

 

 

 

  1. Eşq (Elif Şafak)

Eşqin heç bir əlamətə və təyinə ehtiyacı yoxdu.Azad dünyadı eşq.Ya düz ortasında mərkəzindəsən,ya da ki eşiyində həsrətində…

Qırx yaşlı Ella Rubinsteyn amerikalı evdar xanımdır. Tipikburjua dəyərlərinin hökmran olduğu zəngin bir ailəsi, qaydasında gedən və görüntü olaraq “problemsiz” görünən bir evliliyi var. Üç övladını böyütdükdən sonra nəşriyyatda redaktor köməkçisi olaraq işə başlayır. İlk işi isə A.Z.Zahara adlı tanınmayan bir yazarın sufizm fəlsəfəsi mövzusunda olan tarixi romanını dəyərləndirməkdir. Lakin həyatının çox çətin bir mərhələsində əlinə aldığı bu kitab gözləmədiyi tərzdə Ellaya təsir edəcək və o, dünyavi eşqi kəşf etmək kimi çətin və təhlükəli səfərə çıxacaq.
«Eşq» romanı kitab içində bir kitab, həyatın mənasını dərk etmək yolundakı eşq macərasıdır. «Eşq» Əlif Şəfəqin axtarış, gerçəklik və kəşfetmə istiqamətində bir romanıdır.

 

 

 

 

 

  1. Min möhtəşəm günəş (Xalid Hüseyni)

 

Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.

Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.

“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.

 

 

 

 

  1. Orada olacaqsanmı? (Guillaume Musso)

 

Hər bir kəs həyatında ən azından bir dəfə də olsa özünə bu sualı vermişdir: əgər bizə keçmişə qayıtmaq kimi bir şans verilsəydi, həyatımızda nəyi dəyişərdik? Əgər nəyisə dəyişmək şansımız olsaydı, hansı səhvləri bir daha etməməyə cəhd göstərərdik? Hansı ağrını, hansı vicdan əzabını, hansı peşmançılıq hissini həyatımızdan silməyə çalışardıq? Həqiqətən də biz həyatımıza yeni bir rəng, yeni bir məna qata bilərdikmi? O zaman biz necə bir insan olardıq? Harada olardıq? Kiminlə olardıq?

 

 

 

 

 

  1. Yeni bir dəqiqəlik menecer (Ken Blanchard,PhD Spencer Johnson,MD)

Onilliklər boyu, “Bir dəqiqəlik menecer” milyonlarla adama professional və şəxsi həyatında uğur qazanmağa kömək edib. Onun istinad etdiyi prinsiplər dəyişməsə də kitabın ilk nəşrindən bəri keçən dövrdə dünyamız əsaslı surətdə dəyişmişdir. Texnologiyanın eksponensial şəkildə dəyişməsi, bazarların qlobal tarazlaşması, ani rabitə əlaqəsi imkanları və maddi ehtiyatlar, maliyyə, işçi qüvvəsi də daxil olmaqla, az məsrəflə çox iş görmək üçün korporativ iş faktorlarına göstərilən təzyiqlər yaşadığımız və işlədiyimiz dünyanı inqilabiləşdirib.
Bu dəfə Ken Blanşar və Spenser Conson kitabın güclü, vacib dərslərini yeni nəsilə təqdim etmək üçün “Bir dəqiqəlik menecer”i  yenidən işləyiblər. Onlar yığcam, asan oxunan hekayət əsasında başqalarını idarə etməyin üç praktik sirrini oxuculara öyrədir və bu metodların niyə belə yaxşı işlədiyini izah edirlər.
Bu gün də gənc oğlanın effektiv menecer axtarışı haqqında bu klassik pritça otuz il əvvəl olduğu qədər aktual və faydalıdır.  

 

 

 

 

 

Qeyd: Bütün kitabları, həmçinin daha çox seçimi sizi bütün "Əli və Nino" mağazalarından, həmçinin www.alinino.az saytından əldə edə bilərsiniz.

 

 

Müəllif:  Lalə Rəhmanova