Seyid Əzim Şirvani
XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olub.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycan türkcəsində, digəri isə farsca olimaqla iki böyük külliyyatdan ibarətdir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr də var.
Şairin erkən yaradıcılığının çox hissəsini qəzəllər təşkil edir. Həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur.
S.Ə.Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. Məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır.
S.Ə.Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.
Zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizdə görkəmli yer tutan S.Ə.Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib.
Seyid Əzim Şirvaninin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.